Qlobal ərzaq böhranı olacaqmı? - təhlil

30 İyun 2022, 21:50
Qlobal ərzaq böhranı olacaqmı? - təhlil
Qlobal ərzaq böhranı olacaqmı? - təhlil

Qərb Rusiyanın planını pozmaq üçün fəaliyyətlərini genişləndirir

Yaxın aylarda dünyada ərzaq böhranı yaşana və kasıb ölkələrin əhalisi bundan ciddi şəkildə təsirlənə bilər. Son aylarda ən müxtəlif səviyyələrdə beynəlxalq təşkilatlardan, ayrı-ayrı dövlət rəhbərlərindən bu barədə xəbərdarlıqlar gəlməkdədir. Və bütün dünya bu böhranın əsas səbəbkarı olaraq Rusiyanı göstərir ki, bu da təsadüfi deyil.

Belə ki, Ukrayna limanlarını mühasirədə saxlayan Rusiya bu ölkənin kənd təsərrüfatı məhsullarının ixracının qarşısını alır. Eyni zamanda özü taxıl ixracına yüksək rüsum təyin etməklə qlobal ərzaq bazarında qiymətlərin bahalaşmasına rəvac verir. Bununla da kifayətlənməyən Moskva dünyanın ciddi taxıl ixracatçılarından biri olan Qazaxıstana da ixraca əlavə rüsum tətbiq etməsi üçün ciddi təzyiqlər göstərir.

Bugünlərdə məlum olub ki, Rusiya Ukraynanın Xerson əyalətində biçilən taxılı öz ərazisinə daşıyır. Bu barədə əyalətin Rusiya tərəfindən yaradılan  hərbi-mülki administrasiyasının nümayəndəsi İqor Qriqoryev TASS-a məlumat verib. Onun sözlərinə görə, fermerlər yeni məhsulun bir hissəsini Rusiyaya “ixrac” etməklə sentyabrda yenidən əkinə başlamaq üçün vəsait əldə etməyə çalışırlar.

İ.Qriqoryev bildirib ki, məhsulun bir hissəsi Rusiyaya aparılır, qalanı Qara dəniz limanları açılandan sonra başqa ölkələrə ixrac ediləcək.  TASS-ın məlumatına görə, Xersondan yalnız taxıl deyil, meyvə-tərəvəzin də Rusiyaya “satışına” başlanıb.

Qeyd edək ki, artıq iki aydır Ukrayna tərəfi ölkənin işğal edilmiş ərazilərindəki taxıl ehtiyatlarının Rusiya tərəfindən oğurlanaraq başqa ölkələrə satıldığını bəyan edir. Rusiya bu prosesə qanuni don geyindirmək üçün işğal etdiyi ərazilərdə qondarma idarəetmə orqanları yaradıb, onların vasitəsilə taxılın daşınmasını rəsmiləşdirməyə çalışır.

Qərb artıq Rusiyanın qlobal ərzaq böhranı yaratmaq istiqamətindəki fəaliyyətlərini önləmək üçün hərəkətə keçib. Ötən həftə Brüsseldə toplaşan Avropa Birliyi dövlət başçıları Rusiyanı ərzaq məhsullarını Ukraynaya qarşı müharibədə silah kimi istifadə edən ölkə elan ediblər. Birliyin sammitinin yekun qətnaməsində Rusiya birmənalı olaraq qlobal ərzaq bazarındakı bahalaşmanın, böhranın əsas səbəbkarı adlandırılıb. Avropa Birliyi rəsmi Moskvanı kənd təsərrüfatı texnikası, anbarları dağıtmaqdan çəkinməyə, Ukrayna taxılının ixracını artırmaq üçün Qara dəniz, xüsusilə də Odessa limanının mühasirəsini aradan qaldırmağa çağırıb.

 

Avropa Birliyi həmçinin BMT Baş katibinin Ukrayna taxılını dünya bazarına çatdırmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndiriblər. Birlik liderləri bəyan ediblər ki, Avropanın Rusiyadan ərzaq ixracına, yaxud bu ölkəyə dərman, tibbi ləvazimatlar, humanitar yardım çatdırılmasına hər hansı sanksiya tətbiq etməyiblər. Bu baxımdan, Rusiyanın bununla bağlı iddiaları əsassız və qlobal ərzaq böhranı yaratmaq cəhdlərini ört-basdır etməyə yönəlmiş cəhd kimi qiymətləndirilir.

Avropa Birliyi Avropa Komissiyasının Ukraynadan ərzaq ixracının limanlardankənar yollarla təmin edilməsi üçün həyata keçirdiyi tədbirləri dəstəkləyərək, mümkün ixrac variantlarının hamısından yararlanılmasını vacib hesab edir. Eyni zamanda Avropa Birliyi liderləri G7 ölkələrini, həmçinin Avropa Komissiyasını qlobal ərzaq böhranına imkan verməmək üçün kənd təsərrüfatı məhsulları istehsalını artırmağa, Afrika və Yaxın Şərqə ərzaq çatdırılması üçün yeni yolların işə salınmasına, inkişaf etmiş ölkələri gübrə istehsalını təşkil etməyə çağırıblar.

