Maliyyə nazirinin açıqladığı rəqəmlər - dövlətin pulunu kimlər mənimsəyib?

1 Fevral 2023, 22:51
Maliyyə nazirinin açıqladığı rəqəmlər - dövlətin pulunu kimlər mənimsəyib?
Maliyyə nazirinin açıqladığı rəqəmlər - dövlətin pulunu kimlər mənimsəyib?

 

Korrupsiya reytinqində mövqeyimiz zəifləyir, ekspertlər çıxış yollarını göstərirlər

Azərbaycanda hər il külli miqdarda dövlət vəsaitinin korrupsiyanın yemi olduğu, mənimsənildiyi heç kimə sirr deyil. Heç təsadüfi deyil ki, vurulan məmurların hamısının külli miqdarda əmlakı, vəsaitləri, əsasən xaricdə biznesi üzə çıxır. Bunların hamısı uzun illərdir ölkəyə axan neft gəlirləridir ki, dövlət büdcəsi vasitəsilə rəsmi olaraq ölkə iqtisadiyyatının, səhiyyəsinin, təhsilinin, sosial müdafiə sisteminin, kommunal sektor və sairin inkişafına yönəldilir, faktiki olaraqsa, məmur ordusunun cibinə axır. Bu su kimi axan pulları dədə malı kimi mənimsəyən məmurların ən yekələrini belə hüquq-mühafizə orqanları həbs etdikdə, ən yaxşı halda yediklərinin yüzdə birini əlindən alır, özünü də 4-5 il həbsdə saxlayıb buraxırlar.

Korrupsiya dünyada ən ağır cinayətlərdən biri sayılıb, ona görə ən ağır cəzalar verilsə də, Azərbaycanda tamam əksini müşahidə etməkdəyik: bu ölkədə heç kim korrupsiya əməlinə görə 5 ildən yuxarı cəza çəkmir. Və məhz bu cəzasızlıq mühitinin nəticəsidir ki, dövlət büdcəsindən xərcləmələrdə şəffaflığın “şe”sini belə tapmaq mümkün deyil. Nəticə isə göz qabağındadır. Ölkəmizin beynəlxalq reytinqlərdəki mövqeyi pisliyə doğru dəyişir, bu isə indiki mərhələdə son dərəcə ehtiyac duyduğumuz investisiyaların Azərbaycandan yan keçməsinə gətirib çıxarır.

Yanvarın 31-də "Transparency International"  Beynəlxalq Şəffaflıq Təşkilatı Korrupsiyanı Qavrama İndeksini (Corruption Perception Index-CPI) açıqlayıb. CPI 180 ölkə və ərazidə dövlət sektorunda korrupsiya haqqında ekspertlər və biznes adamlarının təsəvvürlərinin, qavrayışının səviyyəsini göstərir. Bu indeks 13 xarici mənbə, o cümlədən Dünya Bankı, Dünya İqtisadi Forumu, konsultasiya şirkətləri və təhlil mərkəzlərinin datası əsasında hazırlanır.

Yeni indeksdə Gürcüstan 100 baldan 56, Ermənistan 46 və Monteneqro 45 bal yığıb. Bu üç ölkənin göstəricisi qlobal ortalama 43 baldan yuxarıdır.

Azərbaycan isə 23 balla indeksin dibində, Tacikistanla (24) Türkmənistanın (19) arasında yer alıb. Bu üç ölkə Avrasiya regionunda ən az bal yığanlardır. Türkiyə (36), Bosniya-Herseqovina (34) və Azərbaycan (23) ötən il balı rekord həddə düşən ölkələrdir. 180 ölkə içində 157-ci yerdə qərarlaşan Azərbaycan ötən il 30 balla 128-ci olub.

