Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib. Bununla da bağlanan və ya ləğv olunan müəssisələrdə əvvəlki illərdə çalışmış işçilərin güzəştli şərtlərlə əmək pensiyası almaq hüquqları təmin edilib.
FED.az xəbər verir ki, yeni qaydaları şərh edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, prinsipial dəyişiklik Qaydaların 4.1.20-ci yarımbəndinə aiddir: “Orada “işəgötürən” sözü “işəgötürən tərəfindən verilən” sözləri ilə əvəz edilib. “Arayış” sözü isə “güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı və həmin işin xarakteri barədə arayış” sözləri ilə əvəz edilib. Çünki əvvəlki redaksiyada anlaşılmazlıq var idi. Güzəştli şərtlərlə əmək pensiyasına çıxan şəxslərdən pensiyaya çıxarkən müəyyən sənədlər, o cümlədən işəgötürən tərəfindən verilən arayış tələb olunurdu. Bu arayışların verilməsində bir sıra probemlər ortaya çıxırdı”.
Güzəştli şərtlərlə pensiya hüququ
Dəyişikliklərdən biri də işəgötürənin fəaliyyət göstərməməsi səbəbindən həmin arayışı təqdim edə bilmədiyi hallara aiddir. Bir çox vətəndaşlar 1990-cı illərdə və ondan əvvəlki dövrdə zərərli iş yerlərində işləyiblər. Sonra həmin müəssisələr bağlanıb və hüquqi varisi də yoxdur. Arxivlərdə də onlara aid materialları tapmaq mümkün deyil. Bu halda həmin şəxslərin hüquqları pozulmuş olurdu. S.Məmmədov qeyd edib ki, həmin problemləri aradan qaldırmaq məqsədilə Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda digər dəyişiklik edilib: “Qaydaların 4.1.20-ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürən tərəfindən verilən forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı və həmin işin xarakteri barədə arayışa əsasən müəyyən edilir. İşəgötürənin fəaliyyət göstərməməsi səbəbindən həmin arayış təqdim oluna bilmədikdə isə şəxsin işlədiyi sahə, peşə və vəzifələr Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilənlərlə eynilik təşkil etdikdə Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə əmək kitabçasında olan qeydə, bu qeydin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda isə Dövlət Arxivinin arayışına əsasən müəyyən edilir. Yəni indiyədək iş yeri bağlanan, ləğv olunan vətəndaşlar güzəştli şərtlərlə əmək pensiyası almaq üçün müraciət edəndə ondan iş yerindən arayış, bu olmadıqda isə Dövlət Arxivindən arayış tələb olunurdu. Bəzən arxivdə də həmin məlumatlar tapılmadığı üçün xeyli sayda vətəndaşın hüquqları pozulmuş olurdu. Son dəyişikliklər də bu məsələləri tənzimləmək məqsədi daşıyır. Əsas mahiyyət isə odur ki, güzəştli şərtlərlə əmək pensiyası almalı olan şəxslərin hüquqları pozulmasın. Bununla, həmçinin, güzəştli şərtlərlə əmək pensiyalarının yenidən hesablanması qaydaları da tənzimlənir”.
Ümumiyyətlə, əmək pensiyalarının hansı növləri var? Hansı qaydada pensiya təyin edilir? Yaş həddi bitən işçilər işə davam edə bilərlərmi?
“Əmək pensiyaları haqqında” Qanunun 4.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası.
Yaşa görə əmək pensiyası hüququ
Hazırda 65 yaşına çatmış kişilərə və 64 il 6 ay yaşına çatan qadınlara yaşa görə pensiya təyin oluna bilər. Onların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. “Əmək pensiyaları haqqında” Qanuna əsasən, 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyasının, pensiya hüququ yaranan şəxsin heç bir müraciəti olmadan, sənəd təqdim etmədən və pensiya hüququ yaranan gün ərzində avtomatlaşdırılmış qaydada təyin edilməsinə başlanılıb. Əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilmədiyi hallarda, tələb olunan müvafiq sənədlərlə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri”nə müraciət edilməlidir.
