Son zamanlar karyerasının sonuna az qalmış futbol ulduzları böyük pullar qarşılığında Səudiyyə Ərəbistanına üz tutur. Asiya qitəsinə ilk olaraq “Mançester Yunayted”lə uzun müddət problemlər yaşayan superulduz Kriştianu Ronaldo yollandı. Portuqaliyalı forvard illik 240 milyon avro maaşla “Əl Nəsr” klubuna keçid etdi.
Elə həmin vaxt Avropa mediası ulduzların Səudiyyə Ərəbistan çempionatına yollanacağı barədə siqnallar verirdi. 2022/2023-cü il mövsümü başa çatdıqdan sonra isə həm iddialar, həm də real keçidlər başladı.Madrid “Real”ında uğurlu karyera yaşayan və növbəti mövsüm də qolları sıralayacağı gözləyən Kərim Benzema Avropa karyerasına vida etdi. Son 15 ildə Ronaldo Messi mübarizəsində “Qızıl top”u qazana bilən fransalı ulduz “Əl İtthad” klubu ilə rəsmi müqaviləyə imza atdı. O, illik 100 milyon avro maaşla 2 mövsümlük sözləşməyə razılaşdı.
Dövlət tərəfindən maliyyələşdirilən “Əl İttihad” ulduzlardan ibarət komanda yaratmaq həmləsini davam etdirir. Bu dəfə hədəf “Çelsi”nin əsas üzvlərindən sayıla Nqolo Kantedir. Fransalı yarımmüdafiəçi də Benzema kimi illik 100 milyonluq avro maaşla Ciddə şəhərinin təmsilçisində oynamağa razılıq verib.
Lakin ərəblər nisbətən yaşı çox olan futbolçularla kifayətlənmək niyyətində deyil. Belə ki, Ronaldonun lideri olduğu “Əl Nəsr” İngiltərə Premyer Liqası təmsilçisi “Kristal Palas”dan Vilfred Zahanı heyətinə qatmaq üçün çalışır. Artıq tərəflər arasında razılıq də əldə olunub.
“Əl İttihad” isə Benzema və Nqolo Kantenin ardınca son mövsümdə müqavilə ilə “Vulverhempton” klubuna məxsus olan və “Barselona”da çıxış edən Adama Traoreni transfer etmək üçün çalışmalara başlayıb. 27 yaşlı forvarda illik 50 milyon avro maaş təklif edilib. Katalon klubunda o qədər də uğurlu olmayan forvardın bu təklifdən imtina edəcəyi inandırıcı görünmür.
.jpg)
“Əl Hilal” və “Əl Əhli” klubları da dövlətin maliyyə yardımından sonra boş dayanmayıb. Birincilər PSJ-dən ayrılan superulduz Lionel Messinin heyətinə qatmaq üçün çalışır. Onlar ilkin olaraq argentinalı futbolçuya illik 400 milyon avro maaş təklif ediblər. “Barselona”ya qayıtmaq istəyən Leo isə hələlik gözləmək mövqeyindədir. Amma ərəblər Messi üçün məbləği daha da yüksəltmək qərarına gəliblər. Onlar dünya çempionuna 600 milyon avro təklif ediblər.

“Əl Əhli” isə Çempionlar Liqası finalından sonra “Mançester Siti”dən ayrılaca və “Barselona”ya keçəcəyi gözlənilən İlkay Gündoğanı heyətinə qatmaq üçün çalışır. Onlar Almaniya millisinin türkiyəli ulduzuna illik 100 milyon avro maaş verəcəklərini deyiblər.
Amma ərəblərin Avropadan oğramaq istədiyi ulduzların sayı bununla bitmir. Bir çox ulduzların da adı Səudiyyə Ərəbistanı klubları ilə hallanır.
.jpg)
Keçmişə nəzər salsaq, Asiya qitəsində bir neçə il öncə daha bir ölkə - Çinin klubları ulduz futbolçuları böyük məbləğlər qarşılığında heyətinə qatırdı. Lakin bir müddət sonra o klubların əksəriyyəti maliyyə problemləri ilə üz-üzə qaldı.
Bunlara baxayaraq futbolun Avropadan Ərəbistan yarımadasına böyük köçü başlayıb. Hələlik ulduz futbolçular oraya yollanmağa davam edir.