Qapalı Sərhədlər, Bahalı Biletlər və İtirilən Turistlər

1 İyun 2026, 22:37
Qapalı Sərhədlər, Bahalı Biletlər və İtirilən Turistlər
Qapalı Sərhədlər, Bahalı Biletlər və İtirilən Turistlər

Cari ilin yanvar-mart aylarında Azərbaycana 484,4 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,7% azalma deməkdir. Bu dövr üzrə turizm axınının əsas struktur göstəriciləri belədir: Avropa İttifaqı və Böyük Britaniya 21,8 min nəfər (+27,4%), Rusiya – 125,5 min nəfər (+1,5%), Türkiyə – 105,5 min nəfər (+13,5%), Körfəz ölkələri – 69,1 min nəfər (-16,7%), Hindistan – 17,4 min nəfər (-68,3%). Azərbaycandan fərqli olaraq, Gürcüstan 2026-cı ilin birinci rübündə beynəlxalq turizm səfərlərində 4% artım əldə edərək təxminən 1 milyon turist qəbul edib və tarixi rekorda imza atıb. Gürcüstana ən çox turist Türkiyədən gəlib və 238,3 min ziyarətçi ilə birinci yerdədir (+5,8%). Rusiya isə 230,7 min ziyarətçi ilə ikinci yerdədir (+5,2%). Avropa İttifaqı və Böyük Britaniyadan isə bu ölkəyə 96,2 min nəfər turist gəlib (+30%). Yaxın Şərqdə gərginliyin artması və qlobal səyahət marşrutlarının dəyişməsi bu rüb xüsusilə Hindistan, İsrail (-17,5%) və İrandan (-48,8%) Gürcüstana gələn turistlərin də sayına mənfi təsir göstərib. Cari ilin birinci rübündə Çindən Gürcüstana  gələn turistlərin sayı, Azərbaycana gələnlərin sayından iki dəfə çox olub. Belə ki, Gürcüstanı 20,6 min nəfər, Azərbaycanı isə 10,3 min çinli ziyarət edib. Biz Gürcüstana Türkiyədən gələn turistlərin sayında 2,3 dəfə, Rusiyadan gələn turistlərin sayında 1,8 dəfə və Aİ-BB-dən gələn turistlərin sayında isə 4,4 dəfə uduzuruq. Azərbaycan turizminin beynəlxalq müstəvidə təbliğatının aktiv aparıldığı dövrdə və ölkəmizin infrastrukturunun Gürcüstandan qat-qat yaxşı olduğu halda, turistlərin sayında Gürcüstana uduzmağımızın ilk səbəbi kimi ağıla gələn aviabiletlərin və yenicə açılan qatarların gediş haqqının baha, quru yolların isə bağlı olmasıdır. Bizim daşıyıcıların qiymətinə baxanda, sanki gedib-gəlməyin qarşısını almaq üçün fikirləşildiyi qənaətinə gəlirəm. Qeyd edim ki, hazırda Gürcüstanın istehlak bazarındakı qiymətlər bizimki ilə ciddi fərqlənmir. Quru sərhədlər açıldığı və gediş  qiymətləri Gürcüstana olan qiymətlərə uyğunlaşdırıldığı təqdirdə, bizimlə həmsərhəd olan qardaş Türkiyə və Rusiyadan gələn turistlərin sayısı şübhəsiz artacaq. Türkiyə öz vətəndaşlarının cibinə uyğun deyil. Son 4 ildə Avropaya səyahət edə bilməyən Rusiya vətəndaşları bu il öz ölkələrində də istirahətdən məhrum oldular. Qara dəniz sahilində yerləşən Tuapse şəhəri ən ağır ekoloji fəlakəti yaşamaqdadır, Krım isə atəş altındadır. Yaranmış şəraitdən niyə istifadə etməyək?