Yeri gəlmişkən, 2026-cı ildən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyinatında dəyişiklik olacaq. 2019-2025-ci illərdə pensiya yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 01.01.2006 - 01.07.2018-ci il tarixinə fərdi şəxsi hesabında pensiya kapitalı olduqda 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanırdı. Gələn ildən etibarən isə bu müddət hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaq.
Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, 2026-cı ildən etibarən sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək pensiya kapitalı olduqda, onlara avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilərkən 2006-cı ilin 1 yanvar tarixinədək olan dövr üzrə sığorta stajları 24 il olaraq hesablanacaq. Bu halda, onların 2006-cı ilin 1 yanvar tarixindən sonra tələb olunan 25 ilin tamamlanması üçün ən azı 1 il sığorta stajı olduqda və ya fərdi hesablarının sığorta hissəsində minimum pensiya təminatına imkan verən pensiya kapitalı (2006-cı ilin 1 yanvar tarixinədək olan 24 il sığorta stajına müvafiq hesablanan pensiya kapitalı ilə birgə) olduqda pensiya hüququ yaranacaq və pensiya təyinatı avtomatlaşdırılmış qaydada həyata keçiriləcək.
Hansı halda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranır?
“Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Hazırda kişilər üçün bu yaş həddi 60 yaş, qadınlar üçün 59 yaş 6 ay müəyyən edilib.
Qanunun 9.2-ci maddəsində göstərilib ki, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddi 20 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda, bu Qanunun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla, yaşa görə əmək pensiyası hüququ var. Qanunun 9-cu maddəsində prokurorluq, ədliyyə, hərbi sahələrdə çalışan, eləcə də xidməti işini yerinə yetirərkən əlillik qazanan şəxslərin əmək pensiyası üçün yaş hədləri müəyyən olunub.
Yaşa görə əmək pensiyasının məbləği isə vətəndaşın işlədiyi müddətdə fərdi şəxsi hesabında toplanan kapitalının 144-ə bölünməsi yolu ilə hesablanır.
Əlilliyə görə əmək pensiyası hüququ
Əlilliyə görə əmək pensiyasının təyinatı “Əmək pensiyaları haqqında” Qanunun 11,12 və 13-cü maddələri ilə tənzimlənir. Qanunun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun qaydada müəyyən olunur.
Hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlilliyi olan şəxslər aşağıdakı kateqoriyalara bölünürlər:
- Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə;
- Hərbi qulluqçular sırasından digər əlilliyi olan şəxslər - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə.
Qanunun 11.3-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmətdə olan şəxslərin əlilliyi həqiqi hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatı aparan ölkədə hərbi xidmət borcunun yerinə yetirilməsi ilə bağlı xəstəlik nəticəsində üz verərsə, onlar müharibə ilə əlaqədar əlilliyi olan şəxs hesab edilirlər.
“Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsində göstərilib ki, əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.
Yeri gəlmişkən, əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manat müəyyən edilibb. “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq, hesablanan və təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.
Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ
Qanunun14.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var:
- vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları:
- 18 yaşına çatmamış şəxslər;
- 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan şəxslər;
- təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək.
Əgər vətəndaş qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilərsə, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdir. Xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilən sığortaolunan qayıtdıqda və ya olduğu yer aşkar edildikdə, onun ailə üzvlərinə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılır.
Bundan başqa, ögey ata və ögey ana da vəfat etmiş ögey oğlunu və ya ögey qızını azı beş il tərbiyə etmiş və saxlamışdırsa, doğma valideynlərlə bir səviyyədə əmək pensiyası hüququna malikdirlər. Eyni zamanda, ögey oğulun, ögey qızın doğma övladlarla bir səviyyədə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var.
“Əmək pensiyaları haqqında” Qanunun 16.1-ci maddəsində göstərilib ki, övladlığa götürənlərin doğma valideynlərlə, övladlığa götürülənlərin isə doğma uşaqlarla bir səviyyədə əmək pensiyası hüququ var. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan və bu Qanunun 14.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər övladlığa götürüldükdə də eyni hüququ saxlayırlar.
Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının 5 il sığorta stajı olduqda təyin edilir. Hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, amma xidmət etdiyi dövrdə aldığı xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində vəfat etdiyi halda təyin olunur. Həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat etdiyi halda təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur. (Vergiler.az)