Bir müəllim, bir şagird, bir qələm və bir kitab bütün dünyanı dəyişə bilir

5 Oktyabr 2024, 11:31
Bir müəllim, bir şagird, bir qələm və bir kitab bütün dünyanı dəyişə bilir
Bir müəllim, bir şagird, bir qələm və bir kitab bütün dünyanı dəyişə bilir

 

Bu gün keçmişi öyrədən, gələcəyi quran müəllimlərin peşə bayramıdır. UNESCO-nun qərarı ilə 1966-cı ildən oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günü olaraq dünyanın əksər ölkələrində qeyd olunur. Bu günün qeyd edilməsində məqsəd cəmiyyətin inkişafında müəllimin rolunu vurğulamaq, müəllimlərin əməyinə diqqət çəkməkdir. Müstəqil Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Bu əlamətdar gün münasibətilə müəllimlərin işə qəbulu (MİQ) və sertifikasiya imtahanında yüksək nəticə göstərən Sumqayıt şəhər, Vaqif İbrahim adına 35 saylı orta məktəbin gənc ibtidai sinif müəllimi Fatimə Həşimova ilə söhbətləşdik.

– Fatimə xanım,niyə məhz müəllim peşəsini seçdiniz?

– Bəlkə də sıradan bir cavab olacaq. Amma mən artıq uşaqlıqdan müəllim olacağıma qərar vermişdim. Bibim müəllim idi, şagirdlərin ona sevgisini, onun şagirdlərə qayğısını gördükcə, artıq içimdə bu peşəyə qarşı məhəbbət yaranmışdı. Hələ məktəbə getmirdim, qonşu uşaqlarını ətrafıma toplayıb, onlara dərs keçir, müxtəlif tapşırıqlar hazırlayırdım. Məktəbə başlayanda da sevgi dolu, işini sevən peşəkar müəllimlərlə əhatə olunmuşdum, getdikcə bu peşəyə qarşı sevgim daha da artdı və başa düşdüm ki, mən ancaq bu peşədə xoşbəxt ola bilərəm. İnsan məşğul olduğu işi, seçdiyi peşəni mütləq sevməlidir. Yalnız bu halda uğur qazanmaq mümkündür. Düşünürəm həyatda verdiyim ən düzgün qərarlardan biridir müəllim olmaq.

 

Adətən hər bir müəllimin özünəməsxus tədris metodları olur. Sizin özünüzün fərqli bir dərs – tədris metodunuz varmı?

– Mən daha çox şagirdləri motivasiya edən, onları daha yaxşı mənada həyəcanlandıran bir mühit yaratmağı sevirəm. Dərs boyu gərginliyi aradan qaldırmaq üçün müxtəlif yarışmalar keçirirəm. Həm əylənib, həm də öyrənmək mümkündür. Müasir təhsilin trend və tendensiyalarını şagirdlərimlə birgə izləyirik. Darıxdırıcı dərs metodundan uzaq olmağa çalışıram. Rəqəmsal üsullardan istifadə etmək dərsləri daha interaktiv və maraqlı edir. Belə olduğu halda şagirdlərin yeni dərsi qavraması da çox rahat olur.

 

Zaman-zaman məktəblərdə baş verən proseslər, müəllim və şagirdlərlə bağlı müxtəlif neqativ görüntülər yayılır, əvvəlki təhsil sistemi ilə müqayisə aparılır, mənfi fikirlər səsləndirilir. Sizcə çoxmu dəyişib müəllim-şagird-valideyn münasibəti? 

 

– Müşahidələrimə əsasən deyə bilərəm ki, texnoloji əsrdə yaşamağımız cəmiyyətin bütün sahələrində olduğu kimi, təhsil sisteminə də təsirsiz ötüşməyib. Bunun həm mənfi, həm müsbət tərəfləri var. Sosial şəbəkələr, texnoloji yeniliyin yaratdığı üstünlüklər bu tip neqativ halların yayılmasına və pis tendensiyaya səbəb oldu. Düşünürəm ki, bu tip problemlərin aradan qaldırılmasının əsas yolu müəllim-valideyn-şagird münasibətlərini nizamlamaqdır. Hər kəs öz vəzifə və öhdəliklərini bildiyi, məsuliyyətli davrandığı halda bu problemlər çox asanlıqla çözülə bilər. Valideyn ən qiymətli varlığını – övladını müəllimə etibar edir. Peşəsini vicdanla yerinə yetirən müəllim də hər bir şagirdə fərd kimi baxmalı, tələbkarlığı ilə yanaşı, qayğıkeş, gülərüz, mehriban münasibət göstərməlidir. Şagird isə bunun müqabilində sadəcə müəllimə hörmət etməlidir. Çünki şagird-müəllim münasibətlərində ən başlıca amil qarşılıqlı hörmət və sevgidir. İnsan nəyisə sevməsə, onu ürəksiz etdiyi kimi, şagird də həm öyrəndiyini, həm də onu öyrədəni sevməlidir. Ona görə də öyrədən və öyrənən arasında qarşılıqlı hörmət və sevgi vacibdir.

 

Bir gənc müəllim – pedaqoq kimi müasir dövrün şagirdləri ilə işləyirsiniz. Şagirdlərinizdən gözləntiləriniz nələrdir?

– İlk olaraq əsas amalımız ölkəmizə gələcək üçün layiqli vətəndaş yetişdirməkdir. Önəmli olan bir şagirdin insani cəhətləridir. Daha sonra onun təhsili və mədəniyyətidir. Bunlarla bərabər onların vətənə, millətə sevgisi və məhəbbəti çox vacibdir. Hər şey ailədən və məktəbdən başladığı üçün biz mütləq bu məsələlərdə daim diqqətli olmalıyıq. Həm də müasir dövrün şagirdləri artıq qalib ölkənin vətəndaşlarıdır. Onlar özləri də bunu başa düşürlər. Bəzən onların davranışlarında, fikirlərində bu qalibiyyəti başa düşdüklərini açıq-aşkar görürəm. Daha cəsur, daha qorxmaz, daha iddialıdırlar. Və bu məni çox sevindirir.

 

– Sizin üçün özəl olan bu gündə özünüzə və həmkarlarınıza arzularınız nədir?

Dəyərli müəllimlərimizdən biri həmişə deyərdi ki, yaxşı müəllim ilk növbədə şagirdinin zövqünü oxşamalıdır, sonra beynini. Bütün həmkarlarımı təbrik edir və arzu edirəm ki, bütün müəllimlərimiz hər mənada şagirdlərinə nümunə olsunlar.