Azərbaycanda gələn ildən nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə nağdsız ödənilən əlavə dəyər vergisinin (ƏDV) 17,5%-nin geri qaytarılması nəzərdə tutulur.
Bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb. Dəyişikliyə əsasən, nağdsız əməliyyatlara görə ƏDV-nin geri ödənilən hissəsi 15%-dən 17,5%-ə qaldırılır, nağd əməliyyatlara görə ƏDV-nin geri ödənilən hissəsi isə 10%-dən 5%-ə endirilir.
Bu dəyişiklik özündə nəyi ehtiva edir?
Yeni qaydalar xarici elektron ticarət vasitəsilə alınan mallara da şamil ediləcəkmi?
İqtisadçı-ekspert Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu, çox müsbət bir hadisədir: “ƏDV-nin geri ödənilməsi prosesinə ötən illərdən start verilib. Artıq bu, öz müsbət nəticələrini göstərib. Belə ki, artıq nağdsız ödənişlərin dövriyyəsi ötən illə müqayisədə iki dəfədən çox artıb. Bu il nağdsız ödənişlərin dövriyyəsi iki milyard 240 milyonu keçib və bunun demək olar ki, 40 faizi daxili ticarətin nağdsız ödənişlərinin payına düşüb. Bunu etməkdə məqsəd o idi ki, nağd ödənişlərin faizi ümumi ödənişlərdə azalsın və ya insanlar daha çox nağdsız ödənişləri həyata keçirməkdə maraqlı olsunlar. Əvvəllər nağdsız ödənişlərdə ƏDV-nin geri qayıdan hissəsi 15 faiz idi. Hazırda bu, iki faiz artırılaraq 17 faiz yarım olub. Bunun əsasında hesab edirəm ki, insanlar mağazalarda və yerli ticarət mərkəzlərində nağdsız ödənişlərə daha çox üstünlük verəcəklər. Belə ki, ötən il 305 milyon manat ƏDV geriyə qayıtmışdı, yəni insanlara geri dövr edilmişdi. İnsanlar daha da həvəslənib nağdsız ödənişləri həyata keçirirdi”.