İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov noyabrın 4-də Milli Məclisin komitə iclasında bildirib ki, dəyişikliklər layihəsi artıq parlamentə təqdim edilib. Sənəddə yerli istehsalın, xidmət ixracının, turizmin və kiçik sahibkarlığın təşviqi, eləcə də bir sıra mövcud vergi güzəştlərinin müddətinin uzadılması nəzərdə tutulur.
Lakin 2027-ci il üçün gözlənilən bütün dəyişikliklər yeni təklif deyil. Məsələn, özəl sektorda əməkhaqqından tutulan gəlir vergisinin artırılması mexanizmi hələ 2025-ci ildə hazırlanıb və 2026-cı ildən mərhələli tətbiq olunur.
Əməkhaqqından tutulan vergi 3 faizdən 5 faizə yüksələcək
2027-ci ildə işçilərin gəlirlərinə birbaşa təsir göstərəcək dəyişikliklərdən biri qeyri-neft-qaz sektorunun özəl bölməsində əməkhaqqından tutulan gəlir vergisi ilə bağlıdır.
2019–2025-ci illərdə bu sektorda aylıq 8 min manatadək əməkhaqqı gəlir vergisindən azad edilmişdi. Yeddiillik güzəşt müddəti başa çatdıqdan sonra 2026-cı ilin yanvarından vergi mərhələli şəkildə tətbiq olunmağa başladı.
Hazırda aylıq vergi tutulan gəliri 2 500 manatadək olan işçilərə 3 faizlik dərəcə tətbiq edilir. 2027-ci il yanvarın 1-dən bu dərəcə 5 faizə, 2028-ci ildən isə 7 faizə yüksələcək.
Aylıq vergi tutulan gəlir 2 500–8 000 manat olduqda 2027-ci ildə hesablanan vergi 125 manat və 2 500 manatdan yuxarı hissənin 10 faizi qədər olacaq. Gəlir 8 000 manatı keçdikdə isə 675 manat və həmin həddi aşan hissənin 14 faizi tətbiq ediləcək.
Aylıq gəliri 2 500 manatadək olan şəxslər üçün 200 manatlıq vergidən azadolma saxlanılır.
Məsələn, aylıq 1 500 manat əməkhaqqı alan və bu güzəştdən yararlanan işçinin gəlir vergisi 2026-cı ildə 39 manatdır. 2027-ci ildə həmin məbləğ 65 manata yüksələcək. Bu, aylıq 26 manat, illik hesabla 312 manat əlavə vergi deməkdir.
Beləliklə, 2025-ci ildə bu gəlir üzrə vergi sıfır olduğu halda, 2026-cı ildə 39 manat, 2027-ci ildə isə 65 manat olacaq.
Fermerlərin 100 faizlik vergi azadolması məhdudlaşdırılır
Yeni paketdə diqqət çəkən dəyişikliklərdən biri kənd təsərrüfatı ilə bağlıdır.
Uzun illərdir aqrar sektorda tətbiq edilən gəlir və mənfəət vergisindən tam azadolmanın 2027-ci ildən məhdudlaşdırılması təklif olunur.
Layihəyə əsasən, 100 faizlik azadolma 90 faizlik güzəştlə əvəz ediləcək. Yeni mexanizm 2027-ci il yanvarın 1-dən beş il müddətinə nəzərdə tutulur.
Bu, müvafiq şərtlərə cavab verən kənd təsərrüfatı istehsalçılarının gəlir və ya mənfəətinin əvvəlki kimi tam deyil, 90 faizlik hissəsinin vergidən azad edilməsi deməkdir.
Bundan başqa, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin təsisçilərinə ödənilən dividendlər üzrə mövcud azadolmanın müddətinin uzadılması nəzərdə tutulmur. Nəticədə belə dividend gəlirlərinə, ümumi azadolmalar nəzərə alınmaqla, 5 faizlik vergi tətbiq edilə bilər.
