COP29-da nələr müzakirə edilməlidir?

6 Oktyabr 2024, 22:17
COP29-da nələr müzakirə edilməlidir?
COP29-da nələr müzakirə edilməlidir?

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı daim qlobal ekoloji problemlərin həllinə yönəlib və iqlim dəyişikliyi məsələlərinin müzakirəsi üçün platforma rolunu oynayıb. Lakin bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə qarşı siyasi təzyiqlərə səbəb olub. Qərb dövlətlərinin, xüsusən də ABŞ-nin təsiri ilə beynəlxalq təşkilatlar və KİV-lər Azərbaycana qarşı dezinformasiyalar, saxta ittihamlar yaymaqda davam edirlər.

COP29-un bu cür siyasiləşdirilməsi diqqəti əsas ekoloji problemlərdən yayındırmaq və Azərbaycanın dünya miqyasında nüfuzunu sarsıtmaq cəhdidir. Birincisi, məhz ABŞ ətraf mühitə ən çox ziyan vuran ölkələr sırasında yer alır. Bu dövlət dünyada ən böyük neft istehsalçısı və silahlı münaqişələrin əsas iştirakçısı olaraq qalır. Buna baxmayaraq, Birləşmiş Ştatlar iqlim dəyişikliyi ilə mübarizəyə minimal resurs sərf edir, ictimaiyyətin diqqətini real ekoloji fəaliyyətə deyil, siyasi manipulyasiyaya yönəltməyə üstünlük verir. Bütün dünya ABŞ və inkişaf etmiş ölkələrin iqlim siyasətinə sərmayələri artırmasını gözlədiyi halda, Qərb, əksinə, diqqəti ekoloji problemlərin həllindən yayındırmağa və COP29-dan dövlətlərə təzyiq vasitəsi kimi istifadə etməyə çalışır.

Belə olan halda COP29-da müzakirə ediləcək əsas məsələlərdən biri hərbi sənayenin iqlimə təsiri ola bilər. Hesablamalara görə, bu gün qlobal tullantıların 6%-i hərbi sənayenin payına düşür, lakin real rəqəm bundan xeyli yüksək ola bilər. Şəffaflığın olmaması səbəbindən bir çox ölkə, o cümlədən ABŞ hərbi əməliyyatlarının zərərləri haqqında məlumatı açıqlamaqdan çəkinir. Qərb ölkələri dünyanın müxtəlif yerlərində ədalətsiz müharibələr aparmağa davam edir və nəticədə əhəmiyyətli ekoloji fəlakətlər baş verir. Müharibələr təbii ehtiyatları, ekosistemləri məhv edir və qlobal istiləşməyə böyük töhfə verir.

COP29 məhz bu məsələni müzakirə etmək və silah istehsal edən və ixrac edən ölkələrin məsuliyyətini artırmaq üçün mühüm platforma rolunu oynaya bilər. Bütün bu məsələlər COP29-da ciddi müzakirələrə səbəb ola bilər, çünki müharibələrin iqlimə təsiri beynəlxalq müzakirələrdə ən çox diqqətdən kənarda qalan mövzulardan biridir. Bununla yanaşı, COP29-da ABŞ, Fransa kimi Qərb ölkələrinin neokolonializmi fonunda təbii sərvətləri ekoloji nəticələr nəzərə alınmadan istismar edilən ölkələrin taleyi ilə bağlı sual qaldırıla bilər. Yekun olaraq COP29 müstəmləkəçilik siyasətindən əziyyət çəkməyə davam edən xalqlar üçün platforma yarada və onlara qanuni tələblərini irəli sürməyə imkan verə bilər. Çünki bir çox keçmiş müstəmləkələr onların təbii ehtiyatlarına və iqliminə mənfi təsir göstərən neokolonial siyasətin nəticələrindən əziyyət çəkməkdə davam edir.

Beləliklə, COP29-u siyasiləşdirmək cəhdləri digər qlobal problemlərin də müzakirəsinə gətirib çıxara bilər. Konfrans çərçivəsində dekolonizasiya, müharibə və silahlanmanın ekologiyaya təsiri kimi problemlərin də qaldırılması mümkündür. Məsələn, təbii ehtiyatların istismarının və yerli sakinlərin hüquqlarının pozulmasının hələ də davam etdiyi Fransanın dənizaşırı ərazilərinin statusu müzakirə mövzusu ola bilər.

Azərbaycan çətin geosiyasi şəraitə və Qərb ölkələrinin daimi təzyiqlərinə baxmayaraq, iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə real töhfə verməyə çalışır. Ölkə artıq təmiz texnologiyalar tətbiq edir və bərpa olunan enerji mənbələrini inkişaf etdirir ki, bu da onun beynəlxalq iqlim sazişlərinə sadiqliyini vurğulayır. Azərbaycan bu mühüm hadisənin siyasiləşdirilməsini aradan qaldıraraq qlobal ekoloji problemlərlə daha səmərəli mübarizə aparmağa imkan verəcək konstruktiv həllər təklif etməyə və dialoqu müdafiə etməyə hazırdır.