Cənubi Koreya ABŞ-ı geridə qoyaraq dünyada - ƏN ÇOX SİLAH SATAN ÖLKƏ OLDU

21 İyun 2026, 22:08
Cənubi Koreya ABŞ-ı geridə qoyaraq dünyada - ƏN ÇOX SİLAH SATAN ÖLKƏ OLDU
Cənubi Koreya ABŞ-ı geridə qoyaraq dünyada - ƏN ÇOX SİLAH SATAN ÖLKƏ OLDU

Dünyadakı müharibələr və silaha tələbat artdığı bir vaxtda Cənubi Koreya ABŞ-ı geridə qoyaraq Avropaya aparıcı silah tədarükçüsü olub.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ABŞ-ın İranla müharibə səbəbindən başqa ölkələrə silah satmağı dayandırması Cənubi Koreyanın silah şirkətəri üçün əlverişli şərait yaradıb. 

Xüsusilə ABŞ prezidenti Donald Trampın müttəfiqlərinin böhran dövründə Vaşinqtonun etibarlılığını şübhə altına almasına səbəb olan açıqlamalarından sonra bəzi ölkələr indiyədək ABŞ-dan alınan silahları Koreyadan almağa başlayıblar. 

"Politico" qeyd edir ki, bu səbəbdən avropalılar Cənubi Koreyadan aktiv şəkildə silah almağa başlayıblar. Analitiklərin proqnozlarına görə, ölkənin dörd aparıcı müdafiə şirkəti 2026-cı ildə təxminən 37 milyard dollar qazanacaq ki, bu da 2021-ci ildəkindən dörd dəfə çoxdur. Məsələn, təkcə Polşa tanklar, raket buraxıcıları, artilleriya və digər silahlar üçün 13,7 milyard dollarlıq müqavilə imzalayaraq Cənubi Koreya silahlarının ən böyük alıcısı olub.

«Cənubi Koreyanın dörd ən böyük müdafiə şirkətinin - Hanwha Group, Hyundai Rotem, LIG Nex1 və Korea Aerospace Industries - proqnozlaşdırılan birləşmiş gəliri 2026-cı ildə təxminən 37 milyard dollar təşkil edir ki, bu da 2021-ci illə müqayisədə təxminən dörd dəfə artım deməkdir»-deyə bildirilir.

Bildirilir ki, Rusiyanın 2022-ci ildə Ukrayaya hücumundan sonra Şərqi Avropa ölkələrinin əksəriyyəti öz silahlarını Ukraynaya bağışladılar və eyni zamanda belə hallardan qorunmaq üçün yeni silahlar almağa başlayıblar. 

Eyni zamanda Şimali Koreya ilə daim gərginlikdə olan Cənubi Koreya da ənənəvi olaraq bol silah istehsal edir və indi bu silahları satmaq üçün imkanlar yaranıb. 
Ekspertlər bildirir ki, digər ölkələrlə müqayisədə Cənubi Koreyadan silah almaq bir neçə cəhətdən sərfəlidir. 

Əvvəla koreyalılar silahı daha sürətlə çatdırırlar. Məşhur Koreya ifadəsi olan "tələs, tələs" mənasını verən «bbali-bbali» yanaşması burada öz təsirini göstərir. 

Eyni zamanda Cənubi Koreya şirkətləri məhsullarını müştərilərinin ehtiyaclarına uyğun olaraq fərdiləşdirmək istəkləri ilə də pərəstişkar qazanıblar. Məsələn, Misir hökuməti Cənubi Koreyanın «Hanwha Aerospace» şirkətinə qeyri-adi sifariş verib: «Qurudakı hədəfləri bombalamaq üçün hazırlanmış haubitsa dənizdəki hərəkət edən döyüş gəmilərini vurmaq üçün dəyişdirilə bilərmi?»

Bu, artilleriyadan istifadənin qeyri-ənənəvi bir yolu idi — Cənubi Koreyanın K9 özüyeriyən haubitsaları üçün bu cür modifikasiyalar heç vaxt edilməmişdi. Lakin bu, Misirə xüsusi gəmi əleyhinə raketlərin ehtiyatlarını saxlamaq ehtiyacını aradan qaldırmaqla çoxlu pul qazandıracaqdı.

«Hanva» şirkəti sifarişi götürür, modifikasiya edilmiş sistem sınaqdan uğurla keçir. Nəticədə Misir yeni sahil müdafiəsi seçimi, Seul isə daha bir güclü satış nöqtəsi qazanır. Misir 2022-ci ildə yüzlərlə belə qorğunu 1,7 milyard dollarlıq müqavilə ilə satın alıb. 

Nəhayət, Cənubi Koreyanın müdafiə şirkətindən silah almağın tez-tez nəzərdən qaçırılan üstünlüklərindən biri də onun siyasi yükünün olmamasıdır. Bəzi Avropa ölkələri Tramp administrasiyasını sevmir və ona görə də ondan silah almaq istəmir. Çin və Rusiyadan silah almağı ümumiyyətlə nəzərdən keçirmirlər, digər potensial satıcı olan  İsrailin isə nüfuzu Qəzzadakı müharibə ilə ləkələnib.

Cənubi Koreyaya gəlincə isə: «Heç kim «Niyə Koreyadan silah alırsınız?» deyə soruşmayacaq», - deyə London Kral Kollecində beynəlxalq münasibətlər professoru Ramon Paçeko Pardo bildirir.

Cənubi Koreyanın etibarlılığı onu siyasi cəhətdən qalib edir - xüsusən də tələbata uyğunlaşmaqda çətinlik çəkən və daşınmaları gecikdirən ABŞ ilə müqayisədə.