Məktəblər başladı - bəs bufetlərə nəzarət?

20 Sentyabr 2023, 9:24
Məktəblər başladı - bəs bufetlərə nəzarət?
Məktəblər başladı - bəs bufetlərə nəzarət?

Məktəb bufetlərində qidalar həm çox baha, həm də köhnə olur...
 

Bir neçə gün öncə yeni tədris ilinə start verildi. Xatırladaq ki, ötən tədris ilində bəzi məktəblərdə şagirdlər arasında qidalanma ilə bağlı bir neçə zəhərlənmə halları baş vermişdi. Bu səbəbdən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi cari ilin aprel ayında qidalanmanın təşkili səviyyəsinin yoxlanılması məqsədilə qida bloku ilə təmin olunmuş 174 ümumi təhsil müəssisəsində yoxlama həyata keçirib. 

Yoxlama zamanı 172 ümumi təhsil müəssisəsində müxtəlif nöqsanlar aşkar edilib ki, bunlardan 42-də inzibati məsuliyyət yaratmayan (qida təhlükəsizliyi qeydiyyatına alınmamaq), 130-da isə inzibati məsuliyyət yaradan nöqsanlar müəyyən edilib, nəticədə təhsil müəssisəsinin məsul şəxsləri inzibati məsuliyyətə cəlb olundular. 

Bildirilir ki, 2023-2024-cü tədris ilində məktəb bufetlərində xoşagəlməz halların yaşanmaması üçün bütün təhsil müəssisələrində xüsusi qida nəzarətinə başlanılacaq.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib ki, bu ildən etibarən Qida Təhlükəsizliyi İnstitutu nazirliyin tabeliyindəki bütün müəssisələrdə xüsusi proqram və təlimlər həyata keçirəcək: “Keyfiyyətə nəzarət məsələlərinə, həmçinin məhsulların daşınması, çatdırılması, satılmasına xüsusi nəzarət prinsipləri tətbiq olunacaq. Ümid edirəm ki, gələcəkdə neqativ hallar ortadan qaldırılacaq”.

Maraqlıdır, məktəb bufetlərinə nəzarət hansı formada aparılacaq?  

Yeri gəlmişkən, əksər valideynlər məktəb bufetlərindən imtina ediblər. Qeyd edirlər ki, məktəb bufetlərində qidalar həm çox baha, həm də köhnə olur. Bizimlə söhbətdə iki övladını məktəbdə oxuyan Sevda Əliyeva da narazılıq etdi. O qeyd edir ki, bufetlərdəki keyfiyyətsiz qidalara görə uşaqlarının çantaları olduqca ağır olur: “Məktəblərdə bufetlər normal olsa, biz də əziyyət çəkməzdik. İki uşağın çantasına məcburam su, qida qoyam. Övladlarım 145 saylı məktəbdə təhsil alırlar, qızım 7-ci sinifdə oxuyur, bu ilin cədvəlində həftədə 4 dəfə səkkiz dərs salıblar. Uşaq evə gəlib çıxınca saat 4 olur. Səhər 8-in yarısından 4-ə kimi uşaq necə ac qala bilər?! Dərs yükü çox, çanta ağır. O qədər dərs olar?! Heç olmasa bufetdə normal, ucuz qida olsaydı, bu yükdən azad olardıq”. 

İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, məktəb bufetləri hansı formada idarə olunacaq, bu artıq AQTA-nın funksiyasına daxil olan məsələdir: “Lakin mən çağırıram ki, valideyn komitələri, direktorlar bu işdə əlbir olsunlar, vəziyyəti düzəltmək üçün iş görsünlər. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi mövcud olan vaxtı məktəb bufetləri üçün standart hazırlandı. Orada bir çox qidaların satışına qadağa qoyuldu, o cümlədən qazlı içkilərin, ”Coca-cola"nın, rəngli içkilərin, kolbasa məmulatlarının, çipsilərin satışına məhdudiyyətlər qoyulub. Standartlar mövcud olsa belə, məktəb bufetlərində gənc nəslin tədricən zəhərlənməsi, mədə-bağırsaq xəstəliyinə tutulmaları davam edir. Təsadüfi deyil ki, biz Azad İstehlakçılar Birliyi Avropa İttifaqının layihəsi çərçivəsində 20-yə qədər məktəbdə gənc istehlakçı klubları  yaratdıq. İctimai nəzarəti həyata keçirməyə başladıq. Artıq onlar estafeti özlərindən aşağı siniflərə ötürdülər. Bu bəzi regionlarda indi də davam edir. Lakin onu da biz qeyd edək ki, xüsusən regionlarda məktəb bufetləri ayrı-ayrı şəxslərə icarəyə verilib. Məktəb direktorları oradan yararlanırlar. Üstəlik, böyük tənəffüslər heç də kütləvi şəkildə uşaqların qidalanmasına şərait yaratmır. Ona görə biz daim demişik ki, məktəb koridorlarında avtomatik meyvə satılan aparatlar qoyulsun. Uşaqlar 20 qəpik atsın, alma, ya da başqa meyvə yeyə bilsinlər. AQTA-nın apardığı işlər, əlbəttə, çox vacib və zəruridir. Qidalanmanın mədəniyyətinə məktəbdən başlamaq lazımdır. Lakin məktəb bufetlərində işləyən adamların əl-ayağını bir yerə yığıb qanunun tələblərinə uyğunlaşdırmaq elə də asan deyil. Haqlı olaraq AQTA qida zəncirində iştirak edənlərin qida təhlükəsizliyi reyestrində qeydiyyatda olmamasını əsas gətirir və onları cərimələyir. Yəni qida sektorunda fəaliyyət göstərən, saxlayan, daşıyan, istehsal edən hamı qida təhlükəsizliyi reyestrində qeydiyyatda olmalıdır ki, orada nəzarət həyata keçirilsin. Lakin hökumətin istehlakçı hüquqlarını qorumaq sahəsindəki, o cümlədən qidanın təhlükəsizliyinin təmin olunmasında effektsiz siyasəti, yoxlamanın həddən artıq bürokratik bir prosedur olması, bir yerdə təhlükəli qida satılarsa, heç bir dövlət orqanının ora müdaxilə edə bilməməsi yanlışdır. Hökumətin biznes qurması üçün yaratdığı ərkəsöyün obrazı, əlbəttə, AQTA-nın da “əl-qolu”nu bağlayır. Cəld yoxlama mexanizmi olmadığından onlar planlı yoxlama edirlər. Planlı yoxlamanı da öncədən qarşı tərəfə xəbərdar edirlər. Bu da yoxlamanın effektini aşağı salır. Lakin biz bunu da bilməliyik ki, ümumiyyətlə, zəhərlənmələr gizlədilir. Ümumdünya göstəricisinə görə, qida təhlükəsizliyinin təlimatına dair dövlət strategiyasının sənədində qeyd olunur ki, dünya əhalisinin hər 10 nəfərindən 1-i ildə bir dəfə zəhərlənir. Yəni bu hesabla götürsək, Azərbaycanda ildə bir milyona qədər zəhərlənmə diaqnozu olmalı idi. Lakin AQTA-da təqribən 700-dən bir az çox rəqəm göstərilir. Eləcə də ölümlərin sayı az göstərilir. Bu o deməkdir ki, ölkədə qida zəhərlənmələrinin qeydiyyat məsələsində böyük problemlər var. Qidadan zəhərlənənlərin sayı bir neçə yüz dəfə az qeydə alınır. Bunlar həll olunmalıdır. Məktəb bufetlərində qidanın təhlükəsizliyini təmin etmək üçün mütləq ictimai nəzarət və bu ictimai nəzarət də KİV-lə birgə həyata keçirilməlidir".  

