II və III qruplara qəbul imtahanı verəcək abituriyentlərin NƏZƏRİNƏ

4 İyul 2022, 13:00
II və III qruplara qəbul imtahanı verəcək abituriyentlərin NƏZƏRİNƏ
II və III qruplara qəbul imtahanı verəcək abituriyentlərin NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 6-da III ixtisas qrupu, iyulun 7-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. İyulun 7-də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək.

DİM-dən Lent.az-a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.

İştirakçılar iyunun 29-dan etibarən Dövlət İmtahan Mərkəzinin saytında "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.

İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 10:00‑da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.