Bakıda Azərbaycan Uşaqlar Birliyinin sığınacağında olan uşaqlardan 40 nəfərə yaxını qızılcaya yoluxub.
Bu barədə “Qafqazinfo”ya sığınacaqdan məlumat verilib.
Bildirilib ki, 15 gündür, uşaqlar arasında qızılca xəstəliyinin əlamətləri müşahidə olunur:
“Hazırda 15-dən çox uşaq 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Bu say tez-tez dəyişir. Çünki tibb müəssisəsinə yerləşdirilən uşaqlardan bəziləri sağalaraq sığınacağa qaytarılır. Yoluxanların əksəriyyəti 5 yaşadək olan körpələrdir. Hazırda uşaqların vəziyyətləri normaldır. 1 uşağın vəziyyəti ağırdır və həkimlər onu sağaltmaq üçün əllərindən gələni edirlər”.
Sığınacaqdan həmçinin bildirilib ki, yoluxan uşaqların çoxu peyvənd olunmayıb:
“Uşaqlar sığınacağa gətiriləndə baxımsız vəziyyətdə olurlar. Buna görə də onların çoxu qızılcaya qarşı peyvənd olunmayıb”.