PRESS REVIEW — PRA.AZ
Cəmiyyət

Dünyanın ən güclü pasportları açıqlandı – Azərbaycan neçənci yerdədir?

Dünyanın ən güclü pasportları açıqlandı – Azərbaycan neçənci yerdədir?

Azərbaycan bu göstəriciyə görə 78-ci pillədə olan Ermənistanı qabaqlayır. Ermənistan vətəndaşları 63 istiqamətə əvvəlcədən viza almadan səfər edə bilirlər.

Dünyanın ən güclü pasportlarının yeni reytinqi açıqlanıb. Sinqapur vətəndaşları ən çox ölkəyə əvvəlcədən viza almadan səyahət etmək imkanına malikdirlər. Azərbaycan isə reytinqdə 73-cü yerdə qərarlaşıb.

Banker.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın investisiya miqrasiyası və vətəndaşlıq üzrə konsaltinq xidmətləri göstərən “Henley & Partners” şirkətinin 2026-cı ilin oktyabr ayı üçün yenilənmiş “Henley Passport Index” hesabatında bildirilir.Reytinqə əsasən, Sinqapur pasportu 193 istiqamətə vizasız və ya əvvəlcədən viza almadan səfər imkanı ilə dünyada birinci yerdədir.

İkinci pilləni Yaponiya, Cənubi Koreya və Birləşmiş Ərəb Əmirlikləri bölüşür. Bu ölkələrin vətəndaşları 188 istiqamətə əvvəlcədən viza almadan səyahət edə bilirlər.

Üçüncü yerdə 187 istiqamətlə İsveç qərarlaşıb. Belçika, Danimarka, Finlandiya, Fransa, Almaniya, İrlandiya, İtaliya, Lüksemburq, Niderland, Norveç və İspaniya isə 186 istiqamətlə dördüncü pilləni bölüşürlər.

Avropa ölkələri reytinqin yuxarı pillələrində say üstünlüyünü qoruyur. Bununla belə, ilk iki yeri tutan dörd ölkədən üçü Asiyada yerləşir.

Azərbaycan pasportu 68 istiqamətə əvvəlcədən viza almadan səfər imkanı ilə 73-cü yerdə qərarlaşıb. Bir il öncə 70-ci sırada idi.

Azərbaycan bu göstəriciyə görə 78-ci pillədə olan Ermənistanı qabaqlayır. Ermənistan vətəndaşları 63 istiqamətə əvvəlcədən viza almadan səfər edə bilirlər.

Regionun digər ölkələrindən Qırğızıstan 59 istiqamətlə 81-ci, Özbəkistan 57 istiqamətlə 82-ci yerdədir. Türkmənistan isə 44 istiqamətlə 93-cü pillədə qərarlaşıb.

Digər ölkələrə gəlincə, ABŞ pasportu 180 istiqamətlə 10-cu yerdədir. Cənubi Amerikada isə Çili, Braziliya və Argentina pasportları daha geniş səyahət imkanları ilə seçilir.

Reytinqin hazırlanmasında Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatlarından istifadə edilir. İndeks 199 pasportu və 227 səyahət istiqamətini əhatə edir.

Qeyd edək ki, reytinqdə yalnız tam vizasız giriş deyil, sərhəddə viza alınması və müəyyən elektron səyahət icazələri ilə səfər imkanları da nəzərə alınır.

Bu xəbəri bəyəndiniz?
Paylaş: