Gözlənilən qlobal payız bahalaşması: Azərbaycana da təhdidlər var - nə etməli...

21 İyun 2022, 22:22
Gözlənilən qlobal payız bahalaşması: Azərbaycana da təhdidlər var - nə etməli...
Gözlənilən qlobal payız bahalaşması: Azərbaycana da təhdidlər var - nə etməli...

Qərb Rusiyanın şantajına boyun əyməyəcəyini açıqladı; Ukraynadan taxıl ixracı məsələsi gündəmdə olsa da, hələlik həllini tapmır

Ukrayna taxılının dünya bazarına çıxarılması dünya gündəminin əsas mövzularından biri olaraq qalmaqdadır. Dünən Lüksemburqda Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin görüşü başlayıb. Görüşdə Ukraynadan taxıl ixracı və Misirlə əlqaələr əsas müzakirə mövzuları olacaq. Nazirlərin həmçinin Aİ - Qazaxıstan əməkdaşlığına dair müzakirələr də aparmaları gözlənilir. Brüsseldəki mənbənin bildirdiyinə görə, Avropa İttifaqı Ukrayna taxılının gəmilərlə daşınması fikirini dəstəkləsə də, gəmilərin müşayiət olunması məsələsini araşdırmır. Həmçinin taxılın Belarus ərazisindən ixracı da müzakirə predmeti olmayacaq.

Görüşdən qabaq Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Ukrayna taxılının ixracının Rusiya tərəfindən qəsdən bloklandığını bildirib: “Bu, əsl hərbi cinayətdir və bu şəraitin uzun müddətə davam edəcəyini təsəvvürümə belə gətirə bilmirəm”.

Avropa rəsmisi bütün məsuliyyətin Rusiyanın üzərində oduğunu vurğulayıb: “Bu ağılagəlməzdir. Dünyanın bir hissəsində insanlar aclıqdan əziyyət çəkdiyi halda, milyonlarla ton taxıl Ukraynada mühasirə vəziyyətində saxlanılır. Bu, əsl hərbi cinayətdir. Bunun nə qədər sürəcəyini təsəvvür edə bilmirəm. Və bunun məsuliyyəti tamamilə Rusiyanın üzərindədir”.

Bir neçə gün əvvəl Sankt-Peterburq iqtisadi forumunda çıxış edən Vladimir Putin Ukrayna taxılının ixracına mane olmadıqlarını iddia edib: “Rusiya Ukraynadan ərzaq daşınmasına mane olmur. Ukraynanın Qara dəniz limanlarını biz minalamamışıq ki... Taxılın ixracı üçün beş-altı variant var. Amma problem bizdə deyil, Kiyevdə hakimiyyətdə olan insanların adekvatlığındadır. Qoy Kiyev hakimiyyəti okean arxasındakı sahiblərinin işarəsi ilə deyil, özləri qərar versinlər ixracı hansı yolla həyata keçirəcəklərinə”.

 

Rusiya prezidenti Ukrayna məhsullarının ən ucuz ixrac yolunun Belarus olduğunu xüsusi qeyd edib. Eyni zamanda Ukraynanın öz limanlarını minalardan təmizləməklə də ixracı təmin edə biləcəyini vurğulayıb: “Bundan əlavə, Polşa, Rumıniya ərazisi ilə də ixrac edə bilərlər. Hazırda bir mühüm təhlükə var ki, Ukrayna taxılın pulu ilə silah alsın. Bu, tamamilə kədərli bir mənzərə olardı”.

Qeyd edək ki, Rusiyanın Ukrayna limanlarını açmağa imkan verməyəcəyini rəsmi Kiyev dəfələrlə bəyan edib. Ukrayna Xarici İşlər Nazirliyi yanında idxal-ixrac əməliyyatları üzrə xüsusi səfiri Olqa Trofimtseva bildirib ki, limanların mühasirəsinin aradan qaldırılması istiqamətində göstərilən səylər hələ də nəticə verməyib. Onun sözlərinə görə, Ukrayna ixracının 70-75 faizi Qara və Azov dənizi limanları üzərindən reallaşdırılırdı. İndiyədək digər istiqamətlərdə ixracın təmin olunması üçün mühüm addımlar atılıb. Lakin limanların təmin etdiyi ixrac həcmlərinə nail olmaq mümkünsüzdür: “Çox təəssüf ki, bizim tərəfdaşların, xüsusilə də Türkyənin bütüh səylərinə baxmayaraq, yaxın vaxtlarda limanların mühasirəsinin aradan qaldırılması imkanlarını görmürük. Biz BMT üzərindən aparılan danışıqlarda iştirak edirik. Lakin hələ Qara və Azov dənizlərindəki limanların, ilk növbədə Odessa limanının mühasirədən çıxarılması istiqamətində hər hansı irəliləyiş yoxdur”.