Bununla belə, aqrar sahədə sadələşdirilmiş vergi üzrə tam azadolmanın müəyyən şərtlərlə daha beş il saxlanılması təklif edilir. Güzəştlərdən istifadə üçün istehsalçıların Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olması və müvafiq gəlirlərini bəyan etməsi tələb olunacaq.
Aqrar sektorda digər dəstək tədbirləri də nəzərdə tutulur. Heyvandarlıq təsərrüfatları üzrə müəyyən gəlirlərə 50 faizlik güzəşt, kökəltmə məqsədilə heyvan idxalına ƏDV güzəşti, həmçinin traktorlar və müvafiq ehtiyat hissələri üzrə vergi və gömrük güzəştləri paketdə yer alır.
Taksi sürücüləri gəlirlərinin 1 faizini ödəyəcəklər
Taksi fəaliyyətinin vergiyə cəlb edilməsi qaydası da dəyişdirilə bilər.
Hazırda taksi sürücülərinin sadələşdirilmiş vergisi nəqliyyat vasitəsi üzrə regionlardan asılı olan sabit məbləğlər əsasında hesablanır. Buna görə də yüksək dövriyyə ilə işləyən sürücü ilə məhdud sayda sifariş yerinə yetirən sürücünün vergi öhdəliyi faktiki gəlirlər arasındakı fərqi tam əks etdirmir.
Yeni layihədə sifariş operatorları vasitəsilə çalışan taksi sürücülərinin gəlirlərindən 1 faiz sadələşdirilmiş vergi tutulması təklif olunur.
Bu model qəbul edilərsə, operatorlar üzərindən rəsmiləşdirilən sifarişlər üzrə vergi faktiki gəlirə bağlanacaq. Məsələn, bu qaydanın şamil edildiyi fəaliyyətdən 2 min manat gəlir əldə edildikdə, 1 faizlik vergi 20 manat təşkil edəcək.
Kuryerlər üçün aylıq 15 manat sabit vergi müəyyənləşdirilir
Kuryer fəaliyyəti ilə fərdi qaydada məşğul olan şəxslər üçün də ayrıca mexanizm nəzərdə tutulur.
Layihəyə görə, muzdlu işçi cəlb etmədən fəaliyyət göstərən kuryerlər aylıq 15 manat sabit sadələşdirilmiş vergi ödəyə biləcəklər.
Təklif avtomobil, motosiklet, velosiped və digər vasitələrlə fərdi çatdırılma xidməti göstərən şəxslərin vergi uçotunun sadələşdirilməsinə yönəlib.
Burada əsas şərt kuryerin fəaliyyəti fərdi qaydada, muzdlu işçi cəlb etmədən həyata keçirməsidir.
Yükdaşıma sahəsində də dəyişiklik nəzərdə tutulur. Ölkədaxili yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər üçün müəyyən şərtlərlə beşillik dövrdə 8 faizlik sadələşdirilmiş vergi mexanizminə keçid imkanı təklif olunur.
Kiçik biznesə 25 faizlik vergi güzəşti veriləcək
Vergi dəyişiklikləri paketində kiçik sahibkarlıq subyektlərinə də xüsusi yer ayrılıb.
Layihəyə əsasən, kiçik sahibkarlıq kateqoriyasında ən azı iki il fəaliyyət göstərən və müəyyən tələbləri yerinə yetirən müəssisələrə hesablanmış gəlir və ya mənfəət vergisinin 25 faizi həcmində güzəşt tətbiq olunacaq.
Güzəşt beş il müddətinə nəzərdə tutulur.
Bu imkandan yararlanmaq üçün sahibkarın vergi borcunun olmaması, dövriyyəsinin əvvəlki illə müqayisədə 30 faizdən çox azalmaması və vergi ili ərzində əmək münasibətlərinə dair müəyyən edilmiş şərtləri pozmaması tələb edilir.
Məsələn, şərtlərə cavab verən müəssisənin hesablanmış mənfəət vergisi 20 min manatdırsa, 25 faizlik güzəşt nəticəsində bu məbləğ 15 min manata enə bilər.
