"Hesab edirəm ki, ölkədə borclanmanın kritik həddə endirilməsi müsbət addım deyil”.
Bu sözləri Valyuta.az-a İqtisadi və Sosial Araşdırmala Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli Azərbaycanın xarici borcunun azalma səbəblərindən danışarkən deyib.
İqtisadçı deyib ki, respublikada həm manatın məzənnəsinin sabit qalması, həm də valyuta ehtiyatlarımızın kifayət qədər olması, yəni 65 milyarda qədər çatması, kifayət qədər neft və qaz gəlirlərimizin olması və bu gün neftin büdcədə nəzərdə tutulan qiymətdən daha baha satılması, həmçinin diversifikasiya edilmiş iqtisadiyyat, qeyri-neft və qaz sektorundan gələn valyuta ölkə iqtisadiyyatının dayanıqlığını təmin edir:
"Sözsüz ki, bu baxımdan xarici borclanmaya getməyə ehtiyac yoxdur. 44 günlük müharibədə qələbəmizdən sonra Prezidentin dəfələrlə söylədiyi kimi, biz işğaldan azad olunmuş bölgələrimizi azad etmək üçün heç bir xarici maliyyədən istifadə etmirik və yalnız öz daxili imkanlarımız hesabına belə deyək də işğaldan azad olunmuş bölgələrimizi qururuq. Artıq 2020-ci ildən bu yana hər il ölkənin büdcəsində profisit müşahidə olunur. Bu profisit keçən il üç milyard, bu ilin altı ayının göstəricilərinə əsasən üç milyard olub və ilin sonuna qədər beş milyarda çatması gözlənilir. Bu da əlbəttə ki, ölkəmizin makroiqtisadi dayanıqlığının hesabına baş verir”.
"Dünya Bankı, Beynəlxalq Valyuta Fondu bu il ölkədən getmək qərarını verdilər və belə əsaslandırırlar ki, artıq Azərbaycanın maliyyə vəziyyəti tam sabitdir və hətta yüksələn xətlə inkişaf edir”, deyə Eyyub Kərimli əlavə edib.
Ekspert qeyd edib ki, Prezident tərəfindən qoyulan öhdəliklərdən biri də borclanmanın yalnız daxili borclanma ilə bağlı olmasıdır:
"Bu da əlbəttə ki, ölkənin investisiya mühitini daha da təkmilləşdirir. Həmçinin ölkədə daxili borclanma manatla olur. Bu gələcək məzənnə kataklizmlərin, ölkə borclanmasının qarşısını alır. Ümumiyyətlə biz xarici dövlətlərə də baxsaq, görərik ki, bəzilərinin ÜDM-in 30-50 faizinə qədər xarici borcları olur və bəzi ölkələr, hətta inkişaf etmiş ölkələrdə xarici borc ÜDM-dən 100-120 faiz artıqdır və bu baxımdan əlbəttə ki, bizim xarici borcumuzun enməsi müsbət nəticədir. Bu da dayanıqlı iqtisadi inkişaf haqqında fikir söyləməyə əsas verir”.
Qeyd edək ki, Maliyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanın xarici dövlət borcu 6,6 mlrd. dollara yaxınlaşır. Ötən ilin eyni dövrünə nisbətən xarici dövlət borcu 15,4% azalıb. Bunun 4 milyard 970,3 milyon manatı daxili borclanma ilə bağlıdır ki, bu da ÜDM-in 4,5 faizinə bərabərdir.
Daxili dövlət borcunun əsas hissəsi dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi və dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə buraxılmış dövlət istiqrazlarından ibarətdir. Hesabat dövrünə dövriyyədə olan dövlət istiqrazlarının 28,5 faizi 1 illik, 54,0 faizi 2 və 3 illik,17,5 faizi isə 5 və 7 illik dövlət istiqrazlarının payına düşür.
Hesabat dövründə Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləği 16 milyard 151,0 milyon manat və ya 2023-cü il üzrə proqnozlaşdırılan ÜDM-in 14,5 faizinə bərabər olub.