Seçkidən sonra nələr olacaq?

29 Yanvar 2024, 10:26
Seçkidən sonra nələr olacaq?
Seçkidən sonra nələr olacaq?

Fevralın 7-də keçiriləcək Prezident seçkilərinə az müddət qaldıqca seçkidən sonra gözlənən proseslərə maraq daha da artır. Xüsusilə də sosial-iqtisadi sahədə ölkədə hansı yeniliklərin olacağı böyük maraq doğurur. Bunların arasında manatın məzənnəsində, Tarif Şurası tərəfindən təyin edilən mal və xidmətlərin qiymətlərində hər hansı bir dəyişikliklərin olub-olmayacağı xüsusi yer tutur. 

Maraqlıdır, seçkilərdən sonra ölkənin sosial-iqtisadi həyatında hansı dəyişikliklərin baş verməsi mümkündür?

İqtisadçı Rəşad Həsənov hesab edir ki, seçkilərdən sonra Azərbaycanın iqtisadiyyatında fundamental dəyişikliklər baş verməyəcək. Bu barədə gözləntilərini “Qafqazinfo”ya danışan iqtisadçı deyir ki, bu istiqamətdə müəyyən kiçik dəyişikliklərin baş verməsi mümkündür: “Məmurların əlindəki kapitalın bir hissəsinin iqtisadiyyata daha sürətli axması prosesi baş verə bilər. Bu da iqtisadiyyata müəyyən dövr ərzində müsbət təsir göstərə bilər. Ola bilsin ki, iqtisadi siyasəti həyata keçirən qurumlarda kadr dəyişikliyi gündəmə gəlsin. Ehtimal var ki, Dövlət Gömrük Komitəsinin səlahiyyətləri digər qurumlar arasında bölünsün. Belə olduğu təqdirdə ölkəyə idxalda müəyyən liberallaşma ilə əlaqədar real dəyişikliklər mümkündür”. 

Gözlənilən digər hadisə isə sərhədlərlə bağlıdır. R.Həsənov güman edir ki, seçkidən sonra quru sərhədlərin açılması ilə bağlı qərar veriləcək. Bunun iqtisadiyyatın digər sahələrinə real təsiri olacaq. Xüsuilə də turizmdə müəyyən sıçrayışlar qeydə alına bilər. Bu mənada turizm sektoru 2024-cü il üzrə iqtisadi inkişafa əhəmiyyətli töhfə verə bilər. Çünki əvvəlki illərdə Azərbaycana turist səfərlərinin 60 faizi qonşu ölkələrdən quru yol üzrə formalaşırdı: “Sərhədlərin açılması, eyni zamanda, sərhədyanı kiçik ticarətin son 3 ildə yaşadığı durğunluqdan müəyyən qədər çıxmasına səbəb olacaq. Burada da fəallıq artacaq. Bir milyona yaxın ölkə vətəndaşının sərhədyanı ərazilərdə yaşadığını nəzərə alanda, qonşu ölkələrin bazarlarının qiymət üstünlüyü onlara ailə büdcələrini səmərəli idarə etmək üçün əlverişli şərait yaradır”.

Ekspertin sözlərinə görə, fundamental dəyişikliklər yalnız uzunmüddətli dövrdə ola bilər: “Məsələn, ehtimal olunur ki, Azərbaycan 2025-ci ilin sonuna qədər Ümumdünya Ticarət Təşkilatına daxil ola bilər. Bu məsələ ilə əlaqədar hazırda qismən fəallıq müşahidə olunur. Seçkidən sonra bu məsələnin daha ciddi mərhələyə daxil olması mümkündür”.

İqtisadçı Xalid Kərimli də seçkidən sonra köklü dəyişikliklərin baş verəcəyini düşünmür. Məsələ ilə fikirlərini “Qafqazinfo” ilə bölüşən ekspert deyir ki, ölkənin ərazi inzibati idarəetmə formasında hər hansı bir dəyişikliyin edilməsi mümkündür: ”Ölkə başçısı da müsahibələrində Qarabağ və Şərqi Zəngəzurda yeni idarəetmə formalarının tətbiq edildiyini və gələcəkdə bunun digər bölgələrə də  yayıla biləcəyinə işarə etmişdi. Lakin bildiyim qədərilə bunun üçün Konstitusiyaya dəyişiklik edilməlidir”.  

Müsahibimiz xatırladır ki, minimum əməkhaqqı və pensiyaların məbləğində dəyişikliklə bağlı sərəncamlar adətən ilin sonu və ya əvvəlində olsa da cari ildə bu, baş vermədi. Həmçinin bu barədə hər hansı bir vəd də yoxdur: “Ölkənin prioritetləri var. İnklüziv və yaşıl enerji iqtisadiyyatının inkişaf etdirilməsi, Qarabağ və Şərqi Zəngəzura dayanıqlı qayıdışın təmin olunması kimi istiqamətlərdə tədbirlər planı həyata keçiriləcək. Bundan başqa, şəffaflığın və elektronlaşmanın daha da sürətlə davam edəcəyini düşünürəm”. 

Prezident seçkilərində İlham Əliyevin seçki platformasına gəldikdə, qarşıdakı 7 ildə iqtisadi idarəetmənin müasirləşdirilməsi, inkişafın hərəkətverici qüvvəsi olan yaradıcı, rəqabətqabiliyyətli və məhsuldar sahibkar sinfinin gücləndirilməsi, yeni bilik və texnologiya gətirən özəl təşəbbüslərin, o cümlədən birbaşa xarici investisiyaların təşviq olunması hədəf kimi qeyd edilib. Həmçinin hər bir vətəndaşın özəl sektorda biliyinə, bacarığına və marağına uyğun iş seçimi, çəkilən  zəhmətin daha layiqli dəyərini alması imkanlarının yaradılması vəd olunub. Bildirilib ki, dövlətin təqdim etdiyi imkanlardan bərabər faydalanmaq üçün yeni mexanizmlər və innovativ həllər tətbiq olunacaq.