Gəlirlər də, xərclər də azalacaq - yeni büdcə

22 Sentyabr 2023, 8:31
Gəlirlər də, xərclər də azalacaq - yeni büdcə
Gəlirlər də, xərclər də azalacaq - yeni büdcə

 

Azərbaycanın 2024-cü il dövlət büdcəsinin ilkin konturları açıqlanıb. Maliyyə Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, hökumət neftin bir barelinin orta illik ixrac qiymətini 2024-2027-ci illər üçün 60 ABŞ dollarından hesablamaqla növbəti 4 illik müddət üçün ölkədə mümkün iqtisadi artımı proqnozlaşdırıb.

İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan ssenaridəki makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2023-cü ildə ölkədə ÜDM-in real ifadədə 1,9 faiz (bu ilin mayında 1,8 faiz) artaraq 119,6 milyard manat, o cümlədən qeyri-neft/qaz ÜDM-in real ifadədə 4,0 faiz artaraq 77,6 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. 2023-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3 faiz azalacağı gözlənilir. Proqnozlara əsasən, ortamüddətli dövrdə ölkədə qeyri-neft/qaz ÜDM-in həcminin 2024-cü ilin sonuna 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacağı və real artım tempinin 4,6-5,0 faiz intervalında olacağı gözlənilir.

Neft-qaz sektorunun ÜDM-də payı azalacaq

Hökumətin gözləntilərinə əsasən neft-qaz sektorunun ölkə iqtisadiyyatında xüsusi çəkisinin tədricən daralacağı şəraitdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsinin neft sektorundan qeyri-neft/qaz sektoruna transformasiya olunması ilə 2027-ci ildə ÜDM-in tərkibində qeyri-neft/qaz sektorunun payının 78,7 faizə qədər artacaq.

Bu ilin sonunda Azərbaycanda orta illik inflyasiyanın 9,5 faiz,  2024-cü ildə 5,3 faiz olacağı, 2027-ci ildə 4,2 faizə qədər enəcəyi gözlənilir. Həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2024-2027-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb. İnflyasiya mühitinin tənzimlənməsi ilə bağlı atılan addımlar iqtisadi fəallığın artımı ilə yanaşı əhalinin sosial rifahına da müsbət təsir edəcəkdir. Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2027-ci ildə 106,0 milyard manata, xərclərinin isə 102,6 milyard manata qədər yüksəlməsi gözlənilir.

Hökumət 2023-cü ildə əsas kapitala olan investisiyalarda 7,7 faiz, ortamüddətli dövrdə isə orta illik 1,6 faiz artım proqnozlaşdırır. Sənəddə qeyd olunur ki, qarşıdakı illərdə neft-qaz sektoruna investisiyalarda azalma, digər sahələrdə isə artım müşahidə ediləcək. Belə ki, digər sahələr üzrə investisiyalar 2023-cü ildə 13,4 milyard manat proqnozlaşdırıldığı halda, 2027-ci ildə 16,9 milyard manata yüksələcək.

Yaxın 3 ildə Azərbaycan hökuməti daxildə borclanmanı artırmaq, xarici borclanmanı müəyyən olunan hədd daxilində saxlamaq niyyətindədir.  Bununla yanaşı, enerji və nəqliyyat sektoru, özünüməşğulluq və sosial müdafiənin gücləndirilməsi, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması üzrə layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından xarici borcun cəlb edilməsi nəzərdə tutulur. 2027-ci ilin sonuna xarici dövlət borcunun 5,4 milyard ABŞ dolları və ya ÜDM-in 6,8 faizi həcmində olacağı proqnozlaşdırılır. 2024-2027-ci illər ərzində dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi məqsədilə emissiya olunacaq yeni dövlət istiqrazları, o cümlədən Aqrarkredit QSC-nin dövlət zəmanətli öhdəliklərinin dövlət borcu kimi təsnifləşdirilməsi nəticəsində daxili dövlət borcunun 2027-ci ilin sonunda 22,2 milyard manat və ya ÜDM-in 16,4 həcmində qərarlaşacağı gözlənilir. Belə olan halda, 2027-ci ilin sonunda ümumi dövlət borcunun 31,4 milyard manat və ya ÜDM-in 23,2 faizi həcmində olacağı proqnozlaşdırılır.

2024-cü ildə bir sıra kateqoriyalara vergi güzəştləri tətbiq olunacaq. O cümlədən bəzi kateqoriyalı fiziki şəxslərə verilən güzəştlərin həcminin artırılması və bir sıra gəlirlərinin vergiyə cəlb olunan gəlir bazasına aid edilməməsi; Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi: Maliyyə lizinqinin vergiyə cəlb edilməsi mexanizminin sadələşdirilməsi, ictimai və sosial məqsədlər üçün ödənilən vəsaitlər üzrə mənfəət vergisindən azad olan hissənin artırılması, bir sıra təsərrüfat sahələri üzrə mülkiyyət vergiləri üzrə əlavə güzəştlərin verilməsi planlaşdırılır.

Bununla yanaşı, tütün məmulatları və alkoqollu içkilər üzrə aksiz dərəcələrinin artırılması nəzərdə tutulur.