Bu arada Ukrayna taxılının əsas alıcılarından olan İndoneziya prezidenti Coko Vidodo iyunun sonunda Moskvaya səfəri zamanı Putinlə Ukrayna taxılının ixracı məsələsini müzakirə etmək niyyətindədir. İndoneziya mətbuatının yazdığına görə, Putinlə şəxsi münasibətləri yaxşı olan Vidodo həm Avropa ölkələrinə, o cümlədən Almaniyaya, həm Rusiyaya, həm də Ukraynaya səfər etmək niyyətindədir. Onun Rusiyaya səfərinin həm də BMT Baş katibi Antonio Quterreşin xahişi əsasında baş tutacağı bildirilir.

İndoneziya Rusiyanın Ukraynaya hücumunu pisləsə də, Qərbin Moskvaya qarşı sanksiyalarına qoşulmayıb. Bu baxımdan, Putinin Vidodonun təkliflərini qəbul edəcəyinə ümid olunur. İndoneziya prezidenti səfəri zamanı Putini G20-nin noyabrda Bali adasında keçiriləcək sammitinə də dəvət etmək niyyətindədir. Putin sammitə qatılmasa belə, Vidodo onun ya tədbirdən əvvəl, ya da sonra İndoneziyaya səfərini təşkil etməyi hədəfləyir.

 

Onu da qeyd edək ki, Rusiya işğal etdiyi Ukrayna ərazilərindəki anbarlarda olan taxılı xaricə satmaqdadır. Bu satışın bir hissəsi açıq həyata keçirilir: Rusiya guya ukraynalı fermerlərdən məhsulu alaraq öz ərazisinə gətirir və oradan reeksport həyata keçirir. Bundan əlavə, gizli yolla da Ukrayna taxılının satışı halları aşkarlanmaqdadır. Ukrayna tərəfinin məlumatına əsasən, iyunun 7-dək Rusiya ölkənin işğal olunmuş ərazilərindən 100 milyon dollardan yuxarı dəyəri olan 500 min ton taxıl oğurlayıb. Bu taxılın böyük hissəsi işğal altında olan Krıma, oradan isə gəmilərlə Aralıq dənizinin cənub sahillərinə çatdırılıb.

ABŞ Dövlət Departamenti Rusiyaya məxsus “Matros Koşka”, “Matros Pozıniç”, “Miaxil Nenaşev” adlı gəmilərin oğurluq taxılı daşımaqla məşğul olduğunu açıqlayıb. Bu daşınma zamanı əksər hallarda gəmilər gelokasiya qurğularını söndürüb hərəkət edirlər. Ukraynadan oğurlanan taxılın əsasən Suriyaya, qismən isə Türkiyə və Liviyaya satıldığı bildirilir.

Rusiya prezidenti artıq bir neçə dəfə Ukraynanın taxıl ixracını dünya üzrə taxıl istehsalı ilə müqayisə edərək ona görə səs-küy qaldırılmasını yersiz adlandırıb. Açıq görünür ki, o, rəqəmlərlə qəsdən manipulyasiya edir. Belə ki, dünyada taxıl istehsalı 740 milyon ton civarında olsa da, onun ixracını həyata keçirən ölkələrin sayı elə də çox deyil. Əksər istehsalçı ölkələr məhsulu yalnız öz daxili tələbatına yönəldir. Məsələn, dünyanın ən böyük taxıl istehsalçısı olan Çin həm də bu məhsulun dünya bazarında ən böyük alıcısıdır, çünki 1,3 milyarda yaxın əhalisini daxili istehsalla tam təmin edə bilmir. Ukrayna dünyada ticarət olunan taxılın ən böyük ixracatçılarından biridir. Afrika və Asiyanın onlarla kasıb ölkəsi taxıla olan tələbatını Ukraynadan aldığı və digər bazarlara nisbətən daha ucuz olan taxılla təmin edir. Rusiyanın işğalı nəticəsində Ukraynada 7 milyon ton buğda, 14 milyon ton qarğıdalı dəni, 3 milyon ton günəbaxan yağı, 3 milyon ton günəbaxan şrotu dünya bazarına çatdırılmayıb. Bu, dünya bazarında qiymətlərin kəskin yüksəlməsinə gətirib çıxarıb ki, nəticədə kasıb ölkələrin digər mənbələrdən taxıl alması imkanları bir neçə dəfə məhdudlaşıb.

