“Berkshire Hathaway”in baş icraçı direktoru Uorren Baffet sərvətindən asılı olmayaraq bütün valideynlərə tövsiyə edib ki, tərtib etdikləri vəsiyyətnaməni imzalamadan əvvəl onu uşaqlarına oxutsunlar.“Əmin olun ki, uşaqlarınız həm qərarlarınızın arxasında duran məntiqi, həm də sizin ölümünüzdən sonra üzləşəcəkləri məsuliyyəti başa düşürlər. Kiminsə sualı və ya təklifi varsa, onları diqqətlə dinləyin və ağlabatan hesab etdiyiniz qərarı qəbul edin”, – milyarderin yazdığı məktubda deyilir.
Baffetin fikrincə, uşaqların valideynlərə sual vermək imkanı olsa, daha yaxşı olar. Sərvəti 150 milyard dollar olaraq qiymətləndirilən Baffetin özünün iki qızı və bir oğlu var: Suzi Baffetin 71 yaşı var və o, məktəbəqədər təhsilin inkişafı ilə məşğul olan “Sherwood” fonduna rəhbərlik edir. 66 yaşlı Hovard Baffet məqsədi ərzaq təhlükəsizliyini təmin etmək və hərbi münaqişələrin nəticələrini yumşaltmaq olan şəxsi fondunu idarə edir. 66 yaşlı Piter Baffet isə ABŞ-də yerli xalqlara dəstək verən “NoVo” fonduna rəhbərlik edir.
Baffet illər ərzində qısqanclıq və uşaqlıq şikayətləri gücləndikcə vərəsələrin çaşqın və bəzən qəzəbli olduğu zaman bir çox ailələrin parçalandığını müşahidə etdiyini deyir. CNBC-yə müsahibə verən ekspertlər milyarderin haqlı olduğunu düşünürlər. Onların fikrincə, əgər miras uşaqlar arasında bərabər bölünmürsə, valideynlər bunun səbəbini izah etməlidirlər.
“Əgər bir uşağın maliyyə vəziyyəti digərindən daha yaxşıdırsa, onunla daha az payla kifayətlənə biləcəyini müzakirə edə bilərsiniz”, – deyə “Life Planning Partners”in təsisçisi Kerolin MakKlanahan bildirir.
İyun ayında Baffet WSJ-yə verdiyi açıqlamada pulunun böyük hissəsini xüsusi yaradılmış fonda verəcəyini, onun himayədarlarının isə övladları olacağını söyləyib. Pulun hansı xeyriyyə təşkilatlarına gedəcəyinə də onlar qərar verəcəklər.
Milyarder 2006-cı ildən bəri hər il beş xeyriyyə təşkilatına ianə edir. Bir gün əvvəl o, “Berkshire” səhmlərinin 1.2 milyard dollarını xeyriyyəçiliyə bağışlayacağını açıqlayıb.