Təklifin diqqət çəkən cəhəti güzəştin yalnız yeni yaranan müəssisələrə deyil, artıq müəyyən müddət kiçik sahibkarlıq kateqoriyasında fəaliyyət göstərən bizneslərə də yönəlməsidir.
Gözəllik salonlarında nağd və nağdsız ödənişlərə fərqli vergi tətbiq olunacaq
Gözəllik xidmətləri göstərən sahibkarlar üçün nağd və nağdsız dövriyyəyə fərqli dərəcələrlə sadələşdirilmiş vergi tətbiq edilməsi nəzərdə tutulur.
Təklifə görə, beş il müddətinə nağd dövriyyədən 8 faiz, nağdsız dövriyyədən isə 6 faiz vergi hesablana biləcək.
Bundan əlavə, ƏDV ödəyicisi olan gözəllik xidməti müəssisələrinin POS-terminal vasitəsilə formalaşan nağdsız dövriyyəsinin 50 faizinin ƏDV tutulan ümumi dövriyyədən çıxılması təklif edilir.
Beləliklə, yeni mexanizmdə nağdsız ödənişlərin vergi baxımından daha əlverişli olması nəzərdə tutulur.
İctimai iaşə müəssisələri üçün də ayrıca dəyişiklik hazırlanıb. Dövriyyəsinin 200 min manatı keçməsi sonradan müəyyən edilən restoran və kafelərin müəyyən prosedur müddətlərinə əməl edə bilməməsi səbəbindən 8 faizlik sadələşdirilmiş vergi hüququnu itirməsinin qarşısının alınması təklif olunur.
Eyni zamanda, müxtəlif fəaliyyət növləri üzrə gəlir və xərclərin ayrıca uçotu aparıldıqda, müvafiq sadələşdirilmiş vergi hüququnun saxlanılması imkanı nəzərdə tutulur.
Hotel və sanatoriyalara beşillik güzəşt gəlir
Turizm sektorunda gəlir və mənfəət vergisi üzrə yeni güzəşt müəyyənləşdirilir.
Layihəyə görə, hotel və sanatoriyaların Azərbaycana turist kimi gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərdikləri xidmətlərin ümumi dövriyyədəki payına uyğun gəlir və mənfəət hissəsi vergidən azad ediləcək.
Güzəştin yuxarı həddi 50 faiz, tətbiq müddəti isə beş il olacaq.
Məsələn, hotelin dövriyyəsinin 40 faizi xarici turistlərə göstərilən xidmətlər hesabına formalaşırsa, müvafiq gəlir və mənfəət üzrə azadolma da həmin paya uyğun hesablana bilər.
Burada 50 faizlik hədd bütün hotellərə avtomatik tətbiq olunan güzəşt deyil. Konkret məbləğ xarici turistlərdən formalaşan dövriyyənin xüsusi çəkisindən asılı olacaq.
Bu dəyişiklik xarici turistlərə xidmət göstərən müəssisələrlə daha çox daxili turizm hesabına çalışan müəssisələr arasında vergi güzəştinin həcminə görə fərq yaradacaq.
İkinci əl mənzil və avtomobil satışında ƏDV dəyişir
Əmlak və avtomobil ticarətində ən mühüm yeniliklərdən biri ƏDV-nin hesablanması üsulu ilə bağlıdır.
Hazırda ƏDV ödəyicisi olan şirkət vətəndaşdan mənzil alıb yenidən satarkən, müəyyən hallarda ƏDV-ni ümumi satış qiymətindən hesablamalı olur.
Yeni layihədə bina tikintisi ilə məşğul olan və ya mənzil bazarında fəaliyyət göstərən ƏDV ödəyicilərinin vətəndaşlardan nağdsız qaydada aldıqları mənzillərin təkrar satışı zamanı ƏDV-ni yalnız ticarət əlavəsindən hesablaması təklif olunur.
