Azadlığımız uğrunda mübarizə, tariximizə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsindən 34 il ötür. Hər il olduğu kimi bu il də, Sumqayıt şəhər Vaqif İbrahim adına 35 saylı orta məktəbdə qan yaddaşımız olan bu tarixlə bağlı silsilə tədbirlər təşkil olunub. Məktəbin 1 d sinifində də müəllim Fatimə Həşimovanın rəhbərliyi altında geniş tədbir keçirilib. İlk dərs saatında 20 Yanvar faciəsi qurbanlarının, həmçinin respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xalqımızın qan yaddaşına böyük faciə, müstəqilliyə yol açan şərəf və qəhrəmanlıq salnaməsi kimi həkk olunan 20 Yanvar hadisələri barədə gənc müəllim ətraflı məlumat verib: “Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb. Faciə zamanı 150 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. 20 Yanvar faciəsi Azərbaycan xalqının milli qürur mənbəyinə, Şəhidlər Xiyabanı isə müqəddəs ziyarətgahına çevrilib. Bu gün bu tədbiri keçirməyimizdə məqsədimiz sizə və gələcək nəsillərə faciənin əsl mahiyyətini çatdırmaqdır”
Tədbir sinif şagirdlərin ifasında qan yaddaşımıza həsr olunan şeirlərin səsləndirilməsi, səhnəciklərin nümayişi ilə başa çatıb.Tədbirdən sonra Fatimə Həşimova sinif şagirdləri və valideynlər ilə birgə Şəhidlər Xiyabanını ziyarət ediblər.