Azərbaycana daxil olan valyuta çıxanı üstələyib - TƏDİYƏ BALANSI AÇIQLANDI

12 Sentyabr 2023, 13:51
Azərbaycana daxil olan valyuta çıxanı üstələyib - TƏDİYƏ BALANSI AÇIQLANDI
Azərbaycana daxil olan valyuta çıxanı üstələyib - TƏDİYƏ BALANSI AÇIQLANDI

 

2023-cü ilin 6 ayı üzrə tədiyə balansı əsasən neft və qaz qiymətlərinin əlverişli olması, qeyri-neft-qaz ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyllərdən təsirlənmişdir. Cari əməliyyatlar balansında 5 milyard 155 milyon dollar, kapital və maliyyənin hərəkəti hesabında isə 509 milyon dollar profisit yaranmış, ehtiyat aktivləri 5 milyard 245 milyon dollar artmışdır. Bu dövrdə xam neftin orta qiyməti 81 dollar/barel olmuş, qeyri-neft-qaz ixracı isə 23% artaraq 1.7 milyard dollar səviyyəsində formalaşmışdır.

Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 6 ayı üzrə tədiyə balans əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirlənmişdi. Cari əməliyyatlar balansında 10 milyard 331 milyon dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 5 milyard 298 milyon dollar kəsir yaranmış, ehtiyat aktivləri 4 milyard 633 milyon dollar artmışdı. Bu dövrdə xam neftin orta qiyməti 101 dollar/barel olmuş, qeyri-neft ixracı isə 32.6% artaraq 1.4 milyard dollar səviyyəsində formalaşmışdı.

Cari əməliyyatlar balansına ölkənin xarici ticarət balansı, xidmətlər balansı, ilkin gəlirlər balansı və təkrar gəlirlər balansı daxildir. Ehtiyat aktivlər - cari əməliyyatlar balansında və kapital və maliyyənin hərəkəti hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin strateji valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Təcrübədə cari əməliyyatlar balansı profisitli olduqda, bu profisit kapital və maliyyənin hərəkəti hesabının kəsirini maliyyələşdirir. Əgər cari əməliyyatlar balansının profisiti kapital və maliyyənin hərəkəti hesabının kəsirini üstələyirsə, bu halda yaranmış fərq ehtiyat aktivlərini artıra bilər.