İdxal rüsumlarının artırılması yerli şərab istehsalını nə qədər qoruyacaq?

Azərbaycanda da saxta spirtli içkilərin dövriyyəsi problemi mövcuddur. Toy evləri saxta içkilərin ən çox dövriyyə etdiyi yerlərdir. Buna görə qanuni spirtli içkilərin qiymətinin daha da yüksəlməsinin qeyri-leqal bazara necə təsir göstərəcəyi ayrıca qiymətləndirilməlidir. Rüsum artımının saxta məhsulların dövriyyəsini genişləndirmək riski nəzərdən qaçırılmamalıdır.
Azərbaycana idxal olunan spirtli içkilərə tətbiq edilən gömrük rüsumlarının dərəcələri artırılıb. Bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib və yeni tariflər dekabrın 8-dən qüvvəyə minəcək.
Yeni qərara əsasən, bir sıra tünd spirtli içkilərə gömrük dəyərinin 15 faizi, lakin 1 litr üçün 4 ABŞ dollarından az olmamaqla rüsum tətbiq ediləcək. Şərab üçün isə bu göstərici gömrük dəyərinin 15 faizi, lakin 1 litr üçün 3 ABŞ dollarından az olmayacaq.
Məlum olduğu kimi, Azərbaycanda üzümçülük kənd təsərrüfatı fəaliyyəti hesab olunur və üzüm istehsalçıları üçün əhəmiyyətli dövlət dəstəyi və vergi güzəştləri mövcuddur. “Üzümçülük və şərabçılıq haqqında” Qanunun 1.0.1-ci maddəsində üzümçülük “üzümün istehsalı ilə məşğul olan kənd təsərrüfatı sahəsi” kimi müəyyən edilir.
Müəyyən şərtlərə cavab verən yeni üzüm bağlarının salınmasına görə təsərrüfatlara hektar başına 8 000–16 500 manatadək subsidiya verilir. Bağ salındıqdan sonra isə illik əkin subsidiyası tətbiq olunur. Məsələn, 2026-cı ildə 1 sentyabr 2021-ci ildən sonra salınmış digər üzüm bağları üçün subsidiya 700 manat/ha müəyyən edilib. Daha əvvəl salınmış bağlarda isə məbləğ müasir suvarma sisteminin olub-olmamasından asılı olaraq 50–110 manat/ha səviyyəsindədir.
Buna baxmayaraq, Azərbaycan şərabının yerli bazardakı qiyməti diqqət çəkir. Gürcüstan və Ermənistanda da üzümçülük dövlət tərəfindən dəstəklənir. Lakin dəstəyin mexanizmləri fərqlidir. Məsələn, regionun ən iri şərab istehsalçısı və ixracatçısı olan Gürcüstanda dövlət dəstəyi daha çox güzəştli kreditlər, kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi və məhsul satışına dəstək formasında həyata keçirilir. Yeni çoxillik əkinlərin, o cümlədən üzüm bağlarının salınması üçün güzəştli aqrokredit proqramları da mövcuddur.
Burada maraqlı sual yaranır: idxal rüsumlarının artırılması yerli istehsalçıların rəqabət qabiliyyətini həqiqətən artıracaqmı?
Bu gün Bakı marketlərində Çili və Cənubi Afrika istehsalı olan bəzi 0,75 litrlik şərabları 12–13 manata almaq mümkündür. Eyni qiymət seqmentində yerli Savalan və Hillside şərablarının qiymətləri isə təxminən 16 manatdan başlayır.
Baxın, minlərlə kilometr məsafədən Azərbaycana gətirilən, nəqliyyat, logistika, idxal və distribusiya xərcləri olan Çili və ya Cənubi Afrika şərabı necə olur ki, dövlət tərəfindən dəstəklənən yerli üzümçülük əsasında istehsal olunan Azərbaycan şərabından daha ucuz satılır? Onu da əlavə edim ki, dünyanın ən bahalı paytaxtlarından biri olan və ildə 50 milyon nəfərə yaxın turist qəbul edən Parisin marketlərində 0,75 litrlik bir şüşə şərabın qiyməti 3 avrodan başlayır.
Problemi yalnız yerli istehsalçının müdafiəsi kontekstində qiymətləndirmək də düzgün deyil. Spirtli içkilərin kəskin bahalaşmasının mümkün sosial və iqtisadi fəsadları da nəzərə alınmalıdır. Qanuni məhsulların qiymətinin kəskin bahalaşması saxta və qaçaq spirtli içkilərə tələbatın artması riski yaradır.
Bu baxımdan regionda ən bahalı spirtli içkilərin satıldığı Türkiyənin təcrübəsi diqqətəlayiqdir. Anadolu Agentliyinin Türkiyə Daxili İşlər Nazirliyinin məlumatlarına əsaslanan hesabatına görə, təkcə 2025-ci ilin ilk iki ayında ölkədə 152 nəfər saxta spirtli içkidən həyatını itirib, 780 əməliyyat zamanı 445 016 litr saxta içki ələ keçirilib.
Azərbaycanda da saxta spirtli içkilərin dövriyyəsi problemi mövcuddur. Toy evləri saxta içkilərin ən çox dövriyyə etdiyi yerlərdir. Buna görə qanuni spirtli içkilərin qiymətinin daha da yüksəlməsinin qeyri-leqal bazara necə təsir göstərəcəyi ayrıca qiymətləndirilməlidir. Rüsum artımının saxta məhsulların dövriyyəsini genişləndirmək riski nəzərdən qaçırılmamalıdır.
Digər məsələ turizmdir. Spirtli içkilərin qiyməti, xüsusilə əyləncə və restoran xərclərinin yüksək olduğu turizm istiqamətlərinin rəqabət qabiliyyətinə təsir edən amillərdən biridir. Bahalı aviabilet, yüksək hotel və restoran qiymətləri ilə yanaşı, içkilərin də bahalaşması Azərbaycanın regional turizm bazarında qiymət üstünlüyünü zəiflədə bilər.
Təcrübə göstərir ki, idxal rüsumlarını artırmaqla daxili istehsalçını xarici rəqabətdən müəyyən müddət qorumaq mümkündür. Lakin uzunmüddətli perspektivdə proteksionist tədbirlər istehsalçının xərcləri azaltmaq, məhsuldarlığı artırmaq və xarici bazarlarda rəqabət aparmaq motivasiyasını zəiflədir.
Yerli şərab istehsalımızın real yerini göstərən güzgü ixrac göstəriciləridir. 2025-ci ildə Gürcüstan təxminən 267,9 milyon ABŞ dolları, Ermənistan 19,8 milyon dollar, Azərbaycan isə təxminən 4,6 milyon dollar dəyərində şərab ixrac edib.
Beləliklə, əsas sual idxal olunan şərabın necə bahalaşdırılması deyil, Azərbaycan şərabının necə ucuz, keyfiyyətli və xarici bazarlarda rəqabətədavamlı istehsal edilməsidir.