SHXÇDX-nin İctimaiyyətlə əlaqələr və beynəlxalq münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, bildirişlərin göndərilməsi qanunvericilik çərçivəsində həyata keçirilir və burada həm çağırışa hazırlıq, həm də ehtiyatda olanların vəziyyətinin dəqiqləşdirilməsi məqsədi var:
“30 yaşdan yuxarı olan şəxslərə də bildiriş göndərilir. Bu SMS gəldikdə onlar sonuncu dəfə hərbi-həkim komissiyasına dəvət olunurlar. Onların sağlamlıq durumu müəyyən olunur və ehtiyata yazılırlar. Çünki Allah eləməsin, hər hansı bir gərginlik baş verərsə, bu şəxslərin hansı kateqoriyada olduğunu bilməliyik.”
Pərviz Sədrəddinov əlavə edib ki, hərbi xidmətə çağırış üçün yaş məhdudiyyətləri ali və orta təhsilli şəxslərə görə fərqlidir:
Ali təhsilli şəxslər üçün hərbi xidmətə çağırışın yuxarı yaş həddi 31 yaş, orta təhsilli şəxslər üçün isə bu hədd 31 yaş yarım təşkil edir. Bu baxımdan, çağırış ayına qədər 30 yaşı tamam olmayan, lakin yaxınlaşan şəxslər də hələlik hərbi xidmətə cəlb edilə bilər.
Rəsminin sözlərinə görə, bu proses həm də ölkənin müdafiə potensialının real vəziyyətini qiymətləndirmək üçündür:
“Yararsız da olsa, bu şəxslər barədə məlumatların dəqiqləşdirilməsi vacibdir. Biz bilməliyik ki, ehtiyac yaranacağı təqdirdə kimlər döyüş qabiliyyətinə malikdir, kimlər isə deyil. Göndərilən SMS-lər əsasən çağırışa cəlb ediləcək şəxslərin qeydiyyat vəziyyətinin dəqiqləşdirilməsi, sağlamlıq durumunun qiymətləndirilməsi və ehtiyata yazılması ilə bağlıdır". (News24.az)