Niderlandın "ING Group"u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 2,2 %, 2025-ci ildə 4,7 %, 2026-cı ildə isə 4,5 % səviyyəsində olacağını proqnozlaşdırır.
Bu barədə "Report" şirkətin açıqladığı proqnozlara istinadən xəbər verir ki, əvvəki aydakı gözləntilərə nisbətən bu il və 2025-ci il üçün açıqlanan yeni proqnoz 0,7 faiz bəndi, 2026-cı il üçün 0,3 faiz bəndi artıb.
Proqnozlara əsasən, 2024-cü ilin üçüncü rübündə Azərbaycanda orta illik inflyasiya 3,2 %, dördüncü rübdə 4,5 % səviyyəsində gözlənilir.
2025-ci ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 5,5 %, ikinci rübdə 5,9 %, üçüncü rübdə 4 %, dördüncü rübdə isə 3,6 % nəzərdə tutulub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında istehlak qiymətləri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 %, iyul ayında ötən ilin eyni ayına nisbətən 2,7 %, bu ilin iyun ayına nisbətən 0,9 % artıb.
İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 2,7 %, 2025-ci ildə 4,9 % olacağını gözləyir. Azərbaycan Mərkəzi Bankı 2024-cü ilə inflyasiya proqnozunu (iyul proqnozu: 2024-cü ilə 5,4 % və 2025-ci ilə 5,5 %) artırıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5,9 % təşkil edəcək, 2025-ci ildə 3,9 %-dək azalacaq.
Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda orta illik inflyasiyanın 3,5 %-ə qədər azalacağını, 2025-ci ildə 5 %, 2029-cu ildə isə 4 % səviyyəsində olacağını proqnozlaşdırır.
Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda illik inflyasiya 2024-cü ildə 3 %, 2025-ci ildə 3,5 %, 2026-cı ildə 4 % təşkil edəcək. Orta illik inflyasiya isə ortamüddətli perspektivdə 2,2 % səviyyəsində gözlənilir.
Asiya İnkişaf Bankının (ADB) proqnozlarına görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5,5 % təşkil edəcək, 2025-ci ildə isə 6,5 %-dək yüksələcək.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin 2024-2027-ci illərdə Azərbaycanda inflyasiya ilə bağlı gözləntiləri isə 3 % səviyyəsindədir.