Türkiyədə daşınmaz əmlak sektorunda maraqlı yenilik gözlənilir.
FED.az yerli mətbuata istinadən xəbər verir ki, hökumətin təşəbbüsünə əsasən evlərində qohumlarını kirayə haqqı olmadan saxlayanlardan vergi tutulacaq.
Türkiyənin Maliyyə Nazirliyi tərəfindən 2024-cü ilin mart ayında bəyan ediləcək 2023-cü il kirayə gəlirləri ilə bağlı yoxlama işlərinə başlanılıb. İlkni məlumatlara görə, Torpaq Reyestri və Kadastr Baş İdarəsi ilə Əhali və Vətəndaşlıq İşləri Baş Müdirliyindən alınan rəqəmlər müqayisə edilərək, kirayəçi və ev sahibi kimi kirayə gəliri əldə etmək potensialı olan təxminən 4,5 milyon ev araşdırılıb.
Araşdırma zamanı həmin evlərin mülkiyyətçiləri ilə burada qalanlar arasında qohumluq əlaqələrinin olub olmadığı yoxlanılıb. Məlum olub ki, ölkədə 2 milyona yaxın ev kirayəyə verilə bilər. Amma o da məlum olub ki, burada yaşayanların bir hissəsi ev sahibinin uzaq qohumlarıdır.
Türk ekspertləri bildirir ki, Maliyyə Nazirliyi sözügedən 2 milyon evə bir-bir gedərək hansının kirayəyə verildiyini, burada kimlərin yaşadığını müəyyənləşdirəcək. Bu kontekstdə kirayəçilərdən icarə müqaviləsi, icarəyə götürdükləri tarix, icarə haqqı və ödənişi necə həyata keçirdikləri ilə bağlı məlumat vermələri xahiş olunacaq.
Qanuna görə, kirayəyə verilən evlərdən icarə haqqına uyğun vergi tutulur. Amma qohumlar həmin evlərdə pulsuz qaldıqlarına görə, vergi də ödənilmir.
İndi isə təklif olunur ki, yaxın qohumları (ata, ana, övladlar) çıxmaq şərtilə uzaq qohumların yaşadığı evlərdən də vergi tutulsun. Bu verginin məbləği orada adi kirayəçi qaldıqda ödənilməli olan kirayə haqqına uyğun olacaq.
Ekonomimcom-un köşə yazarı Abdullah Tolu bildirir ki, «Vergi Qanununda «ev kirayəsiz, pul faizsiz ola bilməz» qaydası keçərlidir. Bu qaydaya görə, mülkiyyətində olan evlər icarə haqqı olmadan vətəndaşlara buraxıla bilməz. Bunun qarşısını almaq üçün Gəlir Vergisi Qanununda “presedent icarə haqqı” tənzimləməsi aparılıb».