Trampın Maska qalmaqallı müsahibəsi - Nələr danışdılar?

13 Avqust 2024, 9:00
Trampın Maska qalmaqallı müsahibəsi - Nələr danışdılar?
Trampın Maska qalmaqallı müsahibəsi - Nələr danışdılar?

Keçmiş Amerika lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp amerikalı milyarder İlon Maska müsahibə verib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, müsahibənin yayımlanması planlaşdırılan “X” platformasında texniki problemlər baş verib.

Mask məsələ ilə bağlı açıqlamasında bildirib ki, problem DDOS hücumlarından (kiberhücum) qaynaqlanıb. Bununla da, müsahibə planlaşdırılan vaxtdan təxminən 45 dəqiqə gec yayımlanmağa başlayıb. Onların söhbəti keçmiş prezidentin iyulun 13-də Pensilvaniya ştatındakı mitinqində sui-qəsd cəhdindən necə sağ çıxdığını danışması ilə başlayıb.

Müsahibə əsnasında Tramp bir neçə mövzudan bəhs edib. O, ABŞ-nin vitse-prezidenti, seçki yarışında rəqibi Kamala Harrisin hazırkı prezident Co Baydendən daha bacarıqsız olduğunu bildirib. 

“Bayden bacarıqsızdır. Düzünü desəm, Harrisin ondan daha bacarıqsız olduğunu düşünürəm”, - deyə Tramp qeyd edib.

Siyasətçi həmçinin vurğulayıb ki, səriştəsiz Vaşinqton administrasiyası ucbatından Ukraynada və Qəzza zolağında münaqişələr baş verib.

O bildirib ki, belə münaqişələr ümumiyyətlə olmamalı idi.

“Bizim səriştəsiz hökumətimiz var. Səriştəsiz insanlar var ki, onlar ölkəni idarə etməməlidirlər”, - deyə keçmiş prezident bildirib.

Tramp ABŞ-də keçirilən seçkilərdə qalib gələcəyi təqdirdə Rusiya Prezidenti Vladimir Putinlə yenidən anlaşacağına ümid etdiyini bildirib.

Eks-prezident Ukrayna ilə Rusiya arasındakı müharibəyə də toxunaraq “Düşünürəm ki, 2020-ci il prezident seçkilərində qalib gəlsəydim, Ukraynadakı münaqişədən qaçmaq mümkün olardı”, - deyə bildirib.

Qeyd edək ki, son rəqəmlərə görə, iki saatdan çoxdur davam edən müsahibəni platformanın təxminən 1,3 milyon istifadəçisi dinləyib.

Xatırladaq ki, Tramp sosial media hesabında İlon Maska müsahibə verəcəyini bildirmişdi.