Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 27 sentyabr Anım Günü ilə bağlı tədbirlər təşkil olunub. Sumqayıt şəhəri Vaqif İbrahim adına 35 saylı tam orta məktəbdə də ilk dərs saatları 27 Sentyabr - Anım Gününə həsr olunub. Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dərslərdə 27 sentyabr Anım Günü barədə şagirdlərə məlumat verilib. Məktəbin 1 d sinifində də müəllimə Fatimə Həşimovanın rəhbərliyi altında geniş tədbir keçrilib. Müəllimə 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinə başladığını şagirdlərin diqqətinə çatdırıb. F. Həşimova Anım Gününün tarixi əhəmiyyəti barədə danışaraq qəhrəman oğullarımızın sayəsində ermənilərin xalqımıza qarşı həyata keçirdiyi işğalçılıq əməllərinə 44 gündə son qoyaraq əzmkar, şücaətli, qalib xalq, millət adını özünə qaytardığını vurğulayıb. Sonra şagirdlərin ifasında Anım Gününə həsr olunan şeir, mahnı və kompozisiya səsləndirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. 44 günlük Vətən müharibəsi Azərbaycanın həm döyüş meydanında, həm də siyasi masada qələbəsi ilə başa çatıb.