Xəbər verildiyi kimi, Tarif Şurasının iclasında qiymətləri dövlət tərəfindən tənzimlənən bəzi məhsul və xidmətlər üzrə tariflərə yenidən baxılıb.
Tarf Şurasının qərarına görə, bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri üzrə texniki təchizat və zərərsizləşdirmə xidmətinin səviyyəsi nəzərə alınmaqla yeni tariflər aşağdakı kimi təsdiq edilib.
Bakı şəhərində:
-Əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 1 manat (ƏDV daxil).
-Qeyri-əhali qrupu üzrə - 1 kubmetr üçün 15 manat və ya 1 ton üçün 68,30 manat (ƏDV daxil).
-Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kubmetr üçün 3,60 manat və ya 1 ton üçün 16,40 manat.
Digər regionlarda:
-Əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 0,70 manat (ƏDV daxil).
-Qeyri-əhali qrupu üzrə - 1 kubmetr üçün 12 manat və ya 1 ton üçün 54,60 manat (ƏDV daxil).
-Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kubmetr üçün 2,50 manat və ya 1 ton üçün 11,50 manat.
Xatırladaq ki, bu tariflər sonuncu dəfə 13 il əvvəl, yəni 2011-ci ildə müəyyən edilmişdi və əhali qrupu üçün tuariflər 30 qəpik təşkil edirdi. Başqa sözlə, budəfəki dəyişiklikdən sonra Bakı sakinləri üçün qiymətlər 3,3 dəfə, region sakinləri üçün isə 2,3 dəfə artırılıb.
Qeyri əhali qrupu üçün isə qiymətlər 1 kubmetr üçün 10 manat və ya 1 ton üçün 45 manat idi. Nəticədə yeni qərardan sonra bu qrup üçün tullantıların daşınması qiyməti Bakıdakı şirkətlər üçün 50%, rayonlardakı şirkətlər üçün isə 20% artırılıb.
Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün tariflər isə Bakıda 3 dəfə, regionlarda 2 dəfə artırılıb.
Tarif Şurasının açıqlamasında deyilir ki, Azərbaycanda bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi sahəsinə dövlət büdcəsindən subsidiyalar ayrılır. Çünki bu sahə üzrə ödənişlər xidmətlə bağlı xərcləri qarşılamır. Tariflərin aşağı səviyyədə olması isə bu sahəyə özəl sektorun marağını azaldır.
Belə ki, hazırda bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi zənciri üzrə xidmətin maya dəyəri ƏDV ilə birlikdə kubmetrlə 25 manat, tonla isə 114 manat təşkil edir. Başqa sözlə, hətta son qiymət artımından sonra da, yeni qiymətlər bu işlərin maya dəyərinin yalnız yarısını qarşılayır.
Tarif Şurası xatırladır ki, əhali istehlakçı qrupu tarifləri Rusiyada 9 manat/kubmetr, Qazaxıstanda 2 manat/nəfər/ay, Gürcüstanda 1,6 manat/nəfər/ay, Belarusda 7-8,3 manat/kubmetr təşkil edir. Qeyri-əhali istehlakçı qrupu tarifləri isə Rusiyada 16-20 manat/kubmetr, Qazaxıstanda 7 manat/kubmetr, Gürcüstanda 9,5 manat/kubmetr, Belarusda 8,4-16,6 manat/kubmetr arasında dəyişir.
«Yeni tarif tənzimləməsi dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, dövlət büdcəsindən asılılığı azaldacaq, abonentlərin uçotunun və xidmət haqlarının yığımının təşkilini stimullaşdıracaq və özəl sektorun bu sahəyə marağını təşviq edəcək»-deyə açıqlamada bildirilir.