Ondan bir gün əvvəl - yanvarın 30-da Maliyyə Nazirliyində keçirilən kollegiya iclası zamanı açıqlanan məlumatlar ölkədə büdcə xərcləmələrində korrupsiyanın nə qədər böyük olduğunu göstərir. Nazirliyin yaydığı məlumatdan aydın olur ki, 2022-ci il ərzində büdcə vəsaitlərinin artıq və əsassız xərcləndiyi, bəzi hallarda ciddi maliyyə pozuntularına yol verildiyi aşkar edilib. Maliyyə naziri Samir Şərifovun keçirdiyi 2022-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirilib ki, 2022-ci il ərzində dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsi üzərində nəzarəti təmin etmək məqsədilə aparılmış nəzarət tədbirləri ilə vəsaitin xərclənməsini tənzimləyən qanunvericiliyin, maliyyə qaydalarının və normalarının tələblərinə əməl edilməməsi hesabına büdcə vəsaitlərinin artıq və əsassız xərcləndiyi, bəzi hallarda ciddi maliyyə pozuntularına yol verildiyi aşkar edilib.

 

Belə ki, il ərzində ümumilikdə 185 nəzarət obyektində aparılmış maliyyə nəzarət tədbirləri ilə aşkar edilmiş 225 milyon 710 min manat məbləğində artıq və əsassız ödənişlərin 35,1 milyon manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə bərpası təmin edilib, yerdə qalan vəsaitin bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülür.

S.Şərifov deyib ki, 2022-ci ildə Maliyyə Nazirliyi idarəetmənin təkmilləşdirilməsi işləri çərçivəsində regionlardakı xəzinədarlıq idarələrinin sayını 16-dan 12-yə endirib. "Dövlət xəzinədarlığının idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində aparılan tədbirlər nəticəsində ölkənin iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq regional xəzinədarlıq idarələri yenidən təşkil edilib", - deyə nazir qeyd edib.

 Xatırladaq ki, 2021-ci ildə Maliyyə Nazirliyi nəzdində Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən ümumilikdə 144 nəzarət obyektində aparılmış tədbirlər nəticəsində 103,6 milyon manat məbləğində artıq və əsassız ödənişlərə yol verilməsi aşkar edilib. Nəzarət tədbirlərindən 59-u Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən, 77-si Respublika Baş Prokurorluğunun və Dövlət Təhlükəsizlik Xidmətinin qərar və məktublarına, 8-i isə vətəndaş müraciətləri üzrə mərkəzi icra hakimiyyəti orqanlarında, onların tabeli qurumlarında, dövlətə məxsus hüquqi şəxslərdə və bələdiyyə orqanlarında aparılıb.

Maraqlıdır ki, ölkənin qeyri-dövlət ali maliyyə nəzarəti orqanı statusuna malik Hesablama Palatasının 2021-ci ildə həyata keçirdiyi nəzarət tədbirləri ilə cəmi 80,1 milyon manat həcmində maliyyə pozuntuları aşkar edib. Palatanın illik hesabatından aydın olur ki, kollegiya qərarlarına əsasən pul və natura ifadəsində cəmi 35,7 milyon manat məbləğində vəsaitin bərpası ilə bağlı birbaşa tədbirlər müəyyən edilib. Həmin məbləğin 30,8 milyon manatının bərpası, o cümlədən 23,9 milyon manatının pul ifadəsində, 6,5 milyn manatının natura ifadəsində bərpası, 0,4 milyon manat məbləğində maliyyələşmənin azaldılması və ya qarşılıqlı hesablaşmaların aparılması təmin edilib. Beləliklə, bərpası ilə bağlı qərar qəbul edilmiş 35,7 milyon manatın 86 faizinin icrası 2021-ci ildə təmin olunub. Qalan 4,9 milyon manatın bərpası ilə bağlı 2022-ci ildə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu: “2021-ci ildə nöqsanlarla icra edilmiş vəsaitin tərkibində bərpası ilə bağlı Hesablama Palatasının Kollegiyası tərəfindən birbaşa tədbirlər müəyyən edilməyən hissə 44,4 milyon manat təşkil edir ki, 14,1 milyon manat məbləğində vəsaitin tam bərpası bir neçə səbəbdən kollegiya tərəfindən mümkün hesab edilməyib, qalan hissəsi isə digər maliyyə pozuntuları ilə əlaqəli olub. Bərpası mümkün hesab edilməyən məbləğin böyük hissəsi əsasən elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumlar üzrə formalaşıb”.