Büdcə gəlirləri 0,4 faiz, xərcləri isə 0,7 faiz azalacaq

2024-cü ildə dövlət büdcəsinin gəlirləri 33 milyard 765,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü ilin dürüstləşdirilmiş göstəricisi ilə müqayisədə 125,5 milyon manat və yaxud 0,4 faiz azdır. Növbəti ildə dövlət büdcəsinin xərcləri 2023-cü ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 269,8 milyon manat və ya 0,7 faiz azalma ilə 36 milyard 355 milyon manat proqnozlaşdırılır. 2024-cü ildə dövlət büdcəsinin kəsiri 2023-cü ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 144,3 milyon manat və ya 5,3 faiz az olmaqla 2 milyard 590  milyon manat proqnozlaşdırılır.

Dövlət büdcəsinin gəlirləri 2024-cü ildə xam neftin bir barelinin orta illik ixrac qiyməti 60 ABŞ dolları səviyyəsində götürülməklə hesablanıb. Gəlirlərin 49,6 faizi və ya 16 milyard 756,0 milyon manatı neft sektorunun, 50,4 faizi və ya 17 milyard 9,0 milyon manatı qeyri-neft/qaz sektorunun payına düşəcək.

Gələn il Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 41,1 faizini və ya 13 milyard 865,0 milyon manat təşkil edəcək ki, bu da cari ilin dürüstləşdirilmiş proqnozundan 1 milyard 122,0 milyon manat və ya 7,5 faiz azdır. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin həcmi 12 milyard 781,0 milyon manat və ya ümumi büdcə gəlirlərinin 37,9 faizi həcmində olacaq.

Bundan əlavə, büdcə gəlirlərinin 5,9 milyard manatı və ya 17,5 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 831,0 milyon manatı və ya 2,5 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 388,0 milyon manatı və ya 1,2 faizi isə sair gəlirlərin payına düşəcək.

2024-cü ildə neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 76,3 faizini və ya 12 milyard 781,0 milyon manatını Dövlət Neft Fondundan transfert, 23,7 faizini və ya 3 milyard 975,0 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcək. Növbəti ildə qeyri-neft/qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 58,1 faizini vergi orqanlarının xətti ilə daxilolmalar, 34,7 faizini gömrük orqanlarının xətti ilə daxilolmalar, 4,9 faizini büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən büdcədənkənar fondlara daxilolmalar, 2,3 faizini sair gəlirlər təşkil edəcək

2024-cü il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 71,3 faizi və ya 9 milyard 890,0 milyon manatı qeyri-neft sektorunun, 28,7 faizi və ya 3 milyard 975,0 milyon manatı neft sektorunun payına düşəcək.

2024-cü il üçün 36355,0 milyon manat (ÜDM-in 30,7 faizi) həcmində proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 22 milyard 622,0 milyon manatı və ya 62,2 faizi cari xərclərə, 11 milyard 760,4 milyon manatı və ya 32,3 faizi əsaslı xərclərə, 1 milyard 972,6 milyon manatı və ya 5,4 faizi dövlət borcu və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldiləcək.

Funksional təsnifat üzrə 2024-cü ildə iqtisadi fəaliyyət xərclərinə 7 milyard 380,0 milyon manat (xüsusi çəkisi 20,3 faiz), ümumi dövlət xidmətləri üzrə xərclərə 4 milyard 814,9 milyon manat (xüsusi çəkisi 13,2 faiz), müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 6 milyard 421,0 milyon manat (xüsusi çəkisi 17,7 faiz), səhiyyə xərclərinə 1 milyard 871,3 milyon manat (xüsusi çəkisi 5,2 faiz), sosial müdafiə və sosial təminat üzrə xərclərinə 4 milyard 542,2 milyon manat (xüsusi çəkisi 12,5 faiz), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərinə 2 milyard 956,7 milyon manat (xüsusi çəkisi 8,1 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 574,8 milyon manat (xüsusi çəkisi 1,6 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclərinə 1 milyard 392,7 milyon manat (xüsusi çəkisi 3,8 faiz), mənzil və kommunal təsərrüfatı üzrə xərclərinə isə 364,8 milyon manat (xüsusi çəkisi 1,0 faiz) vəsait yönəldilməsi proqnozlaşdırılır.

Gələn il dövlət büdcəsindən təhsil bölməsi üzrə 102 tədbiri əhatə edən 10 proqramın həyata keçirilməsi üçün 4 milyard 549,9 milyon manat (xüsusi çəkisi 12,5 faiz) məbləğində vəsaitin yönələcəyi proqnozlaşdırılıb.

Kənd təsərrüfatı bölməsi üzrə 40 tədbiri əhatə edən 7 proqramın həyata keçirilməsi üçünsə 1 milyard 109,9 milyon manat (xüsusi çəkisi 3,1 faiz), ətraf mühitin mühafizəsi bölməsi üzrə isə 37 tədbiri əhatə edən 6 proqramın həyata keçirilməsi üçün 376,8 milyon manat (xüsusi çəkisi 1,0 faiz) ayrılması nəzərdə tutulur.

Gələn il dövlət büdcəsinin kəsiri 2 milyard 590,0 milyon manat proqnozlaşdırılır ki, bunun da 1 milyard 854,4 milyon manatının (71,6 faiz) borclanma, 448,0 milyon manatının (17,3 faiz) 2024-cü ilin əvvəlinə ehtimal edilən vahid xəzinə hesabının qalığı, 105,0 milyon manatının (4,1 faiz) özəlləşmədən daxilolmalar və 182,6 milyon manatının (7,1 faiz) "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun vəsaitinin qalığı (həmin fondun kəsirinin bağlanması daxilində) hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.