“Uçot dərəcəsinin endirilməsi inflyasiya səviyyəsinin azalması və bu meyillərin hədəf diapazonu daxilində formalaşması və təbii ki, makro-iqtisadi stabilliyin qorunması ilə bağlıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Mərkəzi Bankın uçot dərəcəsini azaltması ilə bağlı qərarını şərh edərkən bildirib.
“Mərkəzi Bank uçot dərəcəsinin 7,75 %-dən 7,5 %-ə, faiz dəhlizinin yuxarı həddinin 8,75 %-dən 8,5%-ə endirib və faiz dəhlizinin aşağı həddinin isə 6.25 % səviyyəsində dəyişməz saxlayıb.
2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsinin azaldılması ilə bağlı qərarlar qəbul edib. Noyabrın 2-də faiz dərəcəsini 9-dan 8,5 faizə endirən Mərkəz Bank ötən ilin son ayında da əlavə 0,5 faizlik azalmaya getmişdi”, - deputat xatırladıb.
V.Bayramovun sözlərinə görə, Mərkəzi Bankın son qərarında iki mühüm məsələ diqqəti çəkir. Bunlar faiz dəhlizinin aşağı həddinin dəyişdirilməməsi, həmçinin depozit və kredit faizlərinə təsirinin gücləndirilməsi istiqamətində islahatların davam etdirilməsidir:
“Faiz dəhlizinin aşağı həddini dəyişdirilməməklə Mərkəzi Bank öz notlarının optimal gəlirliyini qoruyub saxlamağa çalışır. Dünən də həmin notların son faiz dərəcəsi üzrə cüzi olsa da, artım qeydə alınıb. Bununla, baş bank qiymətli kağızlar bazarındakı mövqeyini gücləndirməyə və sektor iştirakçılarından daha çox vəsait cəlb etməyə çalışır. Bu ondan xəbər verir ki, Mərkəz Bank öz notlarının son faiz dərəcələri üzrə kəskin azalmalara getməyi hədəfləmir.
Kreditlərin ucuzlaşa bilməsi mümkünlüyünə gəldikdə isə, hələlik uçot dərəcəsinin bu faizlərə ciddi təsiri yoxdur. Etiraf etmək lazımdır ki, bu təsirlərin müşahidə olunması üçün müəyyən müddət lazımdır. Bu heç də Mərkəzi Bankın mövcud fəaliyyəti ilə bağlı deyil. Amma adətən digər ölkələrdə mərkəzi banklar uçot faiz dərəcəsini azaldan zaman depozit və eləcə də kredit faizlərində də enişlər müşahidə edilir. Azərbaycan Mərkəzi Bankının son dövrlər uçot faiz dərəcəsini azaltmasına rəğmən, əksinə depozit faizlərində artım müşahidə olunmaqdadır”.
“Əvvəllər 5-6 % dərəcəsi ilə depozit qəbul edən sistem əhəmiyyətli banklarda müddətindən asılı olaraq depozit faizləri 8-9,5 faiz arasında dəyişir. Depozit faizlərindəki artımlara “Bloomberq” platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin sayı və eləcə də onların ortaçəkili faiz dərəcəsi də təsirsiz ötüşməyib. Belə ki, Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini öz notları vasitəsilə cəlb edə bilib və bu da banklarda əlavə vəsaitlərə tələb yaradıb. Bununla belə, banklardan kənarda nağd pulun həcmi də kifayət qədər böyükdür. 15 milyard manatlıq M0 bankları daha aktiv kampaniyalara sövq edir. Bütün hallarda isə, Mərkəzi Bankın son qərarı kredit faizlərində ciddi dəyişikliyə səbəb olmayacaq”, - deyə iqtisadçı ekspert vurğulayıb.