Azərbaycanda Rusiyanın «Mir» kartları işləyə bilər

25 İyul 2024, 21:02
Azərbaycanda Rusiyanın «Mir» kartları işləyə bilər
Azərbaycanda Rusiyanın «Mir» kartları işləyə bilər

Azərbaycanda «Mir» ödəniş sisteminin kartlarından istifadə mümkün olacaq.

 

«Mir» kartları ölkədə yeni fəaliyyətə başlaması nəzərdə tutulan Milli Rezervasiya Platformasında istifadə olunacaq. Milli Rezervasiya Platforması ölkədəki ulduzlu otelləri əhatə edən «booking» prinsipi ilə işləyən sistemdir. Xarici və yerli turistlər sentyabrdan işə düşməsi gözlənilən bu sistemə daxil olaraq ölkədə otel bronlaya biləcəklər.

Yeni sistemin özəlliklərindən biri də indiyədək banklar tərəfindən qəbul edilə bilməyən ödəniş vasitələrinin də qəbul edilməsi olacaq. Bura digər ödəniş üsulları ilə yanaşı, Rusiyanın «Mir» sistemi də aiddir. Qeyd edək ki, «Mir» ödəniş kartları Qərbin sanksiyaları səbəbindən bəzi ölkələrdə işləyə bilmir və banklar sanksiyaya görə onları qəbbul etmir.

Bununla yanaşı, Rusiya - turizm sahəsində Azərbaycanın ən böyük hədəf bazarıdır. Ölkəyə gələn xarici turistlərin böyük bir hissəsi şimal qonşumuzun payına düşür. Təkcə 2024-cü ilin ilk yarım ilində ölkəyə gələn 1,2 milyon turistdən təqribən 30%-i və ya 360 min nəfəri Rusiya vətəndaşlarının payına düşür. Buna görə də turizm sektorunun nümayəndələri Rusiya turistləri ilə işləmək üçün imkanlar və variantlar axtarır.