NATO baş katibi Yens Stoltenberq isə Madriddə keçirilən NATO Sammiti çərçivəsində İctimai Forum - İqlim və Təhlükəsizlik üzrə Yüksək Səviyyəli Dialoqda deyib ki, dünyada artan ərzaq qiymətlərinin səbəbi Rusiyanın Ukraynaya hücumudur: “Mən tam başa düşürəm ki, artan ərzaq qiymətləri Afrikanı, Yaxın Şərqi dərindən narahat edir. Lakin bir daha deyirəm: ərzaq qiymətlərinin artmasına səbəb nə NATO, nə də sanksiyalardır. Buna səbəb Rusiyanın Ukraynaya qarşı apardığı amansız müharibədir və nöqtə. Əgər Putin müharibəni dayandırsa və ya ən azı imkan versə Ukrayna gəmiləri sahildən çıxaraq Ukrayna taxılını qlobal bazara çıxarsın, bu, ərzaq qiymətlərini aşağı salacaq”.

O qeyd edib ki, NATO müttəfiqləri müxtəlif yollarla bu problemi həll etməyə çalışır, xüsusilə də Türkiyə, prezident Ərdoğan həll yolu tapılması üçün müxtəlif təşəbbüslərlə çıxış edir. Həmçinin quru yolu ilə Avropa ölkələri vasitəsilə taxılın qlobal bazara çıxarılması üçün işlər görülür, təbii ki, logistik problemlər, daşınan taxılın miqdarı ilə bağlı çətinliklər var.

Xatırladaq ki, iyun ayında Türkiyə BMT ilə birlikdə Ukrayna taxılının daşınması üçün Qara dənizdə - Odessa limanından xüsusi dəhlizin açılması üçün təşəbbüs qaldırıb, tərəflərlə müzakirələr apardı. Lakin Rusiya tərəfinin Ukraynaya zəruri təminatlar verməməsi üzündən danışıqlar dalana dirənmiş vəziyyətdədir. İyunun sonlarında Rusiya, Türkiyə, Ukrayna və BMT-nin məsələ ilə bağlı görüşünün keçirilməsi barədə müzakirələr aparılsa da, bu məsələdə də irəliləyiş əldə olunmadı. Rusiya Ukrayna limanlarına gedən və oradan çıxan bütün gəmiləri yoxlamaq şərti irəli sürür ki, bunun da qəbul olunması mümkün deyil. Eyni zamanda Rusiya minalardan təmizləndikdən sonra Ukrayna limanlarına hücum etməyəcəyinə dair öhdəlik götürməkdən də imtina edir.

 

Rusiyanın məqsədinə çatmaması üçün Qərb Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracını artırmaq üçün fəaliyyətlərini getdikcə gücləndirir. Bugünlərdə Berlində qida təhlükəsizliyi üzrə beynəlxalq konfransda Rumıniyanın xarici işlər naziri Boqdan Auresku bildirib ki, Ukrayna taxılının öz ərazilərindən daşınmasını genişləndirmək üçün ciddi addımlar atırlar.  Bu ölkə Ukrayna taxılını dəmir yolu, avtomobil yolu, dəniz və Dunay çayı boyunca qəbul edir: “Müharibə başlayandan Qara dənizdə ən böyük liman olan Konstantsu Ukrayna taxılının dünyanın digər hissələrinə göndərilməsi üçün əsas qapıya çevrilib. Biz Konstantsunu Avropa səviyyəsində qida mərkəzinə çevirmək, onun yükdaşıma qabiliyyətini artırmaq üçün çalışırıq”.

Nazir keçən il limandan rekord həddə - 25 milyon tondan çox taxıl keçdiyini bildirib. Onun sözlərinə görə, Rumıniya ərazisindən Ukrayna taxılının daşınması imkanlarının artırılması istiqamətində çoxtərəfli işlər aparılır. Bu məqsədlə Ukraynadan Rumıniyanın Dunay üzərindəki Qalati limanına gedən dəmir yolunun modernləşdirilməsinə başlanılıb, ikitərəfli nəqliyyat, o cümlədən avtomobil nəqliyyatı genişləndirilib.

Böyük Britaniya hökuməti isə Ukraynadan taxıl ixracını asanlaşdırmaq üçün bu ölkədə dəmir yollarının bərpasına 10 milyon funt-sterlinqə qədər vəsait ayırır. Böyük Britaniyanın Baş naziri Boris Consonun ofisinin yaydığı bəyanatda bildirilir ki, krallıq və onun müttəfiqləri Rusiyanın dünya ərzaq qiymətlərinə təsirinin qarşısını almağa qərarlıdır.

G7 ölkələri isə qlobal qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə əlavə 4,5 milyard dollar ayırmaq qərarına gəliblər. Bu barədə razılıq G7 sammitində əldə edilib. Bununla da qlobal ərzaq təhlükəsizliyi üçün bu il ayrılan məbləğ 14 milyard dollara çatacaq. Liderlər həmçinin, bütün ölkələri qida qiymətlərinin daha da artmaması üçün həddən artıq ərzaq ehtiyatı yığmamağa çağırıb.