 

Məlumat üçün bildirək ki, ərazisində müharibə gedən Ukraynada səpin mövsümü başa çatıb. Ölkənin rəsmi orqanlarının məlumatına əsasən, bu mövsüm üçün keçən mövsümdən 2,7 milyon hektar az - 14 milyon hektar ərazidə əkin-səpin işləri həyata keçirilib. Luqansk, Donetsk, Xerson, Xarkov və Zaporojye vilayətlərində əkin-səpin işləri demək olar ki, aparılmayıb.

Ukrayna məhsullarının bazar yolunun bağlanması nəticəsində baş verən bahalıqdan taxıl idxalından asılı olan bütün ölkələr təsirlənib. Belə ölkələrdən biri də Azərbaycandır. 2022-ci ilin yanvar-may aylarında Azərbaycan xaricdən 355 min 625 ton buğda idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu, ötən ilin eyni dövründəki idxaldan 36,6 min ton azdır - 2021-ci ilin 5 ayında buğda idxalımız 392,213 min ton təşkil etmişdi.

Həcm ifadəsindəki azalmaya baxmayaraq, buğda üçün xaricə ödədiyimiz pul kəskin artıb. Belə ki, 2021-ci ilin yanvar-mayında 392 min ton buğdaya 99,8 milyon dollar ödəmişdiksə, bu ilin eyni dövründə 355,6 min tona 124 milyon dollardan yuxarı vəsait ödənilib. Beləliklə, aydın olur ki, ötən il buğdanın 1 tonunu 254,4 dollara almışdıqsa, bu il 348,8 dollara almalı olmuşuq.

Ölkədə iyunun əvvəlindən etibarən taxıl biçininə start verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata əsasən bu il ölkədə 1 milyon 019 min 934 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 606 min 338 hektarını buğda, 413 min 596 hektarını isə arpa sahələri təşkil edir. Hazırda Azərbaycanın 38 rayonunda arpa biçini aparılır. Aran rayonlarında arpa biçininin optimal müddətdə başa çatacağı gözlənilir. İyunun ikinci ongünlüyündə isə bu bölgələrdə buğda biçininə start veriləcək.

 

İyunun 9-na olan operativ məlumata görə, biçin prosesinə 986 taxılbiçən kombayn cəlb olunub. Aktiv biçin prosesində “Aqroservis” ASC-nin yerli bölmələrinin 417, fiziki və hüquqi şəxslərin isə 569 kombaynı iştirak edir. “Aqroservis” ASC tərəfindən biçin gedən rayonlara hazırda biçin aparılmayan dağətəyi və dağlıq ərazilərdə yerləşən bölmələrdən əlavə kombaynlar dislokasiya olunub.

Qeyd edək ki, “Aqroservis” ASC-nin kombaynları sahəsi ilkin mərhələdə 50 hektaradək olan kiçik və orta təsərrüfatlarda biçin aparır. Biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir. Növbəlilik sistemi biçinə hazırlıq dövründə yerlərdə icra nümayəndələri və bələdiyyələr tərəfindən müəyyənləşdirilib, sistemə nəzarət isə dövlət aqrar inkişaf mərkəzləri tərəfindən həyata keçirilir.

Rayonların kombaynlara olan tələbatının əvvəldən müəyyən edilməsi, texnikaların biçindən əvvəl tələbata uyğun olaraq rayonlarda dislokasiya olunması, “Aqroservis” ASC tərəfindən sosial biçin siyasətinin həyata keçirilməsi (ilk növbədə 50 hektaradək sahələrdə biçin aparılacaq) ötən illərdə olduğu kimi bu il də biçin prosesində texnika ilə təminatda problem olmayacağını söyləməyə əsas verir.

Bu il Azərbaycanda buğda istehsalında müəyyən artım gözlənilsə də, onun daxili tələbatı tam təmin etməyə imkan verməyəcəyi məlumdur. Buna görə də Ukraynadan ixracın bərpa olunmaması halında payız aylarında dünya bazarında buğdanın daha 30 faizə qədər bahalaşması gözləntiləri ölkəmiz üçün də ciddi təhdidlər formalaşdırmaqdadır...