Bu il universitetlərdə hər 100 yerdən - 48-İ PULSUZ OLACAQ, QRUPLAR, SAYLAR

13 Avqust 2024, 9:02
Bu il universitetlərdə hər 100 yerdən - 48-İ PULSUZ OLACAQ, QRUPLAR, SAYLAR
Bu il universitetlərdə hər 100 yerdən - 48-İ PULSUZ OLACAQ, QRUPLAR, SAYLAR

Azərbaycanda universitetlərdən dövlət hesabına oxuyan tələbələrin sayı ümvmi tələbələrin yarısına çatır.

 Dövlət İmtahan Mərkəzi 2024/2025-ci illərdə ali məktəblərdə qəbul planını və dövlət sifarişli yerlərin sayını açıqlayıb.

Məlum olub ki, qarşıdan gələn mövsümdə ali məktəblərdə qəbul planı 55 min nəfərə yaxın, daha dəqiqi 54 599 tələbə olacaq. Bunlardan 26 250 nəfəri və ya 48%-i dövlət sifarişi ilə olacaq, yəni pulsuz təhsil olacaq.

Əvvəlki dərs ili ilə müqayisədə qəbul planı artırılıb – ötən il qəbul planı 51,8 min nəfər, dövlət sifarişli yerlər təqribən 25 min nəfər idi. Amma ötən il də dövlət sifarişi ümumi planın 48%-ni əhatə edirdi.

Ən çox dövlət sifarişi dəqiq elmlər və texniki ixtisaslara aiddir. 26 mindən artıq dövlət sifarişinin yarıdan çoxu, 14,4 min nəfəri 1-ci qrupun payına düşür. Başqa sözlə, 1-ci qrupa ayrılan təqribən 20 min nəfərlik qəbul planında 14,4 min nəfər və ya tələbələrin 72%-i pulsuz təhsil ala biləcək.

1-ci qrupda ötən il də eyni vəziyyət olub – tələbələrin 72%-nə pulsuz təhsil şəraiti yaradılıb.

2-ci və 3-cü qruplarda dövlət sifarişli yerlərin sayı qat-qat azdır. Belə ki, 2024/2025 təhsil mövsümündə 2-ci qrupda qəbul planı 14 550 nəfər, dövlət sifarişli yerlərin sayı isəcəmi 4390 nəfərdir – yəni bütün tələbələrin 30%-i.

3-cü qrupda də oxşar vəziyyətdir,  15,5 min nəfər qəbul planının yalnız 4,3 min nəfəri dövlət sifarişinə aiddir – cəmi 28%.

Tibbi təhsilin yer aldığı 4-cü qrupda da tələbələrin yarıdan çoxu dövlət hesabına oxuya bilərlər. Bu ilki 4600 nəfərlik qəbul planında dövlət sifarişi olan hissə 3,1 min nəfər və ya 68%-dir.

Ali məktəblərdə qəbul planı və dövlət sifarişi üzrə pulsuz yerlərin sayı

2024/2025 təhsil mövsümü

Qəbul planı 54 599 yer, dövlət sifarişi 26 250 yer – 48%

Yerlər və qruplar üzrə bölgüsü -

1-ci qrup - 19 990 yer, dövlət sifarişi 14 407 yer – 72%

2-ci qrup - 14550 yer, dövlət sifarişi 4 390 yer – 30%

3-cü qrup 15 459 yer, dövlət sifarişi 4 318 yer – 28%

4-cü qrup 4 600 yer, dövlət sifarişi 3 135 yer – 68%

 

2023/2024 təhsil mövsümü

Qəbul planı 51 838 yer, dövlət sifarişi 24 983 yer – 48%

Yerlər və qruplar üzrə bölgüsü -

1-ci qrup - 18 386 yer, dövlət sifarişi 13 348 yer – 72%

2-ci qrup 13 285 yer , dövlət sifarişi 4 325 yer – 32%

3-cü qrup 16 067 yer, dövlət sifarişi 4 265 yer – 27%

4-cü qrup 4100 yer, dövlət sifarişi 3045 yer – 74%

 

Qeyd edək ki, son 4 ildə Azərbaycanın ali təhsil müəssisələrində dövlət hesabına pulsuz təhsil verilən yerlərin sayı artıb.

FED.az xəbər verir ki, 2021/2022-ci tədris ilində qəbul planı 49 988 yer, dövlət sifarişli (yəni pulsuz) yerlərin sayı isə 22 500 idi. Dövlət sifarişli yerlərin sayı ümumi qəbul planının 45%-ni təşkil edirdi. 

2022/2023-cü il mövsümündə isə qəbul planı 51 826 yer, dövlət sifarişli yerlər 23 072 yer olub. Başqa sözlə, dövlət hesabına pulsuz təhsil yerləri 44,5% təşkil edib.

Nəticədə son 4 ildə dövlət hesabına pulsuz təhsil yerləri 22,5 mindən 26,3 min nəfərə yüksəlib.

Artım tendensiyası, yəni dövlət hesabına pulsuz təhsilin artması özünü ayrı- ayrı qruplarda da göstərir.

Məsələn 2021/2022-ci tədris ilində 1-ci qrup üzrə ümumi qəbul planı 15 658 yer, dövlət hesabına pulsuz təhsil imkanı 9 882 yer, yəni 63% idi, indi bu rəqəm 72% olub.

2-ci və 3-cü ixtisas qruplarında nisbət demək olar ki, dəyişməyib.