Bakıda dönərxana 20 uşağı xəstəxanalıq etdi - Yenilənib

25 Oktyabr 2023, 9:27
Bakıda dönərxana 20 uşağı xəstəxanalıq etdi - Yenilənib
Bakıda dönərxana 20 uşağı xəstəxanalıq etdi - Yenilənib

Bu gün Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdə təhsil alan 16 şagirddə müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilməsi haqqında məlumat daxil olub.

Bu barədə “Qafqazinfo”ya BŞTİ-dən bildirilib.

Məlumata əsasən, qeyd olunan təhsil müəssisələrinin müxtəlif siniflərində təhsil alan şagirdlərlə bağlı onların valideynləri (bir neçə şagirddə narahatlıq evdə müşahidə olunub), məktəblərin rəhbərliyi və "Məktəblinin dostu" layihəsinin əməkdaşları tərəfindən dərhal təcili-tibbi yardıma müraciət olunub. İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər müvafiq səhiyyə müəssisəsinə yerləşdirilib. Onlar müvafiq müayinə və müalicə proseduruna cəlb olunub.  

Məktəblərin rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və məktəbdə halı pisləşən şagirdlərin valideynlərinə də məlumat verilib. 

Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yediklərini bildiriblər.

Aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb.

Qeyd edək ki, elm və təhsil nazirinin müşaviri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və müvafiq təhsil müəssisələrinin rəhbərliyi müayinə və müalicəyə cəlb olunmuş şagirdlərin vəziyyəti ilə tanış olmaq üçün onlara baş çəkiblər.

***

Hadisə ilə bağlı TƏBİB də məlumat yayıb.

Bildirilib ki, oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub.

Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 20 şagird hospitalizasiya olunur. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri stabil qiymətləndirilən uşaqların müalicələri davam etdirilir.

Qeyd edək ki, uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.