Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2023-cü ilin avqust ayında valyuta hərraclarında $93,9 milyon məbləğində xarici valyuta satıb.
Xəbər verildiyi kimi, ARDNF 2023-cü ilin iyul ayında $272,7 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, avqustda xarici valyuta satışının həcmi 2,9 dəfə azalıb.
2023-cü ilin yanvar-avqust aylarında ARDNF valyuta hərraclarında $1 milyard 937,7 milyon məbləğində xarici valyuta (2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə azalma 42,9% - İF) satıb.
Hazırda ARDNF valyuta hərraclarında valyutanın əsas satış mənbəyi kimi çıxış edir. Mərkəzi Bank hərracların bir çoxunda təklifin tələbi üstələdiyini qeyd edir.
Azərbaycan Dövlət Neft Fondu 2022-ci ildə valyuta hərraclarında $4 milyard 681,8 milyon məbləğində xarici valyuta satıb ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 30% azdır. (İnterfaks-Azərbaycan)