Azərbaycanın pulları Türkiyə əmlakçılarının cibinə axır

20 Aprel 2025, 20:38
Azərbaycanın pulları Türkiyə əmlakçılarının cibinə axır
Azərbaycanın pulları Türkiyə əmlakçılarının cibinə axır

Qardaş ölkədə tez-tez zəlzələ olduğunu nəzərə alsaq, ev almaq yatırım kimi sərfəlidirmi?

Bu ilin yanvar-mart aylarında Azərbaycan vətəndaşları Türkiyədə 203 mənzil alıblar. Bu barədə “Report” Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir. Məlumata görə, bu, 2024-cü ilin birinci rübü ilə müqayisədə 34 mənzil və ya 20,1% çoxdur. Təkcə mart ayında Azərbaycan vətəndaşları Türkiyədə 66 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9 mənzil və ya 15,8% çoxdur.

Mart ayında Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında 6-cı yerdə qərarlaşıb.Ümumilikdə, bu ilin birinci rübündə Türkiyədə xarici vətəndaşlara 4 603 mənzil satılıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 126 mənzil və ya 19,6% azdır.

Təkcə martda isə xaricilər Türkiyədə 1 580 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 211 mənzil və ya 11,8% azdır.

Yanvar-mart aylarında Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Onlara ötən rüb ərzində 779 mənzil satılıb. İllik müqayisədə bu göstərici 582 ədəd və ya 42,8 % azalıb. Martda isə rusiyalılar Türkiyədə 275 mənzil alıblar ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 136 ədəd və ya 33,1% azdır.

Növbəti yeri İran vətəndaşları tutublar. İranlılara ötən rüb ərzində bu ölkədə 448 mənzil satılıb ki, bu da illik müqayisədə 142 ədəd və ya 24,06% azdır. Mart ayında iranlılara 153 mənzil satılıb ki, bu da eyni ayı ilə müqayisədə 29 mənzil və ya 15,9% azdır.

İlk 3-lüyü isə Ukrayna qapadır. Yanvar-mart aylarında Ukrayna vətəndaşları Türkiyədə 304 mənzilə sahib olublar. Bu da 2024-cü ilin ilk rübü ilə müqayisədə 57 mənzil və ya 15,8% azdır. Mart ayında isə ukraynalılar Türkiyədə 124 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 5 mənzil və ya 3,9% azdır.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan vətəndaşları Türkiyədə 866 mənzil alıblar.

Bəs bu evləri nə edirlər? Türkiyədə tez-tez zəlzələ olduğunu nəzərə alsaq, ev almaq yatırım kimi sərfəlidirmi? Evləri alıb kirayəmi verirlər?

Mütəxəssislər qeyd edir ki, Azərbaycan vətəndaşlarının Türkiyədə aldıqları evlər əsasən yatırım, investisiya məqsədi daşıyır. Belə ki, Türkiyədə daşınmaz əmlak bazarı uzun illərdir xarici investorlar üçün cazibədar hesab olunur. Evlərin qiyməti qalxdığı üçün bir çoxları bu evləri sərmayə məqsədilə alır, gələcəkdə baha qiymətə satmaq ümidi ilə.

Burada icarəyə vermək məsələsi də var. Xüsusilə İstanbul, Antalya, İzmir kimi şəhərlərdə alınan mənzillər turistlərə və ya yerli əhaliyə kirayə verilir. Qısamüddətli (Airbnb və s.) və ya uzunmüddətli kirayələrdən gəlir əldə edilir.

Həmçinin bəzi azərbaycanlılar bu evləri özləri və ya ailə üzvləri üçün yay aylarında istirahət, təqaüd dövründə qalmaq, ya da müvəqqəti yaşamaq məqsədilə alırlar. Xüsusilə Antalyada bu məqsədlə ev alanlar çoxdur.

Amma o da məlumdur ki, Türkiyə, xüsusilə də şərq və cənub bölgələri seysmik zonada yerləşir. 2023-cü ildə baş verən dağıdıcı Kahramanmaraş zəlzələsi bu riski bir daha xatırlatdı. Lakin bununla belə, zəlzələ riski olsa da, Türkiyənin bəzi bölgələrində daşınmaz əmlak qiymətləri hələ də artmaqdadır. Xüsusilə turizm bölgələrində alınan evlər stabil gəlir mənbəyi ola bilir.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışıb. Ekspert bildirib ki, Türkiyədə daşınmaz əmlak bazarı dünyanın ən sürətlə inkişaf edən və qiymətlərin tez-tez dəyişdiyi bazarlardan biridir. Onun sözlərinə görə, azərbaycanlıların bu bazara maraq göstərməsinin əsas səbəblərindən biri gəlirli və etibarlı yatırım imkanıdır: “Türkiyədə ev alan şəxslər bir neçə ildən sonra həmin mənzili daha yüksək qiymətə sata bilirlər. Bu praktika xüsusilə son illərdə daha da geniş vüsət alıb. Yəni insanlar aldıqları evi birbaşa istifadə etmək üçün deyil, gələcəkdə qazanc əldə etmək məqsədilə sərmayə kimi də görürlər. Xüsusilə dənizə yaxın və turizm baxımından cəlbedici olan bölgələr, əsasən Antalya, Alanya, Muğla, Kuşadası, Marmaris, İzmir və İstanbul azərbaycanlılar üçün daha çox maraq doğurur. Bu bölgələrdə yerləşən evləri ilboyu kirayə vermək mümkündür. Artıq dünyada hotellərdən çox yaşayış evlərinin qısamüddətli icarəsi daha populyar hala gəlib. İnsanlar şəxsi evlərdə qalmağı üstün tuturlar və bu məqsədlə fəaliyyət göstərən bir sıra beynəlxalq platformalar var. Airbnb, Booking və buna bənzər saytlarda, sadəcə, evlərin icarəsi ilə məşğul olan şirkətlər çalışır. Evi alan şəxslər bu şirkətlərlə müqavilə bağlayır, idarəetməni onlara həvalə edirlər. Bu zaman ev sahibi heç bir əlavə əməliyyat aparmadan, sadəcə, sistem üzərindən aylıq qazancını şəffaf şəkildə izləyə bilir”.

Natiq Cəfərli bildirir ki, belə sutkalıq kirayə sistemi ilə yüksək gəlir əldə etmək mümkündür. Məhz bu səbəbdən, Azərbaycan vətəndaşları da dünyanın bir çox ölkəsindən olan insanlar kimi, Türkiyənin daşınmaz əmlak bazarına ciddi maraq göstərirlər: “Təbii ki, zəlzələ riski olan bölgələr azərbaycanlı investorlar üçün cazibədar deyil. Əsasən turizm və inkişaf baxımından populyar ərazilərə üstünlük verilir. Bu da investisiya risklərini azaldır və mənzilə qoyulan sərmayənin gəlirliliyini artırır. Xüsusilə İstanbulda ev qiymətləri son illərdə çox sürətlə artır, bu isə şəhəri daşınmaz əmlaka sərmayə baxımından daha da cəlbedici edir”.

Ekspertin fikrincə, gələcək illərdə də bu tendensiyanın davam edəcəyi gözlənilir. Türk lirəsinin dəyərsizləşməsi fonunda xarici investorlar, o cümlədən azərbaycanlılar üçün Türkiyədə ev almaq daha əlverişli görünür.