Mənzil qiymətləri kəskin bahalaşır: Çıxış yolu nədir, dövlət nə etməlidir?

14 Dekabr 2023, 9:51
Mənzil qiymətləri kəskin bahalaşır: Çıxış yolu nədir, dövlət nə etməlidir?
Mənzil qiymətləri kəskin bahalaşır: Çıxış yolu nədir, dövlət nə etməlidir?

"Bakıda evlərin qiyməti kəskin dərəcədə qalxacaq".

 

Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Əsədov deyib. Ekspert təklif edib ki, bahalaşmanın qarşısının alınması üçün keyfiyyətli tikinti şirkətlərinə şərait yaradılmalıdır:

 

"Bundan əlavə, 5-9 mərtəbəli binaların söküntüsü üçün dövlət proqramı olmalıdır. İndiki tikinti şirkətləri cılız bir təşkilatlardır. Onların böyük həcmdə yaşayış kompleksi salmağa, sonra isə tikməyə imkanları yoxdur. Buna dövlətin öz marağı olmalıdır. Bu olmasa, çətin olacaq. Binaların istismar müddəti bitib, heç kəs onların yenilənməsini düşünmür".

 

Elnur Əsədov tikinti şirkətləri tərəfindən tikilən binaların sayının çox olmadığını qeyd edib: 

 

"Rəqabət çox olmadığına görə, tikinti şirkətləri satışı özləri aparır. İşbazlar isə onlardan alır, təmir edir və baha qiymətə satırlar. Evlərin qiymətləri yenidən bahalaşacaq. Əhali sayı artır və buna görə tikinti şirkətləri arasında rəqabət də çox olmalıdər. Rəqabət olmasa, inşaat həcmi çox olmaz. Bu gün əhalinin artım statistikasına uyğun Bakı və böyük şəhərlərdə onun həcminə uyğun tikinti işləri getməlidir. Hesab edirəm bu proporsionalıq təlabatı ödəmir".

Ekspert bu gün əhalinin böyük hissəsinin Bakıya yığışdığını vurğulayıb:

 

"Üstəlik Bakıda əhalinin yarısı uzun müddət köhnə binalarda yaşayıb. Həmin binalara baxanda köhnəldiyi aydın görünür. Əhali isə həmin binalarda yaşamağa davam edir. Əksəriyyəti deyir ki, niyə ömrümü köhnə evdə keçirim, mən də yeni binada ev alım. Bu fikirlə yaşayanların sayı çoxdur. Amma aparılan tikinti işləri gözlənilən həcmdə deyil".

 

Elnur Əsədov sovet dövründə qısa zamanda çox böyük həcmdə evlərin tikildiyini xatırladıb:

 

"Amma bu gün əhalinin tikinti təlabatı ödənilmir. Ona görə də qiymət getdikcə artır. Hazırda 100 deyil, 500 şirkət ev inşa etməlidir. Ölkədə hardasa 100-120 tikinti şirkəti var. 1970-80-ci illərdə Bakı şəhərinin 30%-i inşa olunub. 1990-ci illərdə tikinti prosesi dayanıb. Qaçqın və məcburi köçkünlər gəldi, 2000-ci ilə kimi heç bir ev inşa olunmadı. 2004-2005-ci ildə tikinti bol oldu. Təxminən 5 ildə 500 bina tikildi, təlabatı qismən ödədi. 2010-2017-ci ilə  kimi inşaaat həcmi az oldu, bazar 2017-ci ildə canlandı. Biz sovet dövründə aparılan inşaat işləri ilə son 20 ilin inşaatını müqayisə etsək, çox böyük fərqlə qarşılaşacağıq. İndi ev az, təlabat daha yüksəkdir".