YAŞIL DÜNYAMIZI QORUYAQ

16 Sentyabr 2024, 20:09
YAŞIL DÜNYAMIZI QORUYAQ
YAŞIL DÜNYAMIZI QORUYAQ

İlk dərs günündə məktəblilər bütün dünyaya səsləndilər
 

Bu gün Azərbaycanda 2024-2025-ci tədris ilinin ilk dərs günüdür. Yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrinə I siniflərə 132, məktəbəhazırlıq qruplarına isə 89 mindən çox uşaq qəbul olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 513 min 698 şagirdin təhsil alacağı gözlənilir. "Böyük qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə də təhsil müəssisələri bərpa olunub.  2024-2025-ci tədris ilində Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıtın ümumtəhsil məktəblərində isə ümumilikdə 61766 sagird  təhsil alacaq.

“Bilik günü” Sumqayıt şəhər Vaqif İbrahim adına 35 saylı orta məktəbdə də geniş qeyd olunub. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Nüşabə Həsənova yeni tədris ilində qarşıya qoyulan hədəflərdən və təhsil sahəsində aparılan islahatlardan söz açıb. Çıxışlardan sonra şagirdlərin hazırladıqları musiqi nömrələri və rəqslər  nümayiş etdirilib. Siniflərdə isə ilk dərs “Ümumi təhsil müəssisələrində 2024–2025-ci tədris ilinin təşkili barədə” müvafiq əmrə əsasən, “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub.

İbtidai sinif müəllimi Fatimə Həşimovanın rəhbərliyi altında 2d sinifində “Yaşıl dünyamızı qoruyaq” mövzusu ilə bağlı tədbir baş tutub. Müəllim şagirdlərlə söhbətində Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini və həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparıldığını vurgulayıb. Tədbir şagirdlərin sözügedən mövzu ilə bağlı hazırladıqları rəsm əsərlərinin və kompozisiyaların nümayişi ilə davam edib.

 

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bununla yanaşı, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən olunub.