Bu arada Rusiya rəsmilərinin bir müddət əvvəl ölkədə bu mövsümdə rekord həcmdə taxıl istehsalı olunacağına dair açıqlamalarının real əsasının olmadığı aydın olub. 

 Beynəlxalq Taxıl Şurasının proqnozlarına əsasən, 2022-2023-cü il mövsümündə Rusiya 37,1 milyon ton, Avropa Birliyi 40 milyon ton buğda ixrac etmək imkanında olacaq. Rusiya Kənd Təsərrüfatı Nazirliyi isə 39,5 milyon ton buğda ixracı imkanının olacağını açıqlayıb. Belə görünür ki, Rusiya bol məhsuldarlıq görüntüsü yaratmaqla Ukraynanın işğal altındakı ərazilərindən oğurladığı buğdanı da öz məhsulu kimi satmaq niyyətindədir. Bunu ölkədə səpin aparılan sahələrə dair məlumatdan da aydın görmək olur. Belə ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin rəsmi məlumatına əsasən, bu mövsüm ölkədə keçən ilkindən 400 min hektar az - 12,7 milyon hektar sahədə buğda səpilib. Bu halda Rusiya rəsmilərinin buğda istehsalının artacağına dair iddialarının məhz Ukraynadan çıxarılan buğda ilə bağlı olduğu açıq görünür.

Qeyd edək ki, qlobal ərzaq bazarındakı qiymət artımları, həmçinin enerjidaşıyıcılarının bahalaşması Avropa və ABŞ-da da inflyasiyanı sürətləndirməkdədir. Hər iki regionda illik inflyasiya 7-8 faizə çatmaqdadır. Lakin aydın məsələdir ki, bahalaşma inkişaf etmiş, dayanıqlı iqtisadiyyata malik ölkələr üçün daha az təhlükə yaradır, nəinki Afrika və Yaxın Şərqin zəif inkişaf etmiş, kasıb ölkələri üçün. Bu baxımdan, Qərbin diqqəti məhz həssas ölkələrə yönəltməsi, Rusiyanın yaratmağa çalışdığı qlobal ərzaq böhranından bu ölkələrin daha çox zərər çəkəcəyini bəyan etməsi təsadüfi deyil...

Azərbaycanda may ayının yekununa əsasən illik inflyasiya 17 faizdən yuxarıdır. Lakin ölkənin neft-qaz idxalından əldə etdiyi irihəcmli gəlirləri mümkün ərzaq böhranından daha az təsirlənməsini şərtləndirə bilər. Əsas risklər strateji ərzaq məhsulu olan buğda ilə bağlıdır. Ölkə bu məhsulla özünü tam təmin edə bilmir. İdxaldan asılılıq xüsusilə ərzaqlıq buğda təminatında daha yüksəkdir. Bu baxımdan, Azərbaycan buğda ixracatçısı olan iki yaxın qonşusundan - Rusiya və Qazaxıstandan idxalın təmin olunmasına çalışmalıdır. Qazaxıstan Rusiyanın təzyiqlərinə davam gətirərək ixraca əlavə rüsum tətbiq etməsə, ölkəmizin buğda idxalında ciddi çətinliyinin olması gözlənilən deyil. Düzdür, cari ilin ötən dövründə buğda idxalımızda azalma var. Dövlət Gömrük Komitəsinin statistikasından aydın olur ki, 2022-ci ilin yanvar-may aylarında Azərbaycan xaricdən 355 min 625 ton buğda idxal edib ki, bu, ötən ilin eyni dövründəki idxaldan 36,6 min ton azdır - 2021-ci ilin 5 ayında buğda idxalımız 392,213 min ton təşkil etmişdi.  Həcm ifadəsindəki azalmaya baxmayaraq, buğda üçün xaricə ödədiyimiz pul kəskin artıb. Belə ki, 2021-ci ilin yanvar-mayında 392 min ton buğdaya 99,8 milyon dollar ödəmişdiksə, bu ilin eyni dövründə 355,6 min tona 124 milyon dollardan yuxarı vəsait ödənilib. Beləliklə, aydın olur ki, ötən il buğdanın 1 tonunu 254,4 dollara almışdıqsa, bu il 348,8 dollara almalı olmuşuq. Payıza doğru ərzaq bazarında qiymətlərin daha da bahalaşacağı gözlənilir ki, bu da buğda idxalına çəkilən xərclərin də artmasını şərtləndirəcək. Bu isə ölkədə çörək və unun bahalaşmasına gətirib çıxaracaq. Hökumət bu perspektivi nəzərə alaraq aztəminatlı əhalinin bahalaşmanın təsirindən qorunması üçün mexanizm hazırlamalıdır.

Yeri gəlmişkən, iyunun əvvəlindən Azərbaycanda taxıl biçini başlayıb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, iyunun 28-dək  artıq aran bölgələrində arpa biçini yekunlaşmaq üzrədir, artıq əksər rayonlarda kütləvi buğda biçininə başlanıb. 61 rayonda aparılan taxıl biçini üzrə sahələrdən ümumilikdə 1 milyon 364 min 844 ton məhsul yığılıb.