Uşaqlar bizim gələcəyimizdir

1 İyun 2024, 9:10
Uşaqlar bizim gələcəyimizdir
Uşaqlar bizim gələcəyimizdir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Sumqayıt şəhəri V.İbrahim adına 35 nömrəli tam orta məktəb də ənənəsinə sadiq qalaraq bu il də bayram günü münasibətilə müəllimləri,şagirdləri və valideynləri bir araya toplayıb. Tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb, sonra  torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nüşabə Həsənova gələcəyimiz olan uşaqların fiziki və mənəvi cəhətdən sağlam böyüməsinin, Azərbaycanda uşaqların müdafiəsinin dövlətimizin əsas prioritet istiqamətlərindən olduğunu bildirib: “Bu gün müstəqil Azərbaycanımızın övladları dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Azərbaycan Respublikasının Uşaq Siyasəti üzrə Dövlət Proqramında uşaqların həyat şəraitinin inkişafı, sağlamlığı, təhsili və gələcək məşğulluğu ilə bağlı tədbirlər öz əksini tapmışdır. Gələcəyimiz olan övladlarımzın savadlı, sağlam və xoşbəxt böyüməsi, rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca istiqamətlərindəndir. Məktəbimiz də dövlət siyasətinə sadiq qalaraq, uşaqlarımızın asudə vaxtlarını səmərəli və maraqlı keçirməsi, sağlam böyüməsi, təhsil və hüquqlarının qorunması  istiqamətlərində hər il xüsusi tədbirlər həyata keçirir”-deyən məktəb direktoru bayram münasibətilə uşaqları təbrik edib, onlara hər zaman sülh və əmin-amanlıq içərisində yaşamağı arzulayıb.

Tədbir şagirdlərin hazırladığı rəngarəng musiqi nömrələri, şeirlər, mahnılar, rəqslərlə davam edib.

Qeyd edək ki, 1950-ci ildən etibarən iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi, dünyanın 190-a yaxın ölkəsində, o cümlədən Azərbaycanda  qeyd olunur. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir.  Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may) və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.

Prezident İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il “Uşaq ili” elan olunub.

Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir.