Xəzər dənizində suyun səviyyəsi azalır: “Problem çox ciddidir, sahilyanı ölkələr əməkdaşlıq etməlidir”

26 Dekabr 2023, 9:26
Xəzər dənizində suyun səviyyəsi azalır: “Problem çox ciddidir, sahilyanı ölkələr əməkdaşlıq etməlidir”
Xəzər dənizində suyun səviyyəsi azalır: “Problem çox ciddidir, sahilyanı ölkələr əməkdaşlıq etməlidir”

“Əvvəllər Türkmənbaşıdan Xəzər şəhərinə gəmi ilə gedərdim”, – illərdir kruiz gəmilərində işləyən Batır Yusupov deyir.

Dünyanın ən böyük qapalı dənizi olan Xəzərdəki bu marşrut suyun azalmasına görə artıq istifadə oluna bilmir.

“Dənizdə ciddi lillənmə (dəniz dibində çöküntü toplanması) olduğundan bu marşrut bir ildir ki, ləğv edilib”, – 36 yaşlı dənizçi Fransanın AFP xəbər agentliyinə bildirib.

Türkmənistandan başqa Azərbaycan, Rusiya, Qazaxıstan və İran da Xəzəryanı ölkələrdir.

Avropa ilə Asiyanı bir-birindən ayıran 371 min kvadrat kilometrlik sahəyə malik Xəzər dənizi ərazicə Almaniyadan böyükdür. Lakin onun Almaniyadan əhəmiyyətli bir fərqi var: səthi hər il kiçilir.

Bunun səbəbləri haqqında çox az araşdırma aparılıb. Buna görə də mütəxəssislərin fərqli nəzəriyyələri var. Ancaq səbəb nə olursa olsun, onlar iqlim dəyişikliyinin mövcud vəziyyəti daha da pisləşdirdiyi ilə razılaşırlar.

Xəzər şəhərinin peyk görüntüləri dənizin 800 metr geri çəkildiyini göstərir. Ona görə də dənizdəki bir ada getdikcə quruya birləşir.

Buna görə də Batır sərnişinləri Qızılsu yarımadasına aparır. Ancaq ordakı vəziyyət də o qədər yaxşı deyil. Quruda qalan gəmilər də bunun bariz göstəricisidir.

Qızılsudakı evi dalğalara qarşı qum yüksəklikləri ilə qorunan 40 yaşlı Ayça deyir ki, köhnə limanın dərinliyi “kifayət etmədiyi üçün yeni liman tikilir”.

Onun sözlərinə görə, hətta tufan olanda belə artıq dalğalar onun evinə çata bilmir.

Dənizin geri çəkilmə səbəbləri

“Dəniz səviyyəsinin dəyişməsi dənizin dibinə təsir edən tektonik hərəkətlər və seysmik fəaliyyətlər nəticəsində baş verir”, – türkmən alimi Nəzər Mouradov deyir.

O bildirir ki, Xəzərdə suyun səviyyəsi 1930-1980-ci illərdə azalıb, sonra yenidən artıb.

Digər tərəfdən, o, iqlim dəyişikliyinə də diqqət çəkir: “Ancaq bu dəyişikliyin iqlimlə bağlı səbəbləri də var: dəniz səviyyəsi çayların axınından asılıdır və çayların axını azalır”.

“Yağışın miqdarı azaldıqca, buxarlanma sürəti artır”, – o deyir.

Mərkəzi Asiya iqlim dəyişikliyindən çox təsirlənir. Bu bölgə iyirminci əsrin ən böyük ekoloji fəlakətlərindən biri olan Aral gölünün qurumasının təsirini hələ də hiss edir.

Türkmənistanın ən böyük sahil şəhəri Türkmənbaşıda dəniz qarşısıalınmaz şəkildə çəkilir.

Xəzərdə mütəmadi üzən 35 yaşlı şəhər sakini Liyudmila Essenova dənizə girərək: “Keçən yay su çiyinlərimə qədər idi, sonra belimdən oldu, bu il dizdən aşağıdır”, – deyir.

Essenova indi üzə bilmək üçün dənizdə bir xeyli yeriyərək irəli getməlidir.

Ancaq lillənmə də ciddi problemlər yaradır. Ən əsas da iqtisadi problemlər…

Lillənmə Xəzər sahilindəki infrastruktura təsir etsə də, Mərkəzi Asiyanın ən böyük limanı olan və Avropa ilə Asiya arasındakı ticarətdə mühüm əhəmiyyət kəsb edən Türkmənbaşı da bundan əziyyət çəkir.

Son vaxtlarda Türkmənistanın və Xəzər dənizinin kommersiya əhəmiyyətini artıran iki hadisə baş verib.

Bunlardan biri Rusiyanın Ukraynada başlatdığı müharibə idi. Rusiyanın Ukraynaya hücumundan sonra Avropa İttifaqı (Aİ) ölkələri təbii qaz ehtiyatlarını şaxələndirmək üçün müxtəlif yollar axtararkən gözlərini Azərbaycan və Türkmənistana dikdilər.

İkinci hadisə Qarabağ münaqişəsinin həlli oldu.

Gələn ilin əvvəlində Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh sazişindən sonra Türkmənistanın təbii qazı Azərbaycandan keçməklə Türkiyə və Avropa ölkələrinə ötürülə bilər.

Ermənistanın Baş naziri Nikol Paşinyan da ölkəsinin enerji və nəqliyyat sektorunda tranzit ölkə olmaq istədiyini açıqlayıb və “Sülh qovşağı” adlı layihəsini təqdim edib.

“Ən aktual problem”

Vəziyyət o qədər ciddidir ki, adətən, qapalılığı və problemlər haqqında danışmamaları ilə məşhur olan Türkmənistan idarəçiləri bu məsələ ilə bağlı açıqlama verməyə ehtiyac duyurlar.

Karbohidrogenlərlə zəngin və avtoritar bir hakimiyyətə sahib olan Türkmənistanın xarici işlər naziri Rəşid Meredov: “Son 25 ildə Xəzər dənizi 2 metr azalıb. Bu, nəinki narahatlıq yaradır, ondan da pisdir”, – deyir.

Meredov hesab edir ki, problemin böyüklüyünə görə sahilyanı ölkələr əməkdaşlıq etməlidir:

“Xəzər dənizinin çəkilməsi bizim daha çox diqqət yetirməli olduğumuz ən ciddi problemdir”.

Sahilyanı ölkələr arasında əməkdaşlıq hələ başlanğıc mərhələsindədir. Onlar Xəzər dənizinin statusu ilə bağlı 20 ildən artıq çəkən müzakirələrdən sonra, nəhayət 2018-ci ildə razılığa gəliblər.

“Nadir ekosistemə malik Xəzər dənizinin ekoloji təhlükəsizliyini təmin etmək bizim ümumi maraqlarımıza uyğundur. Bu, sahilyanı ölkələrdə təbiətə və həyata təsir edir”, – Qazaxıstanın bəyanatında vurğulanır.

Suyun səviyyəsinin azalması və temperaturun artması Xəzər dənizində, xüsusilə suitilərin həyatına da təsir edir.

Qazaxıstan Prezidenti Kasım Comert Tokayev suitilərin vəziyyəti ilə “şəxsən maraqlandığını” və Xəzər dənizində araşdırma aparmaq üçün tədqiqat institutu yaratdığını açıqlayıb.

Xəzər və Aral regionda quraqlıqdan əziyyət çəkən yeganə su hövzəsi deyil. İranda Urmiya və Aydar göllərində də suyun səviyyəsi azalır.