Mexanizm üç il müddətinə nəzərdə tutulur.
Məsələn, şirkət vətəndaşdan 150 min manata mənzil alaraq onu 170 min manata satarsa, təklif edilən qayda çərçivəsində ƏDV bazası bütöv 170 min manat deyil, müvafiq şərtlərlə 20 min manatlıq ticarət əlavəsi olacaq.
Bənzər dəyişiklik ikinci əl avtomobil bazarı üçün də təklif edilir. Rəsmi dilerlərdə istehsal tarixindən beş ildən artıq vaxt keçməyən və yalnız nağdsız alınmış ikinci əl avtomobillərin təkrar satışında ƏDV-nin üç il müddətinə ticarət əlavəsindən hesablanması nəzərdə tutulur.
Hər iki güzəşt bazardakı bütün fərdi alqı-satqılara deyil, layihədə göstərilən vergi ödəyicilərinin müəyyən şərtlərə uyğun əməliyyatlarına aiddir.
Sökülən evlərin əvəzinə verilən mənzillərə vergi güzəşti
Şəhərsalma və yenidənqurma layihələri ilə əlaqədar əmlakın kompensasiya qaydasında dəyişdirilməsi zamanı yaranan vergi məsələlərinə də yenidən baxılır.
Layihəyə əsasən, sökülən binanın əvvəlki mülkiyyətçisinə onun əvəzinə yeni tikilidə verilən yaşayış və ya qeyri-yaşayış sahəsinin müəyyən şərtlərlə vergiyə cəlb edilən gəlir hesab olunmaması təklif olunur.
Məqsəd əvvəlki əmlakın əvəzinə verilən sahənin sırf mülkiyyətin əvəzləşdirilməsi əməliyyatı olmasına baxmayaraq əlavə vergi öhdəliyi yaratmasının qarşısını almaqdır.
Vətəndaşlara nağdsız alış-verişə görə 0,9 faiz geri qaytarılacaq
İstehlakçılar üçün nəzərdə tutulan yeniliklərdən biri mövcud “ƏDV geri al” sisteminə bənzəyən yeni mexanizmdir.
Layihəyə əsasən, ƏDV qeydiyyatında olmayan, sadələşdirilmiş və ya gəlir/mənfəət vergisi ödəyicisi olan sahibkarlardan müəyyən fəaliyyət sahələri üzrə nağdsız alış-veriş edən fiziki şəxslərə əməliyyat məbləğinin 0,9 faizi geri qaytarılacaq.
Bunun üçün alış-verişin müvafiq nəzarət-kassa aparatı çeki ilə rəsmiləşdirilməsi və əməliyyatın qanunda nəzərdə tutulan şərtlərə uyğun olması tələb edilir.
Məsələn, uyğun alış-veriş üzrə 100 manat xərcləyən vətəndaş 90 qəpik, 1 000 manat xərcləyən isə 9 manat geri ala biləcək.
Bu mexanizm hər mağazada və bütün mallar üzrə tətbiq ediləcək universal keşbek deyil. ƏDV ödəyicilərindən alışlar, nağd əməliyyatlar və qanunla istisna edilən mallar həmin yeni qaydanın əhatəsinə daxil olmayacaq.
Qazlı içkilər və çipsiyə yeni aksiz vergisi gəlir
2027-ci ildə istehlak bazarına təsir göstərə biləcək dəyişikliklərdən biri müəyyən qida məhsullarının aksizli mallar siyahısına daxil edilməsidir.
Layihəyə əsasən, ölkə daxilində istehsal olunan şirinləşdirilmiş mineral və qazlı içkilərin hər litrinə 10 qəpik aksiz vergisi tətbiq edilməsi təklif olunur.
Bundan başqa, çipsinin yerli istehsalı üzrə hər kiloqrama 1 manat aksiz nəzərdə tutulur.