Hesablama Palatasının 2022-ci ilin birinci yarısındakı fəaliyyətinə dair məlumatdan aydın olur ki,  kollegiya qərarlarına əsasən pul, əvəzləşmə və natura ifadəsində cəmi 16,4 milyon manat məbləğində vəsaitin bərpası, 6,5 milyon manat məbləğində müvafiq obyektin investor smeta dəyərinin azaldılması, 6,9 milyon manat məbləğində debitor borcun bağlanılması ilə bağlı tədbirlər müəyyən edilib: “Hesabat dövründə də əvvəlki illərdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri üzrə qurumlar tərəfindən atılmış addımların icrasının izlənilməsi (follow-up) diqqətdə saxlanılıb, əvvəlki illərin nəzarət tədbirləri üzrə 2022-ci ilin ilk 6 ayında pul, natura və əvəzləşdirmə formasında 2,7 milyon manat vəsaitin bərpası təmin edilib, bundan əlavə, 943,4 min manat məbləğində debitor borc bağlanılıb və ya ləğv edilib, maliyyə hesabatlarında və uçotunda aşkar edilmiş təhriflərlə bağlı aidiyyəti düzəlişlər edilməklə 681,7 milyon manat hesabatlarda əks etdirilib, vergi bəyannamələrində dəqiqləşmələr aparılıb, intizam tənbeh tədbirləri tətbiq edilib, eləcə də strukturun optimallaşdırılması ilə bağlı tədbirlər keçirilib”.

Göründüyü kimi, bütün dünyada dövlət xərcləmələri üzərində ən səmərəli nəzarət mexanizmi sayılan Hesablama Palatası Azərbaycanda dövlət nəzarət orqanından daha zəif nəticələr əldə edir.

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun fikrincə, Azərbaycanda maliyyə intizamının gücləndirilməsinə ehtiyac var: “Bu baxımdan, Dövlət Maliyyə Nəzarəti Xidməti və Hesablama Palatasının nəzarət tədbirləri mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlər maliyyə nəzarətinin daha da artırılmasına xidmət edir. Çox vacib məqamlardan biri dövlət xərcləmələrinə dair məlumatlara çıxış imkanlarının genişləndirilməsidir. Maliyyə Nazirliyi büdcə xərcləmələri barədə müəyyən məlumatları daha intensiv açıqlamağa başlayıb. Lakin ictimaiyyətin ayrı-ayrı dövlət qurumlarının xərcləmələri barədə geniş və detallı məlumat almaq imkanı olmalıdır. Digər mühüm bir məsələ vətəndaş cəmiyyəti institutlarına dövlət xərcləmələrini monitorinq imkanlarının genişləndirilməsidir. Çünki qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, vətəndaş cəmiyyətinin belə imkanı olanda maliyyə intizamı daha güclü olur”.

Millət vəkilinin sözlərinə görə, dövlət büdcəsi vasitəsilə xərcləmələr ildən-ilə artdığına görə onlar üzərində effektiv nəzarətin təmin olunması ehtiyacı da çoxalır.

Rəşad Həsənov: “”Azərsu”da korrupsiya yüksək səviyyədədir”

Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a bildirdiyinə görə, Hesablama Palatasının Milli Məclis qarşısında hesabatlı olması həyata keçirdiyi maliyyə nəzarətinin keyfiyyətinə təsir göstərir: “Maliyyə Nəzarəti Xidməti birbaşa icra orqanına tabe olan qurumdur və bu, onu Azərbaycan modelində daha güclü qurum edir. Hesablama Palatası isə Milli Məclisə hesabatlı olan, qeyri-dövlət nəzarətini həyata keçirən orqandır. Digər tərəfdən, Dövlət Xidməti prosesin içərisindədir, il ərzində daha böyük həcmdə hesabatları əldə edir. Buna görə də onun pozuntuları aşkarlamaq imkanları daha böyükdür. Başqa bir məqam budur ki, Maliyyə Nəzarəti Xidməti ilkin maliyyə nəzarətini - cari xərcləmələr üzərində nəzarəti həyata keçirir. Hesablama Palatası isə artıq ilkin nəzarətdən keçərək başa çatmış xərcləmələri  yoxlayır. Buna görə də Palatanın aşkarladığı pozuntular daha aşağı məbləğləri əhatə edir”.