İkinci Şuşa Qlobal Media Forumu dünya mətbuatında... - Fotolar

21 İyul 2024, 20:23
İkinci Şuşa Qlobal Media Forumu dünya mətbuatında... - Fotolar
İkinci Şuşa Qlobal Media Forumu dünya mətbuatında... - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər, dünyanın müxtəlif ölkələrində jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablar dünya mediasının diqqət mərkəzində olub.

“Qafqazinfo” xəbər verir ki, dünyanın nüfuzlu nəşrlərindən olan “Reuters” və “Politico” Prezident İlham Əliyevin Forumdakı çıxışında Fransanın müstəmləkə altında saxladığı ərazilərlə bağlı fikirlərinə geniş yer verib.

Xəbərlərdə vurğulanıb ki, Prezident İlham Əliyev kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcəyini, Qəmər adaları, Mayot adası kimi ərazilərin hələ də kolonial idarəçilik altında olduqlarını deyib. Yazılarda dövlətimizin başçısının “Azərbaycan bu ölkələrə kömək etmək istəyir ki, onlar keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər”, fikri də oxuculara çatdırılıb.

Dövlət başçısının fikirləri Türkiyənin aparıcı media orqanları tərəfindən də geniş işıqlandırılıb.

“TRT Haber”, “Akit”, “Star”, “Aydınlık” portalları yazıb ki, Prezident İlham Əliyev Ersin Tatarın Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Şuşa Zirvə görüşündə iştirakının Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınmasına doğru atılan önəmli bir addım olduğunu bildirib. Deyib ki, biz hər zaman kiprli qardaşlarımızla birlikdə olacağıq.

 

Anadolu Agentliyi, “Haberler” saytı isə Azərbaycan Prezidentinin İsrail-Fələstin münaqişəsi ilə bağlı fikirlərinə diqqət çəkib. Qeyd olunub ki, Azərbaycanın dövlət başçısı Yaxın Şərqdə sülhün təmin edilməsi baxımından iki dövlətli həll yolunun yeganə çıxış yolu olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Fələstin dövlət qurmalı və Şərqi Qüds onun paytaxtı olmalıdır.

“Akşam” portalı, “TRT Avaz” kanalının saytı isə dövlətimizin başçısının “Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik” fikrini oxucuların diqqətinə çatdırıb. Qardaş ölkənin digər mətbuat orqanları da Azərbaycan Prezidentinin fikirlərini geniş oxucu kütləsinə təqdim edib.

Almaniyanın “Berliner-zeitung” nəşrində yayımlanan məqalədə Prezident İlham Əliyevin Forumun açılışında COP29-da Azərbaycanın prioritetləri barədə qısa məlumat verdikdən sonra ştirakçıların suallarını cavablandırdığı qeyd olunub. Bildirilib ki, Azərbaycanın COP29 təşkilatçılarının diqqəti formatın səmərəliliyini artırmağa yönəlib. COP29-da ən kritik açıq suallardan biri iqlim-neytral qlobal iqtisadiyyata çevrilmə ilə bağlı yüklərin bölüşdürülməsi olacaq. Gözlənilən xərclər milyardlarla məhdudlaşmayacaq, trilyonlarla dollar tələb edəcək. İnkişaf etmiş və az inkişaf etmiş ölkələr arasında maliyyələşmə və yüklərin ədalətli bölüşdürülməsi yolları tapılmalıddır. Azərbaycan, eyni zamanda, “Troyka” formatını təqdim edib.

Pakistanın “Associated Press” nəşri yazır ki, Forumdakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev Pakistan mediasının daha geniş əməkdaşlığa kömək etmək və dezinformasiyaya qarşı mübarizə aparmaq üçün birgə media təşəbbüsünə zəmin hazırlayan dəstəyini yüksək qiymətləndirib. Portal dövlətimizin başçısının bu fikrinə diqqət çəkib: “Biz birgə media işçi qrupu da yarada bilərik ki, bir-birimizi müxtəlif istiqamətlərdə dəstəkləyək”.

Məqalədə, həmçinin iki ölkə arasında münasibətlərə toxunulub, Azərbaycanın və Pakistanın gələcək illərdə də tərəfdaşlıqlarını gücləndirməyə hazır olduqları vurğulanıb, Prezident İlham Əliyevin İslamabada son səfəri zamanı müxtəlif məsələlərin müzakirə olunduğu, 17 müqavilənin mübadiləsinin həyata keçirildiyi diqqətə çatdırılıb.

 

İtaliyanın media orqanları da Azərbaycan Prezidentinin Şuşa Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlərə geniş yer ayırıb.

Ölkənin “Color News”, “Agenzia Nova”, “Avia-pro”, “MarketScreener” kimi xəbər portallarında yayımlanan materiallarda Azərbaycan Prezidentinin müxtəlif ölkələrdən jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablar diqqət mərkəzində saxlanılıb.

Yazılarda Azərbaycanla Ermənistan arasında sülh prosesinə dair Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən sitatlar gətirilib: “Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var. Orada Ermənistanın və dırnaqarası “Dağlıq Qarabağ”ın birləşməsindən söhbət gedir. Yəni, bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil. Bir daha demək istəyirəm ki, məni hər kəs yaxşı başa düşsün. Ermənistanın daxili işlərinə bizim hər hansı müdaxiləmizdən söhbət gedə bilməz. Ancaq konstitusiyada belə bir maddənin olması sülh sazişini mümkünsüz edir. Çünki konstitusiya hər hansı bir beynəlxalq müqavilədən üstün sənəddir”.