Aksiz istehsal mərhələsində hesablanan vergi olduğundan onun son istehlak qiymətlərinə hansı həcmdə təsir edəcəyi istehsalçıların qiymət siyasətindən, bazar rəqabətindən və vergi yükünün hansı hissəsinin alıcıya ötürülməsindən asılı olacaq.
Beləliklə, yeni aksizlərin avtomatik olaraq hər litr içkini 10 qəpik və ya hər kiloqram çipsini 1 manat bahalaşdıracağını indidən söyləmək düzgün olmaz.
Vergi borcuna hesablanan gündəlik faiz yarıya endirilir
Vergi intizamı ilə bağlı qaydalarda isə sahibkarların maliyyə yükünü azalda biləcək dəyişikliklər təklif edilir.
Hazırda vergilərin gec ödənilməsinə görə hər gecikdirilmiş gün üçün borcun 0,1 faizi həcmində faiz hesablanır.
2027-ci ildən bu göstəricinin 0,05 faizə endirilməsi nəzərdə tutulur.
Məsələn, 2 min manatlıq vergi borcunun ödənilməsi 30 gün gecikdikdə, mövcud qaydaya əsasən 60 manat faiz hesablanır. Təklif qəbul edilərsə, eyni şəraitdə həmin məbləğ 30 manat olacaq.
Digər yenilik maliyyə sanksiyalarına aiddir. Layihəyə görə, tətbiq edilmiş maliyyə sanksiyası 10 iş günü ərzində ödənildikdə onun məbləğinə 10 faizlik güzəşt veriləcək.
Kirayə gəlirləri və vergi rezidentliyi üçün yeni qaydalar
Fiziki şəxslərin kirayə gəlirlərinin vergiyə cəlb olunması da dəyişdirilə bilər.
Yeni təklifə görə, əmlakını kirayəyə verən fiziki şəxs vergi uçotuna alınaraq bəyannamə təqdim etməklə həmin fəaliyyətdən əldə etdiyi gəlirdən sənədlə təsdiqlənən xərclərini çıxmaq və vergini müvafiq qaydada hesablamaq hüququ qazanacaq.
Bu, kirayə fəaliyyətində ümumi gəlirlə faktiki qazanc arasında fərqin vergi hesablamasında nəzərə alınması imkanı yarada bilər.
Vergi rezidentliyi meyarlarının genişləndirilməsi də nəzərdə tutulur. Hazırda fiziki şəxsin təqvim ili ərzində Azərbaycanda 182 gündən artıq olması əsas meyarlardan biridir.
Yeni layihə ardıcıl iki il ərzində ölkədə ümumilikdə 270 gündən çox, hər ilin özündə isə 90 gündən artıq olan şəxslərin də vergi rezidenti sayılmasını təklif edir.
Bu dəyişiklik xüsusilə Azərbaycanla digər ölkələr arasında tez-tez hərəkət edən, lakin bir təqvim ilində mövcud gün həddini keçməyən şəxslər üçün əhəmiyyət daşıya bilər.
Bir sıra ƏDV güzəştləri daha üç il saxlanılacaq
Yeni paket təkcə əlavə vergilər və məhdudlaşdırılan güzəştlərdən ibarət deyil.
Layihədə buğdanın idxalı və satışı, un və çörəyin istehsalı və satışı, heyvan və quş ətinin satışı, kəpək, yem və yem əlavələri, müəyyən tibbi xidmətlər, eləcə də elektrik avtomobilləri üçün ikinci və üçüncü səviyyə enerji doldurma qurğularının idxalı və satışı üzrə mövcud ƏDV güzəştlərinin daha üç il uzadılması nəzərdə tutulur.
İcbari tibbi sığorta vəsaiti hesabına göstərilən xidmətlər və tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrinin müəyyən xidmətləri də bu çərçivəyə daxildir.
Əvvəlki illərdə də bu sahələrdə vergi güzəştləri əsasən müəyyən müddətə tətbiq olunur və müddət başa çatdıqda yenidən nəzərdən keçirilirdi. 2027-ci il paketində həmin yanaşma davam etdirilir.

