"Bayırşəhər" də mülkiyyət düyünü: Qanun nə deyir, BŞİH nə edir?

Xəbər verildiyi kimi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva “Bayırşəhər” sakinlərinin mülkiyyət hüquqlarının pozulması ilə bağlı şikayətləri əsasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısına rəsmi sorğu göndərərək məsələyə dair məlumat və mövqe istəmişdi.
Xəbər verildiyi kimi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva “Bayırşəhər” sakinlərinin mülkiyyət hüquqlarının pozulması ilə bağlı şikayətləri əsasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısına rəsmi sorğu göndərərək məsələyə dair məlumat və mövqe istəmişdi.
Eldar Əzizov Ombudsmana cavabında bildirmişdi ki, “Təzə Pir” məscidinin və “Nizami” metrostansiyasının ətrafında yerləşən ərazilərdə XX əsrin əvvəllərində tikilmiş, istismar müddətini başa vurmuş, bərpası səmərəsiz və mümkün olmayan, şəhərin ümumi görkəminə xələl gətirən tikililərin dövlət büdcəsi hesabına satın alınaraq sökülməsi və boşaldılmış ərazilərdə istirahət zonalarının yaradılması qərara alınıb.
Burada maraqlı bir məqam var.
2019-cu ildə həmin ərazidə yerləşən və hazırda söküntüyə məruz qalan bir sıra binalarda dövlət büdcəsi hesabına təmir-bərpa işləri aparılıb. Həmin dövrdə də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov idi.
Bu halda təbii sual yaranır: əgər bu tikililər “istismar müddətini başa vurmuş” və “bərpası mümkün olmayan” vəziyyətdə idisə, 2019-cu ildə onların təmirinə dövlət büdcəsindən niyə vəsait xərclənirdi? Yox, əgər həmin vaxt bərpası mümkün idisə, sonrakı illərdə onların bərpasının artıq mümkün olmadığı hansı texniki müayinə və ya ekspertiza ilə müəyyən edilib?
Çünki “istismar müddətini başa vurmuş”, “bərpası səmərəsiz” və xüsusilə “bərpası mümkün olmayan” ifadələri sadəcə inzibati mövqe deyil. Bunlar konkret texniki əsaslandırma tələb edən nəticələrdir. Lakin ictimaiyyətə açıqlanan cavabdan bu nəticələrin hansı ekspertiza və ya texniki rəyə əsaslandığı görünmür.
Başqa mühüm məsələ isə söküntünün hüquqi əsasıdır.
Eldar Əzizov tikililərin dövlət büdcəsi hesabına satın alınaraq sökülməsinin və ərazidə istirahət zonalarının yaradılmasının “qərara alındığını” bildirir. Amma burada əsas sual budur:
Kim qərar verib və hansı hüquqi aktla?
Məsələn, 2016-cı ildə Yasamal rayonunda 283 yaşayış və qeyri-yaşayış obyektinin alınması ilə bağlı Nazirlər Kabinetinin ayrıca 533 nömrəli qərarı qəbul edilmiş və Yasamal Rayon İcra Hakimiyyəti “alan orqan” müəyyən edilmişdi.
İndi isə hüquqşünas Camal Bağırzadə sosial media səhifəsində bildirib ki, “Bayırşəhər”lə bağlı məhkəməyə müraciət edib və hazırda proses davam edir.
Onun paylaşdığı məlumata görə, Bakı İnzibati Məhkəməsinin hakimi layihənin dövlət sifarişi olub-olmadığını müəyyənləşdirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə sorğu göndərib.
Bakı Şəhər İcra Hakimiyyəti isə məhkəməyə cavabında, Bağırzadənin bildirdiyinə görə, layihənin hüquqi əsasını müəyyən edən konkret qərara istinad etməyib, bu işlər üçün Maliyyə Nazirliyi tərəfindən vəsait ayrıldığını bildirib.
Amma dövlət büdcəsindən vəsaitin ayrılması ilə xüsusi mülkiyyətin məcburi alınması və sökülməsinə hüquqi əsas verən qərar eyni şey deyil.
Beləliklə, hələ də iki əsas sual açıq qalır:
1. Bu evlərin “istismar müddətini başa vurmuş” və “bərpası mümkün olmayan” olması hansı ekspertiza və texniki rəy əsasında müəyyən edilib?
2. Xüsusi mülkiyyətdə olan bu daşınmaz əmlakların satın alınması və sökülməsi barədə qərarı hansı səlahiyyətli dövlət orqanı, nə vaxt və hansı hüquqi aktla qəbul edib?
Bu iki suala sənədlərlə cavab verilməsi “Bayırşəhər”də baş verənlərin hüquqi mahiyyətini anlamaq üçün olduqca vacibdir