2022-ci ildə Türkiyənin «Trendyol» ticarət platformmasında ən çox sifariş verən ölkə Azərbaycan olub.
FED.az xəbər verir ki, bu barədə «Trendyol» Qrupunun prezidenti Çağlayan Çetin bildirib.
Onun sözlərinə görə, ötən il Azərbaycan “Trendyol”a daxil edilən beynəlxalq sifarişlərə görə birinci yerdə qərarlaşıb. Bundan əlavə, 2022-ci ildə Azərbaycanda ən çox yüklənən proqram da «Trendyol» tətbiqi olub.
Xatırladaq ki, 2010-cu ildə qurulan “Trendyol” Türkiyənin aparıcı e-ticarət platforması və Avropanın ən böyük texnologiya şirkətlərindən biridir. Şirkət Türkiyənin R&D mərkəzləri, “Trendyol Tech”, “Trendyol Express”, “Trendyol Go”, “Dolap”, eləcə də Türkiyənin ən sürətli logistika və çatdırılma şəbəkələri daxil olmaqla bir çox şirkətləri ehtiva edir.
Bundan əlavə, trendyol.com/de (Alman müştəriləri üçün) və trendyol.com/en vasitəsilə “Trendyol” türk istehsalçılarını 27 Avropa ölkəsi ilə bir araya gətirir. “Trendyol”, həmçinin B2B modeli ilə partnyor platformaları vasitəsilə 90-dan çox ölkədəki müştərilərə çıxış əldə edir və yerli istehsalçılar üçün ümumilikdə 100-dən çox ölkəyə elektron ixrac imkanı yaradır. “Trendyol” müştərilərə birbaşa Azərbaycanda öz platforması vasitəsilə xidmət göstərəcək.