Ötənilki büdcənin detalları açıqlandı: rəqəmlər nə deyir?

26 May 2023, 13:31
Ötənilki büdcənin detalları açıqlandı: rəqəmlər nə deyir?
Ötənilki büdcənin detalları açıqlandı: rəqəmlər nə deyir?

 

 Vergi və gömrükdən büdcəyə köçürmələrin artmasında inflyasiya ciddi rol oynayıb

2022-ci ildə  Azərbaycanın dövlət büdcəsinə daxil olan və oradan xərclənən vəsaitlərin gəlir və xərc maddələri üzrə həcmi açıqlanıb. Milli Məclisə daxil olan sənəddən aydın olur ki, ötən il büdcənin gəlirləri 30 milyard 679,6 milyon manat, xərclər 32 milyard 64,5 milyon manat təşkil edib.

Büdcə gəlirlərinin 50,7 faizi Dövlət Vergi Xidmətinin xətti ilə, 18,4 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 25,8 faizi Dövlət Neft Fondundan köçürmənin, 5,1 faizi digər gəlirlər üzrə daxilolmaların payına düşüb.

Hesablama Palatasının 2022-ci ildə büdcənin icrasına dair rəyinə görə, hesabat dövründə vergitutma bazasını genişləndirən inflyasiya və iqtisadi artım sahibkarlıq subyektlərinin dövlət büdcəsinə hesablanmış real öhdəliklərinin əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artması ilə nəticələnib. Bu isə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə təmin edilməli gəlirlər üzrə proqnozun artıqlaması ilə icra edilməsini şərtləndirib.

Hesabat ilində həmçinin əvvəlki illə müqayisədə idxalın həcminin, o cümlədən idxal rüsumuna cəlb olunan idxalın artması və ƏDV üzrə azadolmaların idxalda xüsusi çəkisinin azalması, eləcə də depozit və tapşırıqlar hesabı üzrə qalıq məbləğlərinin (rəsmiləşdirilməsi tam başa çatdırılmış mallar üzrə) dövlət büdcəsinə köçürülməsi şəraitində Dövlət Gömrük Komitəsi xətti ilə təmin edilməli gəlirlər üzrə proqnoz artıqlaması ilə icra edilib.

Palata auditorlarının apardığı təhlillərlə müəyyən edilib ki, hesabat ilində əsas xarici ticarət tərəfdaşlarından “inflyasiya idxalı”nın artması şəraitində Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilən gömrük ödənişlərinin təxminən 17 faizə qədəri inflyasiyanın hesabına formalaşıb.

Ötən il ödəyicilərin vergi borclarının məbləği 2021-ci illə müqayisədə artıb. Bu zaman dövlət mülkiyyətində olan vergi ödəyicilərinin borcları ümumilikdə 6,7 milyon manat azalsa da, Dövlət Neft Şirkətinin borcu 2021-ci ilə nisbətən 21,6 milyon manat və ya 34,8 faiz artmaqla (76,9 milyon manatı və ya 92 faizi “Azneft” İstehsalat Birliyi üzrə) 83,6 milyon manata çatıb. Xüsusi mülkiyyətdə olan vergi ödəyicilərindən hüquqi şəxslərin borcları 122,2 milyon manat və ya 10,2 faiz artaraq 1 milyard 324,7 milyon manat, sahibkarlıqla məşğul olan fiziki şəxslərin borcları isə 375,8 milyon manat və ya 2,6 dəfə artaraq 606,9 milyon manat təşkil edib. 2021-ci ildə olduğu kimi, 2022-ci ildə də dövlət büdcəsinə olan borcların artması əsasən qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən xüsusi mülkiyyət mənsubiyyətinə aid edilən vergi ödəyiciləri üzrə olub.

2022-ci ildə dövlət mülkiyyətində olan vergi ödəyicilərinin fiziki şəxslərin gəlir vergisi (əmək haqqından ödənilən vergi- red.) üzrə daxilolmalarının real hesablamaya nisbətən icrası 93,9 faiz olub.  Lakin “Azərbaycan Hava Yolları” QSC üzrə icra cəmi 10,8 faiz təşkil edib. Ən yüksək icra faizi 109,8 faiz olmaqla “Bakı Metropoliteni” QSC-də qeydə alınıb.

Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə müəyyən edilmiş 5 milyard 290 milyon manat proqnoz 3 milyard 232,5 milyon manat və ya 61,1 faiz çox olmaqla 8 milyard 522,5 milyon manat məbləğində icra edilib. Bu, 2021-ci illə illə müqayisədə 5 milyard 564,1 milyon manat və ya 2,9 dəfə çoxdur.

2022-ci ilin dövlət büdcəsində səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar 106,5 milyon manat proqnoza qarşı 130,7 milyon manat icra edilib. Bunun 120 milyon 458,8 min manatını Beynəlxalq Bank ödəyib. “Azər-Türk Bank” ASC 2021-ci maliyyə ilini 554,0 min manat mənfəətlə başa vurmasına baxmayaraq, həmin məbləğ Bankın kapital mövqeyinin və maliyyə dayanıqlılığının qorunması adı ilə divident kimi səhmdarlara ödənilməyib və bankın kapital hesablarına aid edilib. “Aqrarkredit” QSC BoKT isə 200 min manat proqnoza qarşı 198 min manat ödəyib.

Palata qeyd edir ki, dövlət büdcəsinin icrası prosesində aparılmış dəyişikliklər 2022-ci ildə də dövlət büdcəsinin təsdiq edilmiş məbləğlərinin (xərclərin funksional təsnifatı üzrə) dəyişdirilməsinə və nəticədə icra vəziyyətinə təsir edib: “Yerdəyişmələrə dair təqdim edilmiş məlumatların təhlili göstərir ki, funksional təsnifatın bütün bölmələri üzrə dəyişikliklər həyata keçirilib, bəzi bölmələr üzrə isə dəyişiklik məbləğinin təsdiq edilmiş dövlət büdcəsinin göstəricilərinə nisbəti daha əhəmiyyətli olub. Hesabat ilində xərclərin təyinatı üzrə dəyişiklik edilmiş məbləğlərin funksional təsnifatın bölmələri üzrə təsdiq edilmiş məbləğlərə nisbəti azalmalar üzrə 1,2 -24,2 faiz, artımlar üzrə isə 0,01-92,4 faiz aralığında dəyişmişdir. İl ərzində edilmiş dəyişikliklərdən sonra funksional təsnifatın 11 bölməsi üzrə təsdiq edilmiş xərclərin məbləği 1 milyard 338,7 milyon manat azaldılıb, 1 bölmə üzrə isə eyni məbləğdə artırılıb.

Həyata keçirilmiş dəyişikliklərin təhlili göstərir ki, hesabat ilində icra prosesində xərclərdə aparılmış yerdəyişmələrdə “Sair xərclər” və “İstehlakyönlü müxtəlif xidmətlər” xərc maddələri üzrə yerdəyişmələrin payı nəzərəçarpacaq olub. 2022-ci ilin dövlət büdcəsində “Sair xərclər” xərc maddəsi üzrə 1 milyard 705,8 milyon manat artma, 630,9 milyon manat isə azalma olub, “İstehlakyönlü müxtəlif xidmətlər” xərc maddəsi üzrə isə 246,1 milyon manat artma, 991,7 milyon manat azalma olub".

Maliyyə naziri Samir Şərifovun verdiyi məlumata görə, ötən il işğaldan azad olunan ərazilərin bərpasına büdcədən 2 milyard 670 milyon manat ayrılması nəzərdə tutulsa da, yekunda müxtəlif xərc istiqamətləri üzrə edilən “qənaət” hesabına 4 milyard 315 milyon manat xərclənib. Bu zaman ən çox “qənaət” səhiyyə, kənd təsərrüfatı, mədəniyyət və sair üzrə olub.

Dövlət büdcəsinin icrası barədə təqdim edilmiş məlumatlardan aydın olur ki, dövlət əsaslı vəsait qoyuluşu maddəsi üzrə illik məbləğin 47,9 faizi sonuncu rübdə xərclənib. Belə ki, il ərzində bu xərc maddəsi üzrə 3 milyard 280,4 milyon manat xərcləndiyi halda, 4-cü rüb üzrə bu məbləğ 1 milyard 571,1 milyon manat, o cümlədən dekabr ayı üzrə 918,4 milyon manat, yəni illik icranın 28 faizini təşkil edib. Bu zaman layihələr üzrə xarici kreditlər istisna olmaqla dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) 49,5 faizi, xarici kreditor qurumlarla birgə maliyyələşmə əsasında həyata keçirilən layihələr üzrə kreditlərin 28,7 faizi 4-cü rübdə istifadə edilib.

