Gələn ildən pensiyalar nə qədər artacaq?

28 Sentyabr 2022, 21:13
Gələn ildən pensiyalar nə qədər artacaq?
Gələn ildən pensiyalar nə qədər artacaq?

 

“Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən düzəlişləri müzakirə etdik. Yeni təkliflər iki mühüm istiqaməti əhatə edir: maddi yardımların pensiyaların tərkibinə daxil edilməsi və qulluq əlavəsi alan şəxslərin pensiyasının gələn ilin yanvarın 1-dən indeksasiya olunmasıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur: “Qanunvericilik əvvəlki illərdə bütün əmək pensiyalarının indeksasiyasını nəzərdə tutmadığı üçün belə dəyişikliklərə ehtiyac var idi.  Digər tərəfdən, pensiyaları indeksasiyaya cəlb olunmayan şəxslərin əməkhaqqıları isə 3-5 ildən bir artırılırdı ki, nəticədə qulluq əlavəsi alan şəxslərin pensiyasında artımlar hiss olunmurdu. Onların pensiyaları indeksasiya olunmadığı üçün bu, həmin vətəndaşlarımızın bu imkandan da faydalanmasına imkan vermirdi. Yeni dəyişikliklər qəbul olunandan sonra həmin vətəndaşlarımız bu hüquqdan istifadə edə biləcəklər. Məsələn, 2001-2011-ci illərdə on illik indeksasiya faizi 98.0 olub. Bu müddətdə dövlət qulluqçusunun pensiyasında 69.0, hakimlərdə 25, hərbi qulluqçularda 59, xüsusi rütbəlilərdə 81, ədliyyə işçilərində 69 faiz artım qeydə alınıb. Göründüyü kimi, əgər həmin vətəndaşlarımız da bu müddətdə vahid indeksasiya sistemindən istifadə etsəydilər, pensiya məbləğlərində daha çox artım qeydə alınardı. Yeni dəyişikliklər məhz həmin vətəndaşlarımıza bu imkandan faydalanmağa şərait yaradacaq. Bu baxımdan, yeni dəyişikliklər ilə qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərin pensiyası əvvəlki metoda nisbətən indi daha çox artacaq, onların sosial rifahına müsbət təsir göstərəcək”