Zelenski nazirləri niyə işdən çıxardı?

5 Sentyabr 2024, 8:31
Zelenski nazirləri niyə işdən çıxardı?
Zelenski nazirləri niyə işdən çıxardı?

Ukrayna Prezidenti Volodimir Zelenski nazirləri işdən çıxarmasının səbəblərindən bəhs edib.

“Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, o, bu barədə Kiyevdə İrlandiyanın baş naziri Saymon Harrislə mətbuata birgə bəyanatı zamanı danışıb.

“Bu gün Ukrayna Nazirlər Kabinetində vəzifədən azad edilmələr dövləti gücləndirmək üçün lazımdır. Mən artıq Nazirlər Kabinetinin, bir çox nazirliklərin yenilənməsi barədə danışmışam. Dörd il yarım, bəziləri isə beş il ərzində Ukrayna üçün və ukraynalılar naminə işləyən Nazirlər Kabinetinin bütün komandasına və nazirlərə çox minnətdaram”, - o bildirib.

Ukrayna Prezidentinin sözlərinə görə, bu gün ölkənin yeni enerjiyə ehtiyacı var.

“Bu addımlar dövlətimizin müxtəlif istiqamətlərdə güclənməsi ilə bağlıdır, beynəlxalq siyasət və diplomatiya da istisna deyil”, - Zelenski qeyd edib.

Eyni zamanda prezident əlavə edib ki, nazirlərin işdən çıxarıldıqdan sonra onların konkret olaraq nə ilə məşğul olacaqlarını hələ proqnozlaşdıra bilmir: “Bunun cavabı onlara bu və ya digər vəzifələr təklif olunanda bəlli olacaq”.