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirdi. O dedi ki, AQTA-nın məktəblərdə apardığı yoxlama nəticəsində açıqladığı rəqəm kifayət qədər böyük rəqəmdir: “Bunun 130-u inzibati məsuliyyət yaradan nöqsanlardır. Bu, kifayət qədər ciddi rəqəmdir. Biz hər birimiz, təhsil ictimaiyyəti, valideynlər maraqlıyıq ki, məktəb bufetlərində övladlarımız üçün təhlükə mənbəyi olan qidalar istifadə olunmasın. Məktəb bufetləri gigiyenik baxımdan təmiz olmalıdır, orada satışa çıxarılan qidalar sağlam qidalar olmalıdır. Biz əksər bufetlərdə valideyn olaraq da nöqsanları görə bilirik. Çox doğru yanaşmadır ki, 2023-2024-cü tədris ilində məktəblərdə neqativ halların yaşanmaması üçün nəzarətə başlanacaq. Burada məhsulların daşınmasından tutmuş satılmasına qədər qaydalar tətbiq olunacaq. Sözsüz ki, bütün bunlar tətbiq olunsa, hazırda qarşılaşdığımız çatışmazlıqlar və neqativlər aradan qalxmış olacaq. Əlbəttə, məktəb bufetlərində Elm və Təhsil Nazirliyinin (ETİ) tabeliyində olan təhsil müəssisələri olduğu üçün bu məsələnin ETİ ilə bağlılığı var. Amma ETİ məktəb bufetlərinin istifadəsini həyata keçirmir. Nazirlik burada xoşagəlməz hallarla bağlı narazılıq olacaqsa, bu məsələdə müdaxilə edə bilər. Əlbəttə, məktəb rəhbərlikləri nəzarət mexanizmini kifayət qədər sərtləşdirməlidir. Qeyd etdiyim kimi, bu gün məktəb bufetləri icarəyə verilir. Onlar icarə əsasında idarə olunur. Əlbəttə, ETİ-nin marağındadır ki, məktəb bufetlərində xoşagəlməz hallar olmasın. Orada ETİ-nin başqa gözləntisi yoxdur. Gözlənti yalnız ondan ibarətdir ki, nəzarət güclü olsun, şagirdlər təhlükəli qidalardan əziyyət çəkməsin. O baxımdan da məktəblərə nəzarət mexanizmi təkmilləşdirilməlidir. Hesab edirəm, burada AQTA nəzarətini daha da gücləndirməlidir. AQTA bu məsələdə məsuliyyətlidir, nəzarət güclü olmalıdır. Məktəb rəhbərləri maraqlı olmalıdırlar ki, sağlam qidalardan istifadə olunsun. Keyfiyyətə nəzarət prosesində məktəb rəhbərliyinin üzərinə böyük məsuliyyət düşür, onlar konkret mövqe ortaya qoymalıdırlar. O ki qaldı Elm və Təhsil Nazirliyinə, təbii ki, nazirlik şagirdlərin sağlam qidalanmasında maraqlıdır. Amma məktəb bufetlərində sağlam  qidalanma ilə bağlı problemdən çox orada qiymətlərin baha olmasından narazılıqları daha çox eşidirik. Eyni zamanda  saxlanması uzun müddət olan qidaların satılması da doğru deyil. Xüsusi şəraitdə saxlanılması vacib olan qidalar var ki, bunlara əməl olunmadan qidalar satılır. Bu gün valideynlər övladları məktəbdən qidalanmasın deyə evdən nə isə qoyurlar. Təbii ki, məktəb bufetlərində qiymətlər əlçatan olsa, keyfiyyətli olsa, bu kimi məsələlərdə valideynlər əziyyət çəkməzlər”.