KARAT DA ZƏRƏRLƏ İŞLƏYİB

14 İyun 2022, 14:35
KARAT DA ZƏRƏRLƏ İŞLƏYİB
KARAT DA ZƏRƏRLƏ İŞLƏYİB

Holdinq 1,37 mln. AZN zərər etdiyi haqda açıqlama verib

Ötən həftə Hesablama Platasının açıqlamalarından iri dövlət vergi ödəyicilərinin ili zərərələ başa vurduqları məlum oldu.  2021-ci ildə  ARDNF-nin 215,1 mln. AZN, “Azərenerji” ASC-nin 101,2 mln. AZN, “Azərbaycan Hava Yolları” QSC-nin 34,8 mln. AZN, “Azərişıq” ASC-nin 22,5 mln. AZN və “Aqrarkredit” QSC-nin 120  mln. AZN məbləğindəki öhdəlikləri Təminat Fondunun vəsaiti hesabına icra olunub. Karat Holdinqin dərc etdiyi hesabatdan məlum olur ki, yalnız inhisarçı mövqeyə malik olan dövlət qurumları deyil, inhisarçı mövqeyə yaxın olan özəl iri qurumlar da “mənfi” mənfətlə çalışır.

Ölkədə buğda idxalı və un istehsalı üzrə xüsusi mövqeyə mali olan Karat Holdinq MMC Respublika qəzetinin 8 İyun 2022-ci tarixli sayında  ötən il üzrə öz mühasibat balansını dərc edib.

Hesabata əsasən 2021-ci ildə onun satışı 75,9 mln.AZN təşkil edib ki, bu da bundan əvvəlki illə müqayisədə 5,6  mln.AZN azdır. Qeyd edək ki, adıçəkilən Holdinqin 2020-ci ildə satışı 82,5 mln.AZN təşkil edib.

Hesabata əsasən Holdinq qısamüddətli debitor borcları əvvəlki illə müqayisədə 13,3 mln.AZN azalıb. Belə ki, bu göstərici 2022-ci ilin yekunlarına görə 31,2 mln.AZN təşkil edib. Amma kreditor borcları 2020-ci illə müqayisədə təxminən 5 mln.AZN  artaraq 78,7 mln.AZN təşkil edib. Holdinqin kapital ehtiyatları və  digər əməliyyat xərcləri demək olar ki, 2020-ci illə müqayisədə dəyişməyib. Hesabat dövründə adıçəkilən holdinq ili 1.37 AZN mln.zərərlə  başa vurub. Qeyd edək ki, o, 2020-ci ildə təxminən  4,3 mln. AZN xalis mənfəət əldə etmişdi.

Məlum olduğu kimi 2020-ci ildə 2021-ci illə müqayisədə sərt keçib. 2021-ci ildə karantin şərtləri xeyli yumşaldılıb. Qısa desək biznes üçün 2021-ci il, əvvəlki illə müqayisədə daha uğurlu olub. Ona görə də, Karatın 2021-ci ili ziyanla başa vurması maraq doğurur.

Kommersiya qurumlarının dövlət reyestri məlumatına görə Karat Holdinq 2004-cü ildə yaradılıb. Amma az.wikipedia.org –da Əsabil Qasımov 1995-ci ildən bu şirkətə rəhbərlik etdiyi qeyd edilir. Əsabil Qasımov 2010 və 2015-ci ildə seçkilərdə iştirak edib və 10 il MM-in üzvü olub.  Əsabil Qasımov 2020-ci ildə Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə iştirak etməyib.

Karat Holdinqin də, 2020-ci ildən sonra zərər etməsi, Əsabil Qasımovun deputat olmadığı dövrdən sonraya təsadüf edir. Karatın 2021-ci ili ziyanla başa vurmasında Əsabil Qasımovun mövqelərinin zəifləməsi də rol oynaya bilər. Hesabatla bağlı daha bir maraqlı məqam, auditorun onu imzaladıqdan sonra təxminən 3 ay sonra dərc edilməsidir. Ən təəccüblüsü isə, ölkənin ən nəhəng çoxprofilli holdinqlərindən biri olan Karat-ın veb səhifəsinin olmamasıdır.

Modern.az  saytının verdiyi məlumata görə "Karat Holding"ə tikinti, qida, sənaye, turizm və ticarət sahəsində ixtisaslaşmış - "Karat" MTK, "İdeal" MMC, "İzmir" MMC (tikinti şirkətləri); "Azinvest" Tikinti Şirkəti; "Everest-M", "Şin Servis" (armatur alğı-satqısı); "Karmen" MMC (dəyirman və un alğı-satqısı); Hökməlidə Makaron Fabriki,  Hökməlidə Kisə Fabriki; ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq Fabrikləri), Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə,  Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); Gəncə Fatoğlu (un dəyirmanı); Bakı şəhəri Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki "Marina Plaza" oteli;  Zərifə Əliyeva küçəsində ikimərtəbəli restoran; Bakı şəhəri Səməd Vurğun küçəsində "Ağ Saray" Binası; Bakı şəhəri Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi  16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi 61-də yerləşən "Premium Market" daxildir.