Azərbaycanda pullu yollar dövrü başlayır – TARİF ŞURASINA TAPŞIRIQ VERİLDİ - YENİ QƏRAR

6 Sentyabr 2023, 22:18
Azərbaycanda pullu yollar dövrü başlayır – TARİF ŞURASINA TAPŞIRIQ VERİLDİ - YENİ QƏRAR
Azərbaycanda pullu yollar dövrü başlayır – TARİF ŞURASINA TAPŞIRIQ VERİLDİ - YENİ QƏRAR

Azərbaycanda ölkə tarixində ilk ödənişli yolla bağlı qərar qəbul edilib.

FED.az xəbər verir ki, Nazirlər Kabineti « M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolunun 129 kilometrlik hissəsinin ödənişli yol kimi müəyyən edilməsinə dair tədbirlər haqqında» qərar qəbul edib.

Qərara əsasən H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib. Qərara əsasən ödənişli yoldan istifadə haqqını Tarif Şurası müəyyən edəcək, bununla bağlı Şuraya tapşırıq verilib.

Ödənişli yol Bakıdan 52-ci kilometrdə başlayıb bu yolun Qusar Xudat yolu ilə kəsişməsində başa çatır.

Qərarda göstərilir ki, ödənişli yola alternativ ödənişsiz yol da var, onun uzunluğu 142 kilometrdir, yəni ödənişli yoldan 13 kilometr daha uzundur, amma onun keyfiyyəti daha aşağıdır.

Belə ki, ödənişli yolun texniki göstəricisi tamamilə I b dərəcəli olduğu halda, ödənişsiz yolun 80 kilometrinin texniki göstəricisi I b dərəcəli, 62 kilometr isə II dərəcəlidir.

Bundan başqa, ödənişli yol tamamilə 4 zolaqlı olduğu halda, ödənişsiz yolun 80 km hissəsində 4 zolaq, 62 km hissəsində isə 2 zolaq var. Yol yatağının eni də 80 km-də 27 metr, 62 km-lik hissədə isə 15 metrdir.

Qərara əsasən ödənişli yol başqa yollarla da kəsişir, bunlar:

1. M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 75-ci kilometri - Giləzi qəsəbəsi;

2. M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 105-ci kilometri - Siyəzən rayonu;

3. R-1 Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 1-ci kilometri - Gəndob qəsəbəsi;

4. R-4 Quba-Xaçmaz avtomobil yolunun 19-cu kilometri - Xaçmaz rayonu;

5. R-5 Qusar-Xudat yolunun 22-ci kilometri - Xaçmaz rayonudur.

Qərara əsasən Tarif Şurasına tapşırılıb ki, ödənişli avtomobil yolu ilə nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi, nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla təsdiq etsin.

Eyni zamanda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıbö ki, ödənişli avtomobil yolunda nəqliyyat vasitələrinin gedişinin təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.