Ötən il “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxsə ayrılması nəzərdə tutulan 163 milyon manat ayrılmayıb. Əvəzində Sahibkarlığın İnkişafı Fonduna nəzərdə tutulmadığı halda 120 milyon manat, Azərbaycan İnvestisiya Şirkətinə isə 43 milyon manat yönəldilib.

Dövlət əsaslı vəsait qoyuluşu xərc maddəsi üzrə artırılan vəsait əsasən infrastruktur layihələrinin icrasına yönəldilib. Hesabat ilində xarici kreditor qurumlarla birgə maliyyələşmə əsasında həyata keçirilən layihələr də nəzərə alınmaqla infrastruktur layihələrinin icrasına 881,0 milyon manat çox, sosial təyinatlı layihələrin icrasına 184,2 milyon manat az vəsait xərclənib. Nəticədə infrastruktur layihələrinin icrasına istifadə olunmuş vəsaitin dövlət əsaslı vəsait qoyuluşu xərclərində xüsusi çəkisi 76,2 faiz təşkil edib.

2022-ci ildə həm cari, həm də əsaslı xərclərin icra məbləğləri proqnozla müqayisədə əhəmiyyətli fərqlənib. Belə ki, yenidən baxılan məbləğlə müqayisədə cari xərclərin 2 milyard 507,5 milyon manat az icra olunması fonunda icra edilmiş əsaslı xərclər proqnozu 2 milyard 268,3 milyon manat üstələyib.

Hesabat ilində büdcədən 95 istiqamətdə ümumilikdə 1 milyard 401,7 milyon manat subsidiya ayrılıb: “Təhlillər göstərir ki, bəzi hallarda yönəldilmiş subsidiya məbləğləri istifadəsiz saxlanılır. Məsələn, dövlət büdcəsinin icrası barədə məlumatlarda "Hüquqi şəxslərə digər subsidiyalar" paraqrafından “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə fəaliyyətinin təmin edilməsi üçün 89,5 milyon manat məbləğində vəsait ayrıldığı və tam məbləğdə icra olunduğu göstərilib. Qurumdan təqdim edilmiş məlumatlara əsasən isə hesabat ilində faktiki olaraq 63,1 milyon manat məbləğində vəsait xərclənib və 2022-ci ilin sonuna 26,4 milyon manat Səhmdar Cəmiyyətin bank hesabında qalıb. Ümumiyyətlə, Hesablama Palatası tərəfindən bir çox dövlət müəssisələrində aparılan kənar dövlət maliyyə nəzarəti tədbirləri dövlət büdcəsindən ayrılan subsidiyaların bir çox hallarda qənaətlə xərclənmədiyini, bu vəsaitin cari məqsədlər üçün ayrılmalı olduğu halda, bəzi hallarda birbaşa və yaxud dolayı yolla investisiya fəaliyyəti ilə əlaqədar xərc istiqamətlərinə (əsaslı təmir, tikinti və s.), kreditlərin ödənilməsinə və s. yönəldildiyini göstərir. Beləliklə, həm analitik təhlillər, həm də kənar dövlət maliyyə nəzarəti tədbirləri subsidiyaların verilməsi mexanizmini tənzimləyən aydın meyarların və konkret qaydaların olmasının vacibliyini ön plana çəkir".

2022-ci ildə büdcə təşkilatlarının iş və xidmətlərin göstərilməsindən, məhsul satışından və digər fəaliyyətindən əldə etdikləri gəlirlərdən formalaşan büdcədənkənar vəsaitlər üzrə xərcləri (büdcədənkənar xərclər) təsdiq edilmiş smetanın 90,4 faizini təşkil edərək 753,7 milyon manat məbləğində icra edilib ki, bu da 2021-ci illə müqayisədə 147,7 milyon manat və yaxud 24,4 faiz çoxdur. Bu zaman əvvəlki illərdən fərqli olaraq, 2022-ci ildə icra edilmiş büdcədənkənar xərclərdə ən yüksək xüsusi çəkiyə 40,6 faizlə (306.2 milyon manat) “Qeyri-maliyyə aktivləri” bölməsi sahib olub. Ötən ilə qədər büdcədənkənar xərclərin ən böyük hissəsi əməyin ödənişi xərclərinə yönəldilirdi. Belə ki, 2021-ci ildə əməyin ödənişi xərcləri büdcədənkənar xərclərin 58,4 faizini təşkil edirdisə, 2022-ci ildə bu göstərici (305,2 milyon manat) 40,5 faizə bərabər olub.