Rusiya və Hindistan arasında ticarət dövriyyəsi rekord səviyyəyə çatıb

20 Fevral 2024, 9:28
Rusiya və Hindistan arasında ticarət dövriyyəsi rekord səviyyəyə çatıb
Rusiya və Hindistan arasında ticarət dövriyyəsi rekord səviyyəyə çatıb

Rusiya və Hindistan arasında 2023-cü ildə ticarət dövriyyəsi 1,8 dəfə artaraq rekord 65 milyard dollara çatıb, nəticədə Moskva Dehlinin dördüncü ən böyük ticarət tərəfdaşı olub.

Bu barədə Marja.az Hindistan statistika xidmətinin hesablamalarına istinadən xəbər verir.

Ötən il Hindistanın Rusiya məhsullarının idxalı 1,8 dəfə artaraq 60,1 milyard dollar təşkil edib. Rusiya Hindistanın ikinci ən böyük mal tədarükçüsü olub. Ölkənin birinci mal tədarükçüsü 100 milyard dollar olmaqla Çindir. 

Hindistan mallarının Rusiyaya ixracı 1,4 dəfə artaraq 4 milyard dollara çatıb. Hindistan ən çox ABŞ (76 milyard dollar), BƏƏ (33 milyard dollar), Hollandiya (23 milyard dollar), Çin (16 milyard dollar) və Britaniyaya (12 milyard dollar) məhsullar ixrac edir.

Nəticədə Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi bir il əvvəlki 37 milyard dollardan 65 milyard dollara yüksəlib və Rusiya Hindistanın əsas ticarət tərəfdaşları arasında Səudiyyə Ərəbistanını sıxışdıraraq dördüncü yeri tutub.

ABŞ ötən il Hindistanın əsas ticarət tərəfdaşı olaraq qalıb, iki ölkə arasında ticarətin həcmi il ərzində 9% azalaraq 119 milyard dollar olub. Daha sonra Çin (-2%, 116 milyard dollara qədər) və BƏƏ (-7%, 78 milyard dollar) gəlir. İlk beşliyi Hindistanla ticarət dövriyyəsi il ərzində 17% azalaraq 44 milyard dollara düşmüş Səudiyyə Ərəbistanı bağlayır.