Daşınmaz əmlak bazarında bahalaşma davam edir

16 Noyabr 2025, 20:17
Daşınmaz əmlak bazarında bahalaşma davam edir
Daşınmaz əmlak bazarında bahalaşma davam edir

Daşınmaz əmlak bazarında qiymət artımı tendensiyası davam edir.

Paytaxtın bəzi rayonlarında son bir ayda mənzillərin qiyməti kəskin bahalaşıb.

Ötən ay şəhərin bütün rayonlarında qiymətlər sentyabrla müqayisədə yüksəlib və bu artım daşınmaz əmlakın bütün növlərini əhatə edib.

Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, oktyabr ayında torpaq sahələrinin qiyməti 3,4 %, qeyri-yaşayış obyektlərinin qiyməti isə 2 % artıb. Yeni tikili mənzillərdə ümumi artım 1,9 % təşkil edib. 2000-ci illərin əvvəllərində tikilmiş binalarda qiymətlər 1,5 %, ən yeni tikililərdə isə 2,3 % yüksəlib. Köhnə tikililərdə artım 0,7 %, fərdi yaşayış evlərində 1,1 %, təməl mərhələsində olan layihələrdə isə 3 % olub.

Vüqar Oruc qeyd edib ki, artım tempi Nizamidə 2,3 %, Xətaidə 2,1 %, Səbaildə 2 %, Sabunçuda 1,8 %, Binəqədidə 1,7 %, Suraxanıda 1,5 %, Xəzərdə 1,1 %, Pirallahıda 1,2 %, Qaradağda isə 0,9 % təşkil edib.

O da bildirilib ki, mövcud göstəricilər və bazarın hazırkı dinamikasına əsasən, yaxın perspektivdə Bakıda daşınmaz əmlak qiymətlərinin azalması gözlənilmir. Əksinə, tələbin yüksəlməsi və tikinti şərtlərinin dəyişməsi qiymət artımını daha da sabitləşdirərək bazarda bahalaşma tendensiyasını qoruyacaq.