IMF Azərbaycana maliyyə nəzarətini gücləndirməyi və Mərkəzi Bankın müstəqilliyini artırmağı tövsiyə edir

28 Aprel 2025, 23:57
IMF Azərbaycana maliyyə nəzarətini gücləndirməyi və Mərkəzi Bankın müstəqilliyini artırmağı tövsiyə edir
IMF Azərbaycana maliyyə nəzarətini gücləndirməyi və Mərkəzi Bankın müstəqilliyini artırmağı tövsiyə edir

Azərbaycanın maliyyə sektoru son on ildə islahatlar sayəsində əhəmiyyətli dərəcədə güclənib, lakin hələ də bir sıra struktur zəiflikləri qalmaqdadır.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) 2015-ci ildə apardığı analoji qiymətləndirmə ilə müqayisədə daha sabit makromaliyyə mühiti fonunda hazırladığı yeni Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramında (FSAP) bildirilib.

IMF analitiklərinin qiymətləndirməsinə görə, Azərbaycan iqtisadiyyatı iki böyük tənəzzüldən – 2015-ci ildə qlobal neft qiymətlərinin düşməsi və 2020-ci ildə COVID-19 pandemiyasından sıyrılıb. Ölkənin strateji valyuta ehtiyatları son on ildə iki dəfə artaraq 2025-ci ilin 1 aprel tarixinə 73,766 milyard ABŞ dollarına çatıb, genişmiqyaslı islahatlar isə bankların üstünlük təşkil etdiyi maliyyə sisteminin “sağlamlaşdırılmasına” kömək edib.

“2019-cu ildə maliyyə sektorunun tənzimlənməsinin yenidən Azərbaycan Mərkəzi Bankına (AMB) verilməsi islahatların gündəliyini gücləndirib. Yeni qaydalar və makroprudensial tədbirlər tətbiq edilib, prudensial tələblər, korporativ idarəetmə normaları və risklərin idarə edilməsi standartları sərtləşdirilib. Banklar 2015-2016-cı illərdəki böhranından dərs çıxarıblar və bu, kapitalın adekvatlıq əmsalının artmasına və valyuta risklərinin azalmasına səbəb olub”, - IMF qeyd edir.

Bununla belə, əldə edilən davamlılığa baxmayaraq, maliyyə sektorunda zəifliklər qalmaqdadır. IMF bankların neft gəlirləri ilə bağlı korporativ depozitlərdən yüksək asılılığını, dollarlaşmanın yüksək səviyyədə davam etməsini və kredit risklərinin yüksək konsentrasiyasını əsas risklər hesab edir. Təminatsız istehlak kreditlərinin sürətli artımı da dövri risklərin potensial mənbəyidir.

“Azərbaycanın bank sistemi ümumən ciddi xarici şoklara davamlıdır, lakin ayrı-ayrı bankların hələ də zəif tərəfləri var. Ödəmə qabiliyyətinin stress-testləri göstərdi ki, banklar həm baza, həm də stress ssenarilərində orta hesabla adekvat kapital səviyyələrini qoruyub saxlayırlar. Fərz edilən ağır ssenaridə bank sektorunun məcmu tənzimlənən kapital əmsalı əsasən kredit riski ilə əlaqədar olaraq 4,5 %-ə qədər azala bilər. Belə bir əlverişsiz şəraitdə 23 bankdan 8-i (sistemin aktivlərinin 35 %-ni təşkil edir) minimum kapital tələblərini poza bilər ki, bu da ümumi daxili məhsulun təxminən 0,5 %-i həcmində kəsirə gətirib çıxara bilər”, - fond qeyd edir.

Likvidlik stress-testləri bəzi bankların dəstək tələb edə biləcəyi ilə yanaşı, bankların güclü şoklara tab gətirmək üçün kifayət qədər “buferlərə” malik olduqlarını göstərdi. Əks stress-testlər isə göstərdi ki, bank sektoru 2015-ci ilin ən böyük xaricə çıxışı (2016-cı ilin səviyyəsini iki dəfə üstələyirdi – red.) ilə müqayisə edilən manat depozitlərinin xaricə axınına tab gətirmək iqtidarındadır. Bununla belə, ayrı-ayrı bankların maliyyələşdirmə strukturunda korporativ depozitlərin yüksək payı onların likvidlik risklərinə qarşı həssaslığını artırır.

“2015-ci ildə keçirilmiş əvvəlki FSAP qiymətləndirməsindən sonra Azərbaycan bank nəzarəti, makroprudensial siyasət və maliyyə sabitliyi mexanizmlərində əhəmiyyətli irəliləyişlər əldə edib. AMB yerli şəraitə uyğunlaşdırılmış Bank Nəzarəti üzrə Bazel Komitəsinin (BCBS) standartlarını fəal şəkildə tətbiq edir, prudensial tələbləri gücləndirir və yeni Risk Əsaslı Nəzarət (Risk-Based Supervision, RBS) modeli hazırlayıb və artıq 2025-ci ilin əvvəlindən onu pilot layihə kimi tətbiq etməyə başlayıb.

Eyni zamanda, Mərkəzi Bankın son instansiya kreditoru kimi rolu gücləndirilib və problemli bankların həlli çərçivəsinə yenidən baxılıb.

IMF qeyd edir ki, irəliləyişlərə baxmayaraq, çoxdan davam edən bir sıra problemlər həllini tapmamış qalır. Bunlara konsolidasiya edilmiş nəzarət sisteminin tətbiqi, böhranlara hazırlaşmaq və onları idarə etmək üçün idarələrarası qurumun yaradılması, AMB-nin müstəqilliyinin, hesabatlılığının və düzgün idarə edilməsinin təmin edilməsi, mübahisələrin həlli sahəsində AMB-nin səlahiyyətlərinin genişləndirilməsi və onların həlli üçün alətlər toplusunun gücləndirilməsi zərurəti daxildir.

Fondun analitikləri vurğulayırlar ki, AMB-nin qanunvericilik bazasının gücləndirilməsi və onun müstəqilliyinin, hesabatlılığının, resurs təminatının və nəzarətə yanaşmanın gücləndirilməsi nəzarət fəaliyyətinin effektivliyini artıracaq: banklarda korporativ idarəetməyə, risklərin idarə edilməsinə, əlaqəli tərəflərlə əməliyyatlara və mülkiyyət strukturuna nəzarətin təkmilləşdirilməsi üçün aydın nəzarət çərçivələrinin tətbiqi və erkən və iddialı nəzarət müdaxiləsi tələb olunacaq. “Tamhüquqlu nəzarət tsiklinin və erkən xəbərdarlıq sisteminin yaradılması prudensial nəzarət prosesini gücləndirəcək. Həmçinin məlumat açıqlılığı və bankların şəffaflığına dair tələblər də artırılmalıdır”, - qiymətləndirmə sənədində deyilir.

“Makroprudensial alətlərin çeşidinin genişləndirilməsi, makroprudensial siyasət strategiyasının dərc edilməsi və qurumlararası əməkdaşlığın gücləndirilməsi potensial böhranlara hazırlığı təkmilləşdirəcək. AMB-yə bank qruplarında, o cümlədən tənzimlənməyən qurumlardakı problemləri hərtərəfli qiymətləndirmək və həll etmək səlahiyyəti verilməlidir”, - IMF -dən vurğulanıb.