Reuters/Ipsos tərəfindən keçirilən yeni ictimai rəy sorğusunun nəticələrinə görə, Donald Trampın fəaliyyətinin bəyənilmə reytinqi ABŞ prezidenti kimi ikinci müddətinin başlanmasından bəri ən aşağı səviyyəyə enərək 34% təşkil edib. Onun fəaliyyətini bəyənməyənlərin payı isə 64%-ə çatıb.
Sorğu iyunun 18–22-də keçirilib və 1 262 yetkin amerikalı iştirak edib.
Araşdırma göstərib ki, seçkilər hazırda keçirilsəydi, müstəqil qeydiyyatdan keçmiş seçicilərin yalnız 17%-i respublikaçılara səs verərdi. Demokratları dəstəkləməyə hazır olanların payı isə 34% təşkil edir.
Amerikalıların narazılığına səbəb olan əsas məsələlərdən biri Donald Trampın İranla başlatdığı müharibədir. Respondentlərin yalnız 23%-i hesab edir ki, ABŞ hazırda İrana münasibətdə müharibədən əvvəlkindən daha güclü mövqedədir. Sorğuda iştirak edənlərin 35%-i isə ABŞ-nin mövqeyinin zəiflədiyini düşünür.
Amerikalıların yalnız dörddə biri bu müharibəyə xərclənən vəsaitlərin özünü doğrultduğunu hesab edir. Respondentlərin 50%-i isə bunun əksini düşünür.
Bundan əlavə, sorğu iştirakçılarının təxminən 63%-i İranla əldə olunmuş atəşkəsin uzunmüddətli olmayacağına inanır.